III MƏQALƏ
Sürətlə dəyişən geosiyasi situasiyada liderlik
Mövzuya aid II məqalənin son tezisini xatırladaq: “Dövlət başçısının lider kimi vəzifəsi və məsuliyyəti ilə dövlətin ölkə olaraq regional liderliyinin vəzifəsi və məsuliyyəti nisbətinin adekvat elmi dərki aktualdır”.
Bu tezis əsas olaraq regional lider səviyyəsinə yüksəlmiş ölkənin başçısı və liderinə aiddir. Biz burada konkret olaraq Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu liderlik nümunəsinin fəlsəfi və politoloji təhlili aspektində məsələyə yanaşırıq. Yəni problemə ümumnəzəri aspektdə deyil, İlham Əliyevin XXI əsrdə sürətlə dəyişən geosiyasi dinamika fonunda şəxsi liderliyi ilə Azərbaycan Respublikası dövlətinin Cənubi Qafqazın lideri kimi uğurlu olmasının siyasi-nəzəri şərtlərini araşdırmaq kontekstində baxmağa çalışırıq.
Bu yanaşmanın bütövlükdə İlham Əliyevin liderlik nümunəsini politoloji ümumiləşdirməyə imkan verə biləcəyini düşünürük. Çünki realpolitikada məhz İlham Əliyev milli və regional miqyaslarda uğurlu şəxsi liderlik nümunəsi göstərir. Hazırda bu nümunənin regionlararası və daha sonra qlobal miqyasa proyeksiyasının faydalı olduğuna böyük əminlıyimiz vardır. Bu baxımdan indi İlham Əliyevin liderlik nümunəsini dövlətimizin regional liderliyi ilə ahəngdarlıq kontekstində tədqiq etmək sonucda, ümumiyyətlə, müasir fəlsəfi və politoloji tədqiqatlar üçün faydalı olar.
Vurğuladığımız kimi, burada sürətlə dəyişən geosiyasi situasiyada dövlət başçısının şəxsi liderliyi ilə ölkənin regional liderliyini uğurlu formul üzrə uyğunlaşdıra bilməsi həlledicidir. Bu məsələnin uğurlu həlli ən azı iki səbəbdən sadə deyildir.
Birincisi, müasir mərhələdə qlobal miqyasda geosiyasi dinamika ciddi şəkildə regional miqyasda situasiyaya təsir edir. Bu tezisin nəzəri əsası hazırda geosiyasi təlimlərdə geniş surətdə regionalizmin dünya siyasətinin başlıca altsistemi halına gəlməsi ilə bağlıdır. Yəni XXI əsrin siyasi və geosiyasi aspektdə xüsusiyyətlərindən biri qlobal səviyyədə geosiyasi mənzərənin formalaşmasında dünyanın regional struktulaşmasının ciddi rol oynadığına böyük əminliyin olmasıdır.
İkincisi, ancaq burada meydana daha mürəkkəb bir struktur-funksional faktor çıxır. Məsələ ondan ibarətdir ki, vurğuladığımız kontekstdə dünyanın vahid kriteriyalara görə regionlara bölünməsi mövcud deyildir. Burada çox müxtəlif bölgülər vardır və onların hər biri fərqli parametrlərə görə müəyyən olunurlar.
Məsələnin bu cür qoyuluşunun regionlaşmanın praktiki tərəfi ilə nəzəri təhlilinin mürəkkəb qarşılıqlı əlaqəsini əks etdirdiyinin qısa fəlsəfi və politoloji izahını verək. Sonrakı mərhələdə, bu, indiki yüzillikdə regionlaşma fonunda prosesin politoloji xüsusiyyətləri ilə əsrin sivilizasiya kimi meydana çıxardığı risklər, təhdidlər, qeyri-müəyyənliklər arasındakı sinergetik qarşılıqlı təsirləri kontekstində, konkret Cənubi Qafqazda şəxsi liderliklə dövlətin regional liderliyinin uğurlu harmoniyasına nail olmağın başlıca özəlliklərini aydınlaşdırmaq imkanı yaradacaq.
