Bakı–Astana hərbi əməkdaşlığı genişlənir

post-img

Azərbaycan və Qazaxıstan Cənubi Qafqaz və Mərkəzi Asiyanın aparıcı ölkələri kimi yeni dünya düzəninin formalaşdığı indiki geosiyasi dövrdə beynəlxalq təhlükəsizliyə, siyasi sabitliyə, inkişaf və tərəqqinin təmin edilməsinə, mədəniyyətlərarası dialoqa töhfə verir. 

İki ölkə arasında siyasi münasibətlər sistemini müəyyən edən amillər arasında geostrateji mövqe, zəngin enerji resursları, enerji və nəqliyyar dəhlizləri var. Qazaxıstan öz neftinin bir hissəsini Azərbaycandan keçməklə Avropaya göndərir. Hazırda bu ölkədə yeni Kurık terminalı tikilir ki, bu da tədarük həcmini artırmağa imkan verəcək. Liman vasitəsilə yalnız neftin deyil, həm də sənaye mallarının, avadanlıqların və s. göndərilməsi təmin ediləcək. Azərbaycandan isə yüklər Bakı–Tbilisi–Qars dəmir yollu ilə Türkiyəyə daşınacaq. 

Bakı ilə Astana arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən Orta dəhlizi də unutmaq olmaz. Bundan başqa, regionda yaranmış yeni reallıqlar postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizinin rolunu artıracaq və Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün yeni fürsətlər yaradacaq. İki ölkənin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının çəkilməsı istiqamətində iş uğurlu davam edir. Bunlar onu deməyə əsas verir ki, tezliklə dəniz əlaqələri daha aktiv olacaq. Xəzər dənizi ilə böyük həcmdə neftin nəqli, ağır texnikaların daşınması həyata keçiriləcək. Çox güman ki, uzunmüddətli perspektivdə yeni neft yataqlarının birgə  istismarı da mümkündür. Birbaşa iqtisadi əlaqələr isə hərbi əməkdaşlıqla dəstəklənir. 

Bu gün Xəzərdə müxtəlif hadisələr baş verir və terror ehtimalının istisna edilmədiyi belə çətin vaxtlarda regionun təhlükəsizliyi ön plana çıxır. Buna görə də Qazaxıstanla Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafına ehtiyac yaranıb.

Regionun texniki təhlükəsizliyini təmin etmək üçün təlimlər, xüsusi hərbi məktəblər lazımdır. Söhbət təkcə sualtı təmir işlərindən deyil, xüsusi texnikanın tətbiqi ilə genişmiqyaslı birgə təlimlərdən gedir. Bu məqsədlə təlim keçmiş kadr korpusuna ehtiyac yaranır. Həm hərbçilər, həm də mülki şəxslər hazırlanmalıdır. Amma hərbi xidmət daha səmərəli və təsirli olduğundan, praktikada müxtəlif əməliyyatlara məhz onlar cəlb olunurlar. Bu təcrübədən bütün dünyada istifadə olunur: Şimal dənizində, Meksika körfəzində. Bu mənada, regionda irimiqyaslı hərbi təlimlərin keçirilməsi iki ölkə arasında əməkdaşlıq sferasında mühüm rol oynayır. 

Cari il aprelin 10-da Qazaxıstanda “Caspian Breeze-2025” birgə hərbi dəniz təlimlərinə hazırlıqla bağlı Müdafiə Nazirlikləri arasında qərargah danışıqları aparılıb. Bu təlimlər Xəzər dənizinin Qazaxıstan hissəsində baş tutacaq. Təlimlərin keçirildiyi ərazidə gəmilərin yerləşdirilməsi və keçid zamanı onların birgə naviqasiyası elementlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Hərbi dənizçilər asimmetrik təhlükələri dəf etmək və qəza vəziyyətində olan təyyarələrə, gəmilərə yardım göstərmək üzərində işləyəcəklər. Dəniz və hava hədəflərində canlı atəş təlimləri də keçiriləcək. Bununla bağlı məlumatda qeyd olunur ki, təlimlərdə Azərbaycandan iki patrul gəmisi, bir yardımçı gəmi və sahil bölmələri iştirak edəcəklər. Bu, Azərbaycan hərbçilərinin Qazaxıstanın Xəzər sularında iştirak etdiyi ilk hərbi təlim deyil. Ötən il iyulun 8-dən 17-dək hərbçilərimiz Qazaxıstanda keçirilən “Birlestik-2024” beynəlxalq hərbi təlimlərində iştirak ediblər. Azərbaycandan başqa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin də iştirak etdiyi “Birlestik-2024”- də ölkəmizi Quru qoşunların komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrin paraşüt desant və axtarış-xilasetmə qrupu, “Su-25” təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin patrul-desant gəmiləri təmsil ediblər.

