Mehriban Vəliyeva: “Azərbaycanla Çinin strateji tərəfdaşlığı həm də onların eyni siyasi baxışa malik olmasından güc alır”

post-img

Azərbaycan Çinin Avropaya açılan qapısıdır. Ölkəmiz Çinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsində çox mühüm tərəfdaş hesab olunur. Qlobal təşəbbüsün vacib hissəsinə çevrilmiş və öz tranzit potensialı ilə layihəyə əhəmiyyətli töhfələr verən Azərbaycan Çin ilə əlaqələri getdikcə daha da gücləndirir. Bu mənada cənab  Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunun, eyni zamanda qarşılıqlı əməkdaşlığın növbəti mərhələyə keçəcəyinin mühüm göstəricisidir. Səfər çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutudur. Müstəqilliyimizin əldə olunmasından keçən 33 il ərzində ardıcıl, dinamik xarakter alan ikitərəfli münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
 
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
 
Onun sözlərinə görə, Çin-Azərbaycan əlaqələrinin əsası ölkəmiz müstəqillik qazandıqdan sonra - 1992-ci ildə rəsmi diplomatik münasibətlərin qurulması ilə qoyulub: “1994-cü ildə Ulu öndər Heydər Əliyev ilk rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və liderlik qabiliyyəti Çin tərəfindən də yüksək qiymətləndirilmişdi. Həmin dövrdə Çin rəhbərliyi artıq Azərbaycanın gələcəkdə regionun aparıcı geostrateji oyunçularından birinə çevriləcəyini öncədən görürdü.  Ötən 33 il ərzində bu münasibətlər yüksələn xətt üzrə inkişaf etmiş, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmlənmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində tutduğu mövqe və oynadığı rol olduqca strateji və nüfuzludur. Qarşılıqlı etimada əsaslanan münasibətlər bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdəki çıxışlarında və nüfuzlu xarici media nümayəndələrinə verdiyi müsahibələrində Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətini dəfələrlə vurğulayıb. Ölkə başçımız Çinin ən böyük media qurumlarından biri olan "Sinxua” agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin perspektivlərinə toxunub, əməkdaşlığın digər sahələrini diqqətə çatdırıb. Müsahibədə bildirilib ki, 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulub. Ölkələrimiz arasında iqtisadi əlaqələr güclənməkdə davam edir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. Pekin idxal üzrə də ölkəmizdə lider mövqedədir. Bu göstərici 17,69 faizə çatıb. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur.Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur”.
 
M.Vəliyeva onu da qeyd etdi ki, Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə təhsil sahəsində əməkdaşlıq, xüsusilə vurğulanır: “Çinin dünyada artan iqtisadi və siyasi nüfuzu onun təhsil sisteminə də marağı artırır. Son illər ölkəmizdə də Çində təhsil almaq istəyən gənclərin sayının artıdığını müşahidə edirik.

Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq. Hesab edirəm ki, Çinin iqtisadiyyatının güclənməsində onun təhsil sisteminin böyük rolu var. Çinin siyasi rəhbərliyinin qətiyyəti və müdrik addımları ölkəni dünyanın ən güclü və qabaqcıllarından biri edib.

Azərbaycanla Çinin strateji tərəfdaşlığı həm də onların eyni siyasi baxışa malik olmasından güc alır.

Siyasət