XXI əsrdə regionlaşmanın ziddiyyətli dinamikası
Filosoflar və politoloqlar yazırlar ki, regionlaşma müasir dünyanın ən mühüm inkişaf trendidir (R.Kelli, B.Busan, A.S.Sidorov, V.V. Oqneva və başqaları). İsveç alimləri B.Heetne və F.Sederbaumun XX əsrin 80-ci ilıərində yaratdıqları “yeni regionalizm” təlimindən artıq çox illər keçmişdir. Həmin təlimdə regional məkanların mədəniyyət, təhlükəsizlik, siyasət və iqtisadiyyat üzrə özəllikləri əsasında münasibətlərin qurulmasından bəhs edilir. Burada regionlar kateqoriyalara bölünür, lakin hər biri üçün dövlətlə yanaşı, ictimai təşkilatların da rolunun artması gərəkli sayılır.
Maraqlıdır ki, yeni regionalizmdə çoxqütblü dünyaya keçid, Amerikanın liderliyinin zəifləməsi nəticəsində yaranan geosiyasi mənzərə, Vestfal sisteminin faktiki dağılması və digər vacib geosiyasi mahiyyətli faktorlar çox ciddi nəzərə alınır. Bütün bunlara XXI əsrin özəl geosiyasi gerçəkliklərini də əlavə edəndə qlobal miqyasda konkret regionda uğurlu fəaliyyətin qarşılıqlı münasibətlərinin həssaslığı və aktuallığı yeni bucaq altında görünür.
Bunların nəticəsidir ki, indi çox sayda regiondan danışılır. Məsələn, Aİ, NAFTA, ASEAN, TDT, “üç dəniz sistemi”, MDB, ASİƏ (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) və s. Yeniləri də meydana gəlməkdədir. Hər regionun da dünya sistemində öz yeri və rolu vardır. Bütövlükdə, mənzərə ziddiyyətlidir və müxtəlif regionların fərqli maraqları müəyyən vacib məsələlərdə toqquşur.
Politoloqlar bunun geosiyasi nizama ciddi təsirini vurğulayırlar. Hətta hesab edənlər var ki, regionlaşmaya hazırkı dünya nizamının qeyri-sabit olması mənfi təsir edəcək və bu proses dayanacaq (məsələn, R.Kelli). Digərləri isə bu arqumenti ciddi saymırlar və hesab edirlər ki, regionlaşma prsoes kimi dayanmayacaq (məsələn, B.Busan, V.A.Derqaçyov və s.).
Bu qısa müqayisələrdən politoloji nəticələr çıxarmaq olar. Birincisi, XXI əsrdə regionlaşma daha da intensivləşmişdir.
İkincisi, bu proses ziddiyyətli xarakter daşıyır.
Üçüncüsü, hər bir regionda siyasi ldierliyin özünəməxsus xüsusiyyətləri mövcuddur və uğurlu olmağın ayrıca kriteriyaları vardır.
Bu qənaətlərin işığında Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrdə uğurlu liderlik nümunəsinin geosiyasi kontekstinə dövlətimizin regional liderliyinin təmini fonunda baxa bilərik.
XXI əsrin başlanğıcından – Vətən müharibəsinədək
XXI əsrin hazırda müşahidə edilən yeni geosiyasi çağırışlarının siyasi liderliyə təsirini aydın təsəvvür etmək üçün 2003-cü ildən II Qarabağ müharibəsinə qədər olan müddətdə İlham Əliyevin liderliyinin bir sıra özəlliklərinə nəzər salaq. Bu üsulla formalaşacaq baxışlar sistemi yeni çağırışların fonunda liderliyin dərk edilməsi üçün baza rolunu oynayacaq.
2003-2020-ci ilə qədər olan müddətdə regional və qlobal miqyaslarda geosiyasi çağırışların öz məzmunu və hədəfləri olmuşdur. Burada əsas olaraq müstəqil milli dövlətlərin güclü dövlətə çevrilməsi yolunda əngəllər yaradılmışdır. Dünyanın bir neçə böyük gücləri arasında regionlar uğrunda ciddi mübarizə getmişdir. Konkret olaraq, Cənubi Qafqazda Qərb, Rusiya, Türkiyə, İran və “sakit formada” Çin mübarizə aparmışlar. Bu mübarizədə yerli dövlətlərin əsas məqsədi maksimum dərəcədə müstəqil mövqeyi saxlamaqla güclənmək ola bilərdi. Lakin praktika göstərdi ki, Cənubi Qafqazda yalnız Azərbaycan bunu bacardı.
Gürcüstan tamamilə Qərbin tərəfini tutdu. Bunun əlaməti Gürcüstanın Aİ-nin assosiativ üzvülüyünə can atması və onun tam təsiri altına düşməsi oldu. ABŞ isə Tbilisi üçün əsas himayəedici güc rolunu oynayırdı (burada sorosçular daha aktiv idilər). Bunun fonunda Gürcüstan Rusiyaya geosiyasi və siyasi düşmən kəsildi. Acı nəticəsi 2008-ci ilin avqust müharibəsi oldu – Gürcüstanın iki bölgəsi Rusiyanın nəzarətinə keçdi. Hələ də bu vəziyyət aradan qalxmamışdır. Ancaq “Gürcü arzusu” hakimiyyətə gələndən sonra rəsmi Tbilisi “geosiyasi sükanını” tədricən “Şimala tərəf çevirməyə” başladı. Lakin bu proses də indi siyasi və geosiyasi anlamda yarımçıqdır. Yəni Gürcüstanın XXI əsrin başlanğıcından geosiyasi çağırışlara adekvat reaksiya verə bilmədiyi göz önündədir.
Ermənistan isə tamamilə uğursuz bir reaksiya verdi. Erməni siyasi şüurunda köhnə kriteriyalar əsasında süni yaradılmış geosiyasi təsəvvürlər daha da dərinləşdi. Ermənistan öncə Rusiyanın tam təsiri altına düşdü. Sonra isə Qərbə tədrici üstünlük verməyə baş vurdu. Assosiativ üzvlük məsələsi aktuallaşanda S.Sarkisyanı Moskvaya çağırdılar, “qulağını burdular” və o, dərhal bəyanat verdi ki, “Ermənistan Rusiyanın yanındadır”. Bu, ermənilərin müstəqil dövlət yaratmaq xəyallarının puç olmasını göstərməklə yanaşı, XXI əsrin çağırışlarına qətiyyən adekvat olmayan mövqe tutmaq anlamına gəlirdi. II Qarabağ müharibəsi isə Ermənistanı hər mənada darmadağın etdi. İndiki çağırışların fonunda Ermənistan tərəddüd edir, qəti yol seçə bilmir və onun regiona hər hansı geosiyasi faydası yoxdur!
Deməli, XXI əsrdə real olaraq Gürcüstan və Ermənistanda uğurlu liderlik nümunəsi formalaşmadı. Bu ölkələrdə davamlı, dayanıqlı və perspektivli liderliyin formulu tapılmadı, kriteriyaları müəyyənləşmədi. Gürcüstan strateji tərəfdaş kimi, Azərbaycan üçün çox əhəmiyyətlidir, lakin fakt faktdır. Fakt göstərir ki, bizim dost qonşumuzda hələlik yeni liderlik nümunəsi yoxdur.
Bunların fonunda Azərbaycan liderinin keçdiyi yola baxaq. İlham Əliyev Heydər Əliyevin müəyyən etdiyi güclü dövlət qutuculuğunun əsas prinsiplərini inkişaf etdirməyə və bu mənada dövlət quruculuğu təcrübəsinə “tam oturtmağa” başladı. Bu, müstəqil və milli dövlət üçün nəhəng seçim idi. Çünki çox müxtəlif mənbələrdən həmin prosesə ciddi əngəllər törədirdilər. Azərbaycanın əsl müstəqil güclü milli dövlət olmasının qarşısını almağa çalışırdılar.