Təlimlərdə iştirakçılar Xəzər dənizinin sahil sularında qanunsuz silahlı birləşmələrin məhv edilməsi istiqamətində tədbirlər həyata keçiriblər. Şəxsi heyət müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq və dəqiqliklə yerinə yetirib. 

Bu il iki ölkənin hərbçiləri daha bir hərbi təlimdə iştirak edəcəklər. Aprelin 18-də Qazaxıstan HHQ-nin nümayəndələri Bakıda azərbaycanlı həmkarları ilə görüşüblər. Görüşdə “Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və birgə fəaliyyətin təşkili məsələlərinin müzakirəsi” çərçivəsində bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmin gün Qazaxıstan Həmlə–Desant Qüvvələrinin komandanı, general-mayor Almaz Cumakeyevin rəhbərlik etdiyi nümayəndə heyəti Komando və Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrini ziyarət edib. Qonaqlara hərbi hissənin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizatı barədə məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.

Bütün bunlar iki ölkə arasında qarşılıqlı anlaşmanın məntiqi davamıdır. Əlaqələr kəşfiyyat xidmətləri sahəsində də genişlənir. Bu baxımdan qeyd etmək olar ki, 2024-cü ilin iyununda Astana və Bakı arasında 5 il müddətinə hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Müqavilə müdafiə sahəsində hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsini, şəxsi heyət üçün ölkələrin ərazilərində birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsini nəzərdə tutur.

Sazişə görə, ölkələr əks tərəfə qarşı hərbi kəşfiyyat fəaliyyəti həyata keçirməyəcəklər. Sənəddə deyilir ki, imzalanmış saziş çərçivəsində ölkələrin mübadilə edəcəyi məlumat onu verən tərəfin yazılı razılığı olmadan açıqlana və ya üçüncü tərəfə ötürülə bilməz.

Ümumiyyətlə, 2024 Bakı ilə Astana arasında hərbi əməkdaşlıq sahəsində məhsuldar il olub. Cunqar Alatau dağlarında ilk dəfə Qazaxıstanın desant-hücum qoşunları ilə Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin birgə “Altın Kıran-2024” (“Qızıl Qartal-2024”) təlimləri keçirilib. Məqsəd döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi idi. 

Onu da qeyd edək ki, by təlimlərdə döyüş hazırlığı ilə bir sırada şəxsi heyətin mənəvi-psixoloji hazırlığına da diqqət yetirilib. Döyüş vərdişləri təkmilləşdirilib, əsgərlərin bilik və bacarıqları artırılıb. Təlimlər ərəfəsində əsgərlərə müxtəsər informasiyalar verilib. Bu da təlimin səviyyəsinin yüksəldilməsində, nəticə etibarilə şəxsi heyətin döyüş hazırlığının artırılmasında əhəmiyyətli olub.

Təlimlərdə müasir silahlardan istifadə edilib. Nəzəri baxımdan mənimsənilmiş hərbi biliklər təlimlərlə möhkəmləndirilib. Eyni zamanda, dağ massivlərində hücumların təşkili məşq etdirilib. 

Onu da qeyd edək ki, ötən ilin sentyabrında Qazaxıstanın Müdafiə naziri Ruslan Jaksılıkov 5-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX V” sərgisində iştirak edib. “Bakı Ekspo Mərkəzi”ndə qazaxıstanlı hərbi qulluqçular dəniz, hava və quru qoşunları üçün istehsal edilən məhsullarla, eləcə də təhlükəsizlik sahəsində son yeniliklərlə tanış olublar. 

Qazaxıstanın Müdafiə naziri hər iki ölkənin müdafiə idarələri arasında qarşılıqlı əlaqələrin müsbət dinamikasından danışarkən deyib ki, bugünədək 30-dan çox  tədbir həyata keçirilib. Danışıqlardan sonra Qazaxıstan və Azərbaycan arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və milli müdafiə universitetləri arasında Memorandum imzalanıb.

Beləliklə, son illər Qazaxıstan və Azərbaycan həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət çərçivəsində hərbi əməkdaşlığı nəzərəçarpacaq dərəcədə gücləndiriblər. 

Pünhan ƏFƏNDİYEV
XQ

 

Siyasət