Reallaşan ideyalar:  Suverenliyin bərpası...

post-img

“Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur”.

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

 

Suverenlik – müstəqil dövlətə məxsus əlamətdir

Suverenlik (almanca Souveranitat; frannsızca Souverainete – ali hakimiyyət) beynəlxalq hüququn əsas subyekti kimi dövlətə məxsusdur. Suverenlik dövlətin öz ərazisi üzərində hakimiyyətinin aliliyində və beynəlxalq münasibətlərdə müstəqilliyində təzahür edir. 

Həmin prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndində “Təşkilat bütün üzvlərin suveren bərabərliyi prinsipi əsasında yaradılmışdır” kimi ifadəsini tapmışdır.

Helsinki Yekun Aktında Dövlətlərin suveren bərabərlik prinsipi bir qədər də inkişaf etdirilmişdir: “İştirakçı dövlətlər bir-birinin suveren bərabərliyinə və özünəməxsusluğuna, həmçinin onların suverenliyindən doğan və onun ehtiva etdiyi bütün hüquqlar, xüsusən hər bir dövlətin hüquqi bərabərliyə, ərazi bütövlüyünə, azadlığa və siyasi müstəqilliyə olan hüququna hörmət bəsləyəcəklər. Onlar həmçinin bir-birinin siyasi, sosial, iqtisadi və mədəni sistemlərini sərbəst seçmək və inkişaf etdirmək, eynilə də öz qanunlarını və inzibati qaydalarını yaratmaq hüququna hörmət edəcəklər”.

Dövlət suveren hüquq və azadlıqların daşıyıcısı kimi ölkə daxilində əhali və onun birlikləri üzərində ali hakimiyyətini formalaşdırır və həyata keçirir, xaricdə isə dövlət suverenliyinin xarici tərəfinə xas olan “sülh, digər dövlətlərlə beynəlxalq ünsiyyət və əməkdaşlıq” hüququnu, “heç bir ayrı-seçkiliyə yol verilmədən universal beynəlxalq müqavilələrdə iştirak” hüququnu, “beynəlxalq təşkilatlarda tam hüquqlu üzv kimi iştirak” hüququnu, “neytrallıq” hüququnu və s. həyata keçirir.

Dövlət suverenliyinin ölkə daxilində özünün hakimiyyəti, ölkə xaricində isə müstəqilliyi ilə realizə olunan dövlətin aliliyinin tam təmini və realizəsi üçün real şərtlər yaradır. Başqa sözlə, dövlət suverenliyinin praktiki realizə dərəcəsi dövlət hakimiyyətinin real təmini, dövlət hakimiyyətinin tamlığı və reallığı  səviyyəsindən birbaşa asılıdır. Dövlət hakimiyyətinin tamlığı və reallığı  nə qədər yüksəkdirsə, dövlət suverenliyinin həyata keçirilməsi üçün  real imkanların səviyyəsi də bir o qədər yüksək olur və ya əksinə. 

Xalq və ya dövlətin suveren kimi tanınması o deməkdir ki, onların üzərində heç bir ali hakimiyyət mövcud deyildir, onlar özləri digərlərinə münasibətdə ali hakimiyyətə malikdirlər, yəni məhz onlar hakimiyyətlərini həyata keçirmələrinin məzmun, forma və metodlarını, həmçinin suveren hüquqlarının həyata keçirilməsinin həvalə olunduğu orqanların səlahiyyət hədlərini müəyyən edirlər.

Suverenlik ancaq onun daşıyıcısının səlahiyyətləndirdiyi orqanları hüquqlarla təmin edə bilməsini ifadə edir. Çox vaxt bu cür orqanlar kimi dövlət qurumları çıxış edir. Həmin orqanlar məhz suveren tərəfindən hüquqlarla, o cümlədən hüquq normalarını qəbul etməklə səlahiyyətləndirilir və hüquq normalarının təcrübədə həyata keçirilməsinə görə həmin orqanların cavabdehliyi müəyyən edilir. Beləliklə, suverenlik – xalq və ya dövlətin xüsusiyyətidir.

Hər bir dövlət başqa dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya vahidliyinə qarşı yönəlmiş, özündə zorakılıq və zorakılığın tətbiqi təhlükəsini daşıyan, BMT Nizamnaməsinin məqsəd və prinsipləri ilə bir araya sığmayan hər hansı bir hərəkətdən çəkinməlidir. 

Beynəlxalq birlik həmçinin müəyyən edir ki, heç kəs suveren dövlətin işlərinə müdaxilə etməməlidir. Dövlətin öz qərarlarını hazırlamaq və həyata keçirmək prosesinə yolverilməz müdaxilədən azadlığı həqiqi dövlət suverenliyinin mühüm şərtidi. 

Müstəqil dövlətin siyasi-hüquqi cəhətdən asılı olmaması beynəlxalq hüququn ilkin subyekti kimi ali məsuliyyət və dəyərini təcəssüm etdirən, dövlət hakimiyyətinin müstəsna üstünlüyü üçün  zəruri olan və başqa dövlətin hakimiyyətinə tabe olmamağı nəzərdə tutan, müstəqil dövlətlərin hüquq bərabərliyi ilə şərtlənən və müasir beynəlxalq hüququn əsasını təşkil edən, özgəninkiləşdirilməyən hüquqi keyfiyyətidir.

Dövlət suverenliyi dövlətə məxsus olan öz ərazisi üzərində üstünlük və beynəlxalq münasibətlərdə müstəqillik kimi başa düşülür. Bu suverenlik ölkə daxilində dövlət hakimiyyətinin üstünlüyü, dövlət xaricində isə başqa dövlət və digər qurumlardan asılı olmamaqda ifadə olunur.

Dövlət hakimiyyətinin üstünlüyü dövlət hakimiyyətinin müstəqil olaraq cəmiyyətin bütün üzvləri üçün ümumməcburi davranış qaydalarını qəbul etməsi, vahid hüquq qaydasını müəyyən və təmin etməsi, vətəndaşların, vəzifəli şəxslərin, dövlət, partiya, ictimai orqanlar və təşkilatların hüquq və vəzifələrini müəyyən etməsində özünü təcəssüm etdirir.

Üstünlük, müstəqillik dövlət hakimiyyətinin suveren xüsusiyyəti kimi onun siyasi-hüquqi mahiyyətini əks etdirir və dövlətin fəaliyyətinin daxili və xarici siyasi formalarında meydana çıxır. Suverenlik özündə dövlətin keyfiyyət əlamətlərini əks  etdirir və onun hüquqi-siyasi mahiyyətini xarakterizə edir. Mahiyyət etibarilə üstünlük cəmiyyətdə vahid hüquq qaydasını, dövlət orqanları və ictimai təşkilatların hüquq qabiliyyətliyini müəyyən etmək səlahiyyətindən, vəzifəli şəxs və vətəndaşlara hüquq və vəzifələr təqdim etməkdən ibarətdir. 

Suverenlikdə dövlət özünün siyasi və hökmran dairələrinin tam hakimiyyətliliyində əks olunan hüquqi ifadəsini tapır. Onda, həmçinin dövlətin başqa dövlətlərdən asılı olmayaraq daxili və xarici siyasətini formalaşdırmaq və həyata keçirmək qabiliyyəti də təcəssüm edir.

Ermənistanın təcavüzkar hərəkətləri nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin 30 il müddətində işğal altında saxlanılması Azərbaycan Respublikasının suverenliyinin pozulmasını təşkil edirdi. 

İşıq yolu həqiqətləri 

Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi dövrdə Azərbaycan Respublikası daxili çəkişmələr səbəbindən vətəndaş müharibəsi astanasında idi. Bu həm də müxtəlif bölgələrdə ayrı-ayrı şəxslərə tabe olan silahlı dəstələrin mövcudluğunda, silahlı dəstələr arasında qarşıdurmada və ölkədə ümumi vahid rəhbərlik altında ordunun olmamasında özünü göstərirdi. Digər tərəfdən Ermənistan Respublikası Dağlıq Qarabağı (Xankəndi, Şuşa, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut), ətrafdakı Laçın və Kəlbəcər rayonlarını işğal etmişdi. Ölkənin mövcudluğu üçün son dərəcə təhlükəli olan iki problem – ölkə daxilində vətəndaş müharibəsi və xaricdən Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, həmçinin yüzlərlə başqa çətinliklər – iqtisadi tənəzzül, qaçqınlar məsələsi, ordunun dağılması, mənəvi eniş və s. böhran vəziyyəti də doğurmuşdu. Heydər Əliyev ölkədə hərtərəfli inkişafı arzulasa da, ilk növbədə həll olunma tələb edən əsas məsələlər – ölkə daxilində vətəndaş müharibəsinə son qoymaqla sabitliyə nail olmaq, xarici müdaxilə – Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dayandırmaq və işğal olunmuş ərazilərin geri qaytarılmasını təmin etmək idi. Ölkə daxilində aparılan düşünülmüş və müdrik siyasət nəticəsində vətəndaş müharibəsinin qarşısının alınmasına addım-addım, demək olar ki, itkilərə yol verilmədən nail olundu.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və bu münaqişənin doğurduğu müharibənin dayandırılması və həlli isə kifayət qədər çətin və ağrılı problem idi. Əvvəla, düşmən kifayət qədər əraziləri işğal etmiş və orada möhkəmlənmişdi, Ermənistan ordusu ilə Dağlıq Qarabağın silahlı birləşmələri Laçın və Kəlbəcərin işğalı nəticəsində birləşmək və vahid mənbədən təchiz olunmaq imkanı əldə etmişdi, Ermənistan Respublikasını dünyanın bir çox dövlətləri, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Fransa kimi dövlətlər dəstəkləyir, ona müxtəlif yardımlar göstərirdilər. Ermənistanın müharibədə uğur qazanmasının səbəblərindən bir də “Böyük Ermənistan” planının illər ərzində hazırlanması və bu planın həyata keçirilməsini dünyanın bir çox dövlətlərini əhatə edən erməni diasporunun ardıcıl dəstəkləməklə  Ermənistanı maliyyə və siyasi yardımı ilə təmin etmək üçün səmərəli fəaliyyət göstərməsi idi.

Yazının həcmi baxımından biz yalnız həmin dövrdə və Ermənistanın təcavüzü ilə əlaqədar Heydər Əliyevin müəyyən etdiyi İşıq yolu həqiqətlərinin bir qismini nəzərə çatdırmağı zəruri hesab edirik:

 “İndi bizim qarşımızda iki vəzifə durur. Birincisi, erməni təcavüzünün qarşısını almaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, xalqı bu qırğından qurtarmaq. İkincisi isə, Azərbaycanın daxilində sabitliyi təmin etmək...”. 

“Müharibəni Azərbaycan xalqı başlamayıbdır... O, böyük siyasi proseslərlə bağlıdır”. 

“Azərbaycan üçün indi başlıca problem dövlətimizin ərazisində döyüş əməliyyatlarının dayandırılması, Azərbaycanın müharibə vəziyyətindən çıxması və Azərbaycan Respublikasının suveren hüquqlarının təmin edilməsidir”.

“Erməni xalqı ilə Azərbaycan xalqı əsrlər boyu qonşu olmuşdur və gələcəkdə də yan-yana yaşayacaqlar. Ona görə də bu müharibənin gələcəyi yoxdur, onun nəticəsi ancaq sülh olmalıdır. Sülh isə bir şərtlə ola bilər: iki dövlətin, iki respublikanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilsin, yəni Azərbaycanın  ərazi bütövlüyü təmin edilsin”.

 “Hamımızın sıx birliyimizlə biz bu ağır tale sınağından qələbəylə çıxacağıq və hər kəs öz doğma od-ocağına qayıdacaqdır”.

“Biz ədalətli müharibə aparırıq! Torpaqlarımızı müdafiə edirik! Haqq-ədalət bizim tərəfimizdədir! Əgər bizim sülhsevər təşəbbüslərimiz, addımlarımız, təkliflərimiz öz nəticəsini verməsə, Azərbaycan xalqı, Azərbaycan Ordusu öz torpaqlarını qorumağa, respublikamızın ərazi bütövlüyünü təmin etməyə qadirdir! Biz istədiyimizə nail olacağıq!” 

“İşğal edilmiş torpaqlarımız nəyin bahasına olursa-olsun, erməni işğalçılarından təmizlənəcək, Azərbaycan Respublikasının  ərazi bütövlüyü təmin ediləcəkdir”.

 “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır... Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

“Ordunu lazımi səviyyədə təşkil etmək, möhkəmləndirmək, hissələri yüksək peşəkar səviyyədə qurmaq lazımdır ki, Azərbaycan bu gün də, sabah da, bundan beş il də, on il də sonra müdafiə oluna bilsin”.

“Ermənistan tərəfi də bilməlidir ki, bu müharibə onlar üçün heç vaxt istənilən nəticəni verməyəcəkdir və bir daha qeyd edirəm, heç vaxt biz öz ərazimizi başqa ölkəyə verməyəcəyik”.

“Bu  gün  Azərbaycan  xalqının  güclü  ordusu,  müasir  tələblərə  cavab  verən  silahlı  qüvvələri vardır.  Ordumuzun gücü, insanlarımızın vətənpərvərliyi bu haqq işimizdə etibarlı təminat və səmərəli vasitə olacaqdır”.

“Azərbaycanın müdafiə qüdrətini yaratmaq üçün, müstəqilliyini qorumaq üçün və respublikanın müharibə vəziyyətindən çıxması üçün ona nizami ordu lazımdır. Bu ordunun dəyərli, bilikli, savadlı zabit heyəti olmalıdır, hərbi mütəxəssisləri olmalıdır, hərbi texnikadan istifadə etməyi bacaran mütəxəssislər,  əsgərlər, zabitlər olmalıdır”.

“Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

“Türkiyə – Azərbaycan  əməkdaşlığı, Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün etdiyimiz  əməkdaşlıq və nəhayət, Azərbaycan Respublikasının  ərazi bütövlüyünü təmin etmək, ölkəmizi xarici təcavüzdən qurtarmaq üçün  əməkdaşlıq – bunların hamısı birlikdə Türkiyə – Azərbaycan dostluğunun, qardaşlığının gələcəkdə də inkişafını təmin edəcəkdir”.

İdeyadan reallığa

Azərbaycan Respublikasına başçılıq etdiyi ilk günlərdən ölkənin idarə olunmasında İşıq yolu həqiqətlərini rəhbər tutan İlham Əliyev fəaliyyətini bu yolun təməlləri üzərində həyata keçirməyə, Heydər Əliyev siyasətini davam etdirməyə başladı. Ölkənin müdafiəsinin səmərəli təşkili və işğal olunmuş torpaqların azad edilməsi baxımından  iqtisadi yüksəliş və ordunun gücləndirilməsi İşıq yolunun əsas hədəflərini təşkil edirdi. 

Heydər Əliyev ideyalarını reallaşdırmaq, torpaqlarımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü bərpa etmək kimi şərəfli vəzifə İlham Əliyevə nəsib oldu.

İşıq yolu ideyalarının həyata keçirilməsi müəyyən zaman tələb edirdi. Bunun üçün dövlət başçısı məqsədyönlü iş aparmalı, iqtisadiyyatı dirçəltməklə ölkəni gücləndirməli, ordu quruculuğunu başa çatdırmalı, diplomatik uğurlara imza atmalı, dünya dövlətləri və beynəlxalq təşkilatların mövqeyini Azərbaycanın mənafeyinin dəstəklənməsinə yönəltməli, xalqda, orduda milli-vətənpərvərlik hisslərini yüksəltməli, xalqa qələbəni daddırmaqla onu qələbə təşnəsinə çevirməli, yadlar hər tərəfdən “dayan” dedikcə irəliləyən, xalqını, ordusunu zəfərə aparan sərkərdəyə çevrilməli, düşmən işğal olunmuş ərazilərdən çıxarılmalı və düşmən təslim olduğunu etiraf etməli idi.

İlham Əliyev Ermənistan – Azərbaycan münaqişəsinin həllində iki əsas amilə – haqq, ədalət və beynəlxalq hüquqa əsaslanırdı. İstər haqq, ədalət, istərsə də beynəlxalq hüquq zor gücünə ərazinin işğalını yolverilməz hesab edir, ilərdən bəri müxtəlif beynəlxalq təşkilatların vasitəçiliyi ilə danışıqlar yolu ilə həll olunmaması isə bu haqsızlığın zor gücünə bərpasına bəraət qazandırırdı. Həm haqq, ədalət, həm də beynəlxalq hüquq Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirdi: “Ölkəmiz müharibə şəraitindədir. Bizim işimiz haqq işidir. Biz heç kəsin torpağını işğal etməmişik, heç kəsin də torpağında gözümüz yoxdur. Bizim ərazi bütövlüyümüz pozulubdur, torpaqlarımız işğal altındadır. Azərbaycan xalqı, Azərbaycan ordusu hər an öz ərazi bütövlüyünü bərpa etmək üçün lazımi addımlar ata bilər”.

Azərbaycanın iqtisadi və hərbi cəhətdən güclənməsi onun özünə güvənərək problemlərini həll etmək üçün zəmin yaradırdı. Uzun illərin təcrübəsi göstərirdi ki, taleyüklü məsələlərin həllində Azərbaycan yalnız özünə, öz xalqına, onun  gücü və qüdrətinə  güvənməlidir. İlham Əliyev deyirdi: “...biz ancaq öz gücümüzə arxalanmalıyıq. O dövr bitdi. Biz müstəqilliyimizi əldə edəndə bəziləri düşünürdü ki, Azərbaycana kimsə gəlib yardım etməlidir. Biz dünyaya bu baxışlarla yanaşırdıq. Hesab edirik ki, bizim haqlı olmağımız dünya tərəfindən dərhal qəbul edilməlidir və təcavüzkar Ermənistan cəzalandırılacaqdır. Ümid edirdik ki, kimsə gəlib bizə yardım edəcək, kimsə bizim üçün nəsə tikəcək, nəsə edəcəkdir. Artıq bu yoxdur və lazım da deyil”. 

Reallığı sözdə deyil, işdə dəyərləndirmək, mövcud vəziyyəti analiz edərək qərar qəbul etmək İlham Əliyevə xas xüsusiyyət idi. O, təkcə özünə münasibətdə deyil, başqalarına münasibətdə də reallıqdan çıxış edir və rəqiblərindən də bunu gözləyirdi. Reallıq isə Ermənistan  dövləti və onun rəhbərlərinə sağlam düşüncə ilə vəziyyətə yanaşmanı tələb edirdi: “Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Başqa etimad tədbiri ola bilməz. Nə qədər ki torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın”. 

Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasının üzvləri ilə Azərbaycanın mövqeyində fərqli cəhətlər məhz ədalət və ədalətli sülhün özünə olan münasibətdə idi. Vasitəçilər hər hansı formada olursa-olsun sülhün tərəfdarı idilərsə, Azərbaycan və onun dövlət başçısı ədalətli sülh arzulayırdı: “Hazırda biz sülh şəraitində yaşamırıq, doğrudur, atəşkəs şəraitidir, ancaq müharibə vəziyyətində yaşayırıq. Bunu hamı bilməlidir. Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik. Eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Kim istəyər ki?! Ancaq biz onlardan fərqli olaraq torpağımızı istəyirik. Dədə-baba torpağımızı geri istəyirik. Biz bu istəkdə haqlıyıq”. 

2016-cı ilin Aprel və sonrakı döyüşlər göstərdi ki, cəbhə bölgəsində, silahlı münaqişənin, döyüşlərin aparıldığı bölgələrdə yaşayan insanların düşmənə də, öz ordusuna da, dövlətinə də, ən əsası isə yaşadığı torpağa da münasibəti dəyişib. Aparılan döyüşlərin bütün çətinlikləri, tank, top mərmilərinin, raketlərin yaşayış evlərini, mülki əhalini hədəfə almasına baxmayaraq, insanlar əzmkarlıq nümayiş etdirir, orduya, dövlətə, onun rəhbərinə inam ifadə edərək hər cür əzab-əziyyəti mərdliklə dəf edir və yaşayış evlərini tərk etmir və orduya dəstək verirlər. Bütün bunlar müstəqillik illərinin, həmin illərdə dövlətə, orduya  ləyaqətli rəhbərliyin bəhrəsi idi. İnsanlarda dövlətə, onun başçısına, orduya yaranmış inam və sevgi, ordu ilə xalqın, xalqla iqtidarın birliyi məhz döyüş meydanında, bu meydanla təmasda olan ərazilərdə özünü təzahür etdirirdi. İlham Əliyev 2016-cı ildə Aprel döyüşlərindən sonra tərtərlilərlə görüşündə deyirdi: “Gəlmişəm sizi görüm, bu ağır günlərdə sizinlə bərabər olum, öz hörmətimi, məhəbbətimi ifadə edim. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, təmas xəttinə 200 metr məsafə var. Siz öz torpağınızda, Azərbaycan torpağında yaşayırsınız, özü də möhkəm durursunuz!.. Sizin kimi insanlar xalqımızın qürur mənbəyidir”. 

44 günlük Ermənistan–Azərbaycan müharibəsi məhz Ermənistanın təxribatları əsasında və Ermənistan tərəfindən başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətinin başçısı müharibəni arzulamasa da, Ermənistanın müharibə təklifini qəbul etdi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfər qazandı. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.

Lakin təəssüf ki, erməni xisləti zaman-zaman özünü büruzə verməkdə davam edirdi. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın  Baş Naziri tərəfindən imzalanan üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması əvəzinə, ermənilərin yaşadıqları ərazilərə yeni silahlı qüvvələrin yerləşdirilməsi, silah-sursatın daşınması davam edir, ermənilər Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etmir, yeni əraziləri minalayır, sərhəd ərazilərdə təxribatların törədilməsini davam etdirirdilər. Baş verən hadisələr ona dəlalət edirdi ki, dəmir yumruq yenidən öz varlığını nümayiş etdirməli, Azərbaycan öz əraziləri üzərində tam hakimiyyətini – suverenliyini təmin etmək üçün zəruri tədbirləri həyata keçirməlidir.

2023-cü il sentyabrın 19-da Qarabağ ərazisində erməni təxribatlarının qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərdə əmin-amanlığın təmin olunması məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. Bir sutkadan da az davam edən əməliyyat zamanı Azərbaycan Ordusu suverenliyin bərpası üçün zəruri olanlara nail oldu. 

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi. Həmin sərəncamda deyilir: “2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamında deyilir: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

İlham Əliyev İşıq yolu həqiqətlərini reallığa çevirdi. Azərbaycan torpaqları tam azad edildi. Azərbaycan dövləti suverenliyinə qovuşdu. Bu suverenliyi qorumaq, onu əbədi etmək  Azərbaycan xalqının, hər birimizin müqəddəs vəzifəsidir. Əminik ki, Azərbaycan xalqı özünün müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ərazilərində dalğalanan üçrəngli bayrağımızın həmişə yüksəklərdə olmasını, onun qürurla dalğalanmasının əbədiliyini təmin edəcək, İşıq yolu ilə uğurla addımlamaqda davam edərək yeni-yeni zəfərlərə nail olacaqdır.

Kəlbəcərin “Gəlin qayası” abidəsi

Heydər Əliyev Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşü zamanı ata-babalarımızın bizə miras qoyduğu torpaqda yaşamaq üçün onun uğrunda ölməyin zəruriliyini qeyd edərək deyirdi: “...işğalçıları çıxarmaq o torpaqları müdafiə etməkdən qat-qat çətin məsələdir. Torpaqları müdafiə etmək olardı və hərə öz yerində qalardı. Ola bilərdi çox qurban verək, ola bilərdi həmin Kəlbəcərdə də əlli-yüz adam yox, min adam həlak olsun, əlli min adamdan mini, iki mini həlak olsun... Bəlkə də beş dəfə, on dəfə artıq qurban vermək lazım idi, ancaq müdafiə edib öz torpağımızda alnıaçıq, üzüağ oturmaq lazım idi. Ola bilər, yarımız qırılaydıq, amma yarımız öz torpağımızda qalardıq. İndi nə olsun ki,  əksəriyyəti çıxıb gəlib, qaçqın düşübdür. Torpaqlarımız da, burada düz dedilər, yağıların əlindədir”. 

Kəlbəcərin işğalı zamanı bir gəlinin doğma torpağa olan məhəbbətini ifadə etmək, bəlkə də erməni silahlılarının hücumundan  qorxub ana diyarı tərk edib qaçqınlığa üz qoyanlara etiraz olaraq özünü qayadan atması ilə bağlı Heydər Əliyev deyirdi: “… burada deyildi ki, hansısa gəlin o dəhşətə, erməninin təcavüzünə dözə bilmədi, özünü qayadan atdı. Bu, böyük bir əfsanədir. Bu, millətimizin ən böyük keyfiyyətini nümayiş etdirən bir haldır. Mən hesab edirəm ki, bu gün də olmasa, vaxt gələcək, biz həmin gəlinin o faciəvi qəhrəmanlığına elə həmin qayanın başında böyük abidə ucaldacağıq. Bunu mütləq edəcəyik”.

Əslində, qayadan atılan gəlin əsrlərdən bəri xalqın rəvayət və ədəbiyyatındakı  əfsanəni həqiqətə çevirmişdi. Əfsanəyə görə, bir zalım xan başqa gənci sevən cavan bir qızı zorla özünə kəniz etmək istəmiş, qız təslim olmamış, qaçmış və özünü uca bir qayadan atmışdır. Lakin qızın enlibalaq tumanı çətir kimi açılmış, qız yerə salamat gəlib çatmış, ölməmişdir və o gündən qızın özünü atdığı qaya qız qayası adlandırılmışdır.

Bu əfsanədə xalq özünün arzularını ifadə etmişdir. Mövcud quruluşa qarşı çıxa bilməyən, onunla mübarizədə aciz olan xalq, bəşəriyyətin müəyyən dövrlərində zülmə, istibdada qarşı ürəyində bəslədiyi arzuları yaratdığı əfsanələrdə ifadə edirdi... 

İstəyimiz bir ideyanı xatırlamaqdır. Heydər Əliyev hesab edirdi ki, vaxt gələcək, erməni təcavüzünə etiraz edib özünü qayadan atan gəlinin faciəvi qəhrəmanlığına Kəlbəcərdə – elə həmin qayanın başında böyük abidə ucaldılacaq. 

Vaxt artıq gəlib çatıb. Ümid edirik ki, Heydər Əliyevin bu ideyası da digərləri kimi tezliklə reallaşacaqdır. 

 

Vəfaddin İBAYEV,

“Hüquq və İnsan Haqları İnstitutu”nun

İdarə Heyəti sədrinin müavini, 

hüquq üzrə fəlsəfə doktoru

 

Siyasət