Mariya İzabella Saliqa: Fransanın müstəmləkəçilik siyasəti nəticəsində xalqların milli-mənəvi dəyərləri məhv olur

post-img

Fransanın müstəmləkəçilik siyasəti nəticəsində xalqların milli-mənəvi dəyərləri və adət-ənənələri məhv olmaq ərəfəsindədir. Bu siyasət xalqların tarixində ağır yaralara yol açıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının prezidenti Mariya İzabella Saliqa Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, müstəmləkəçilik əzilən xalqların təkcə adət-ənənələrini deyil, eyni zamanda, mədəniyyətlərini məhv edir.

“Biz zorakılıqla Fransanın bir hissəsi olduq və bu alçaqlıqların, sərvət oğurlanmasının, dərman bitkiləri haqqında biliklərin məhv edilməsinin və müstəmləkəçiliyin maraqlarına xidmət edən çirklənmə və iqtisadi inkişaf yolu ilə manipulyasiyaların ağır yükünü hələ də daşıyırıq”, - deyə Mariya İzabella Saliqa bildirib. O qeyd edib ki, Fransa öz keçmiş müstəmləkələri üzərində tam nəzarət istəyindən heç vaxt əl çəkməyib, bu xalqları tabeliyində saxlamağa çalışır. Bu siyasət məktəblərdə təhsillə başlamış, ədalətsiz məhkəmə sistemi və iqtisadi maneələrlə davam etmişdir.

NCMCP assosiasiyasının prezidentinin sözlərinə görə, bu gün Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlar arasında siyasi şüurun canlanması müşahidə olunur: “Öz müqəddəratını təyinetmə və iqtisadi müstəqillik uğrunda hərəkatlar yaranır və bir çox ərazilər, o cümlədən Afrika ölkələri fransız zülmündən xilas olmağa çalışır”.

Siyasət