İlham Əliyev həmin kənar təsirləri dəf edərək güclü dövlət quruculuğunun prinsiplərini həyata keçirdi. Onlar daxildə azərbaycançılıq, multikulturalizm, güclü ordu, hakimiyyət-xalq birliyi, vətənpərvər gəncliyin tərbiyəsi kimi aspektləri ehtiva edir. Xarici siyasətdə isə enerji strategiyasını inkişaf etdirməyi, Azərbaycanı regionun “geosiyasi dünya məkanı”na çevirməyi, ikitərəfl və çoxtərəfli əməkaşlıq platformaları irəli sürərək onları reallaşdırmağı, yeni təhlükəsizlik formatları yaratmağı özündə birləşdirirdi. Bunların fonunda Azərbaycanın regionun böyük dövlətləri – Türkiyə, Rusiya və İranla tam konstruktiv əməkdaşlıq müstəvisinə transformasiya, Avropa İttifaqı ilə bərabərhüquqlu əməkdaşlıq platformasına keçid, beynəlxalq və regional təşkilatlarda maksimum təşəbbüskarlıq və fəallığa nail olmaq xüsusi yer tuturdu.
Bütün bunların nəticəsində Azərbaycan XXI əsrin çağırışlarına 2020-ci ilin sentyabrına qədər dəqiq geosiyasi mövqeyi olan müstəqil milli dövlət kimi qədəm qoydu. Bu, İlham Əliyevin liderlik nümunəsinin kriteriyalarının perspektivini və müasir dövrün tələblərinə tam cavab verdiyini göstərirdi.
Beləliklə, 2020-ci ilin payızında aydın oldu ki, Cənubi Qafqazda real müstəqil dövlət kimi Azərbaycan formalaşmışdır. Bu mərhələdə uğurlu liderlik nümunəsi Azərbaycanı regional lider statusuna yüksəltdi. Bununla 2003-cü ildən başlayan yol 2020-ci ildə dövlətin regionda lider səviyyəsinə yüksəlməsi ilə tarixiləşdi və siyasi anlamda rəmzləşdi. Bu təhlildən politoloji anlamı dərin olan bir tezis alınır – XXI əsrin başlanğıcında İlham Əliyevin şəxsi liderlik nümunəsi Azərbaycan Respublikasının müstəqil dövlət olaraq regional lider səviyyəsinə yüksəlməsinin başlıca siyasi faktoru oldu! Deməli, XXI əsrdə Azərbaycan liderlik təcrübəsi 20 il müddətində ölkənin liderinin həmin ölkəni yerləşdiyi regionda lider səviyyəsinə yüksəltməyin təminedici faktorudur!
Postsovet məkanında başqa təcrübənin mövcud olduğu bizə məlum deyildir. Avrasiyanın ən böyük və güclü dövləti olan Rusiyada da bu təcrübə yoxdur (Çin başqa kateqoriyaya aid dövlətdir). Mərkəzi Asiya və Şərqi Avropadakı müstəqil dövlətlərdə də İlham Əliyevin əldə etdiyi uğurlar səviyyəsində nümunəyə rast gəlmirik. Bunlar onu göstərir ki, İlham Əliyevin 2003-2020-ci illərdəki liderliyi unikal bir təcrübədir. Dövrün geosiyasi çağırışları fonunda bu məqam tarixi əhəmiyyət daşıyır.
2020-ci ilin noyabrından başlayaraq həm Cənubi Qafqazda, həm də qlobal miqyasda yeni geosiyasi çağırışlar özünü göstərir. Onların fonunda İlham Əliyevin liderliyinin siyasi-nəzəri özəllikləri ayrıca aktuallıq kəsb edir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru