“Soyqırımı”, haylar və buynuzu qaşınan keçi

post-img

110 ilin cəfəngiyyatı və müasir Ermənistan reallığı

Başlayaq ondan ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Daşnaksütyun” Partiyasının qondarma “erməni soyqırımı”nın 110 illiyi ilə bağlı keçirilmiş aksiyasında Azərbaycanın və Türkiyənin bayraqlarının yandırılmasını qəti şəkildə pisləyib və bunu məsuliyyətsiz və qəbuledilməz hərəkət kimi qiymətləndirib. İlk baxışdan, normal münasibətdir. Nikolun  qonşu dövlətlərin rəmzlərinə həqarəti başqa cür adlandırmağın qeyri-mümkünlüyünü vurğulaması da qənaətbəxş yanaşmadır. Bəs problem nədir? Yazımızda həm bu barədə danışacaq, həm də qondarma iddianın ildönümü ilə əlaqədar hay cəmiyyətindəki çağırışları diqqətə çatdırmaqla yekun nəticəyə gələcəyik. 

Məsələ ondadır ki, Ermənistan hakimiyyəti bütün beynəlxalq platformalarda anti-Azərbaycan fəaliyyətə üstünlük verir. Rəsmi İrəvan qeyri-səmimi mövqeyi ilə Azərbaycanı, habelə Türkiyəni düşmən obrazında görməyi xarakterik tendensiyaya çevirib. Yəni, ölkələrimizin bayraqlarının yandırılmasında hakim komandanın yeritdiyi kursun mütləq təsiri var. Sual olunur: Görəsən, Paşinyan İrəvanda Azərbaycana və Türkiyəyə qarşı böyük hörmətsizliyə və həqarətə münasibət bildirərkən, ağ yalan danışmasaydı olmazdı? Buna çoxmu ehtiyac var idi? Görünür, hay siyasi industriyasında yalana ehtiyac hər zaman var. Söhbət isə ölkəmizin Silahlı Qüvvələrinin Zəngəzurda dinc sakinə məxsus evi atəşə tutduğu cəfəngiyyatından  gedir. Paşinyan olayı pisləyib və Azərbaycan hakimiyyətini hadisəni araşdırmağa çağırıb. 

Sözümüz ondadır ki, Nikolun iki məsələni uğursuz eyniləşdirmək cəhdi, mahiyyətcə, bayraqların yandırılması olayını adekvat tədbir kimi göstərmək və ona haqq qazandırmaqdır. Deməli, baş nazirin dövlət rəmzlərimizə həqarəti pisləməsinin heç bir effekti olmayacaq. Çünki Paşinyanın Azərbaycanı pisləməsi hadisəyə leqallıq qazandırmaqdır. 

Erməni cəmiyyəti nifrət və kin ritorikasını əsas tutur. Nəticədə, demək olar, başıpozuq haylar hər il 24 aprellə bağlı Azərbaycanın və Türkiyənin dövlət  bayraqlarını yandırırlar. Ən pisi isə odur ki, Paşinyan və komandası duruma heç bir təsir göstərmir. Belə olan halda, bu komandanın Bakı ilə sülhə gəlmək, Ankara ilə münasibətləri normallaşdırmaq gündəmi gözdən pərdə asmaqdır. 

***

Ermənistan dövlətinin, erməni cəmiyyətinin, dünya erməniliyinin “erməni soyqırımı” mifi ətrafında sıx birləşdiyinin şahidiyik. Hay toplumuna xas xəstəliyin bariz təzahür formalarının da həmçinin. Bu, adi məsələ deyil. Çünki xəstəlik erməniləri məzlum, əzilmiş xalq kimi qələmə vermək avantürizmi diri saxlayır. Axı məntiqi nəticə var və həmin nəticəyə görə, əzilənlərdə müqavimət hissi yaranır. 1988-ci ildə də belə olmuşdu. Guya, Qarabağın erməni əhalisi “Azərbaycanın zülmündən qurtulmaq” üçün silaha sarılmışdı. “Prosesin” qorxunc faciələrə yol açması, torpaqlarımızın işğalı reallığını doğurması isə yaxın tariximizin acı yaşantısıdır. 

Bəli, əzilmişlik sindromu müasir erməni faşizminin, belə demək mümkünsə, ilham mənbəyidir. Bu mənbədən qidalanan Ermənistan dünən növbəti dəfə faşist təfəkkürlə nəfəs aldı. Qondarma “soyqırımı” iddiası həmin təfəkkür naminə, sanki, oksigen balonuna çevrildi. Sarkisyandan tutmuş II Qareginədək, “Ayakve”dən tutmuş “Daşnaqsütyun”adək hər bir qurum bir yandan “erməni soyqırımı” məsələsində Türkiyəni qınadı. Ankaranın saxta iddianı etiraf etməsinin vacibliyini bağıran sıraya düzüldü. Digər tərəfdən, Azərbaycan ermənilərə qarşı soyqırımı gerçəkləşdirmiş ölkə kimi göstərildi, ölkəmizə münasibətdə hədyanlar, ittihamlar səsləndi. Paşinyanın ünvanına da nalayiq ifadələr işləndi. 

***

Nikol bütün “xoş sözlərə” layiqdir. Çünki onun rəhbərlik etdiyi hakimiyyət erməni cəmiyyətinə faşizmin çılpaq formasını göstərib. Nəzərə alaq ki, Paşinyana qədərki iqtidar Azərbaycanla danışıqlarda təzavüzkarlıq xislətini pərdələməyə çalışdığı halda, Nikol “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verməklə, faşizmi körükləmək yolunu tutmuşdu. Bu gün də Nikol və komandası üçün gizli Qarabağ gündəliyi var.

Bəli, Ermənistanın beynəlxalq miqyasdakı əsas tərəfdaşı, Cənubi Qafqazda ambisioz niyyətlər gerçəkləşdirməyə çalışan Fransa prezidenti Emmanuel Makron özünün “X” sosial şəbəkəsindəki profilində erməni dilində post paylaşıb qondarma “soyqırımı”nı yada salırsa, populist sentimentallığa köklənib “faciə qurbanlarının” xatirəsinin yaşadılmasına dair çağırış səsləndirirsə, bunu insanlıq və haqq-ədalət naminə hərəkət kimi qiymətləndirirsə, deməli, N.Paşinyanın indiyədək açıqladığı hər fikir, həmçinin saxta iddianı şübhələndirmək təsiri bağışlayan sözlər tam mənasızdır. Rəsmi İrəvanın “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınmasının Ermənistanın xarici siyasət gündəmində olmadığını açıqlaması da həmçinin. Kanadanın Ermənistandakı səfiri Endryu Ternet ölkəsinin “erməni soyqırımı”nı rəsmən tanıyan məmləkət olması ilə fəxr etdiyini vurğulayıb mövqeyini əsaslandırmaq üçün müxtəlif sərsəm məsələləri gündəmə gətirirsə, Ermənistanın saxta iddiadan kənar dayandığına necə inanasan? 

Belə misallar kifayət qədər çoxdur və hesab etmirik ki, həmin misalların hamısını diqqətə çatdırmağa ehtiyac var. Çünki, onlar eyni cəfəngiyyatın nisbətən fərqli təqdimatlarıdır. Elə isə “erməni soyqırımı”nın 110 illiyi ilə bağlı başlıca məqama keçid alaq. Bu məqam  hayların və onların havadarlarının mövzuya dair irəli sürdükləri mülahizələrlə tanışlıqdan sonra gəldiyimiz qənaətdir. Qənaət isə budur ki, qondarma iddia müasir erməni dövlətçiliyinin, Ermənistan Respublikasının mühüm ideoloji seqmenti, varlıq formuludur. Başqa sözlə desək, “soyqırımı” olmasa, dövlət də olmayacaq. Saxta iddianın inkarı isə Ermənistanın mövcudluğunun danılmasıdır. 

İndilik Ermənistanın mövcudluğunun “parametri” Azərbaycanın və Türkiyənin bayraqlarının yandırılmasıdır. Deməli, erməni dövlətinin əsasını təşkil edən ölkənin İstiqlaliyyət bəyannaməsindəki ərazi iddiası məsələsi “aktuallığını” qoruyur. Həm də o səbəbdən qoruyur ki, tipik erməni tərəfkkürünə görə, bayraqları yandırılan ölkələrin işğalı “haqq işidir”. Bu da faşistsayağı yanaşmadır. 

***

Əminliklə deyə bilərik ki, mövcud erməni iqtidarı faşizmi pərdələməyə çalışır, onu üzə çıxarmaq üçün daha münasib zamanı yetişdirməyi hədəf seçir.  Elə isə baş nazir N.Paşinyanın bir müddət əvvəl yarımçıq fəlsəfi baxışlarını işə salaraq dilə gətirdiyi bir fikrin üzərində dayanaq. Nikol bildirmişdi ki, nənələrinin onlar üçün tikdiyi qırmızı paltar geymiş iki erməni yol gedir və yolda qırmızı rəngə aqressiv münasibəti ilə seçilən öküzlər dayanıb. Paşinyan məsafəni tamamlamaq, yəni, hədəfə çatmaq üçün həmin şəxslərin əyinlərindəki qırmızı paltarları çıxarmalarının, libasları səliqə ilə büküb rəmz olaraq sandığa qoymalarının zəruriliyini vurğulamışdı. Yəni, baş nazir dolayısı ilə keçmişdə ilişib qalmamağın ziyanını açıqlamışdı.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu ay Antalya Diplomatik Forumundakı çıxışında elə danışmışdı ki, sanki keçmişi əlində bayraq edən Azərbaycandır. O, hətta sifətinə ağıllı görkəm verərək, gələcəyə baxmağın vacibliyini əsaslandırmağa qol çırmamış, ölkəmizi sülh müqaviləsini imzalamağa çağırmışdı. Sanki barış istəyən Ermənistandır, istəməyən Azərbaycan. Ancaq keçmişdən, ikiəlli yapışan hay cəmiyyətinin özüdür. Ermənilər Paşinyanın hekayəsindəki nənə yadigarı olan keçmişin qırmızı paltarlarını çıxarmaq niyyətində deyillər. Bu məntiqlə nə həmin cəmiyyət, nə də onun dövləti getdiyi yolda düz əməlli addımlaya biləcək. 

Ermənistan dövləti və cəmiyyəti normal yaşamaq niyyətindən və potensialından uzaqdır. Başqa sözlə desək, hay cəmiyyəti qarşısında aqressiv öküz görməyə, daim əzilməyə həvəslidir. Onu da deyək ki, bu həvəs erməni toplumunu sərsəm keçiyə çevirir. O keçiyə ki, qaşınanda buynuzunu çobanın çomağına sürtür. Birmənalı şəkildə bildirmək olar ki, “erməni soyqırımı”nın 110 illiyi ilə bağlı çıxarılmış həngamə, o cümlədən, Azərbaycanın və Türkiyənin bayraqlarının yandırılması hayları həmin məxluqa oxşadır. Elə bilirik, çoban çomağına sürtünən keçinin hansı acınacaqlı aqibətlə üzləşdiyini xatırlatmağa ehtiyac yoxdur. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət