Buzlar əriyəndən sonra...

post-img

Söhbət ABŞ–Azərbaycan münasibətlərinin əvvəlki strateji tərəfdaşlıq səviyyəsinə qayıtmasından gedir

Sərlövhənin altına yazdığımız qayıdışı “tormozlayan” amillər olmasaydı, bu gün Azərbaycan Birləşmiş Ştatların bölgədə ən etibarlı və ən əlverişli tərəfdaşlarından biri statusunda idi.

Təəssüf ki, ikipartiyalı, ikipalatalı siyasi hakimiyyət quruluşuna malik dünyanın supergücünün Azərbaycana, Cənubi Qafqaza, ümumilikdə, postsovet məkanına yanaşması Ağ evdəki dəyirmi kabinetə kimin – demokratların, yoxsa respublikaçıların sahiblənməyindən birbaşa asılıdır. Bu yanaşmanı formalaşdıran amillər arasında dövlət maraqları ilə yanaşı, subyektiv çalarların da yer aldığı, hətta bəzən üstünlük təşkil etdiyi dönəmləri də gördük. Rəsmi Vaşinqtonun ABŞ-ın Kaliforniya ştatında yığcam erməni elektoratının, Senatda və Konqresdə hay lobbisinin ələ aldığı adamların xarici siyasətə müdaxilələri sayəsində tərəfkeşliyini, ikili standartlara baş vurmasını da unutmamışıq.

1992-ci ildə ABŞ keçmiş sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilmiş “Azadlığa dəstək aktı” na 907-ci düzəlişi qəbul etdi. Bu dəyişiklik Azərbaycan hökumətinə yardımın göstərilməsinə imkan vermirdi. 2001-ci il 11 sentyabr olayından sonra Corc Buş administrasiyası Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac yarandığı üçün düzəlişin müvəqqəti olaraq ləğvinə nail oldu.

Bununla belə, 2023-cü ilin noyabrında Azərbaycan antiterror əməliyyatı nəticəsində bölgədə separatizmin kökünü kəsdikdən, Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Brayn Bakının kəskin tənqidinə səbəb olan düzəlişin dayandırılmasını uzatmamaq niyyətində olduğunu bəyan etdi. Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirdi və keçmişdə ABŞ-ı hərtərəfli dəstəklədiyini xatırladaraq, Vaşinqtonu ikili standartlara görə qınadı. Demokrat Bayden hakimiyyəti yuxarıdan aşağı baxmağa çalışdığı, sanksiyalarla hədələdiyi ölkəmizə qarşı başqa addımlar da atdı. Amma Azərbaycan liderinin siyasi qətiyyətini, ədalətli mövqeyini görəndən, şəffaf əməkdaşlıq çağırışlarını eşidəndən sonra “bu hənanın başqa həna” olduğuna şübhəsi qalmadı və hayların iniltili “tütək musiqisi” nə oynamağa son qoydu.

* * *

Hazırda Ağ evin dəyirmi kabineti yenidən respublikaçıların namizədinin ixtiyarındadır. Amma andiçmə mərasimindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, Donald Tramp Vaşinqtonun Cənubi Qafqazla bağlı prioritetlərini, yeni siyasi yanaşmasını açıqlamayıb. Bu qeyri-məyyənlik ən müxtəlif fərziyyələrə və ehtimallara yol açır.

Bu günlərdə Azərbaycanın Vaşinqtondakı səfiri Xəzər İbrahim ABŞ-ın ən böyük kabel telekanallarından biri olan “Newsmax”a müsahibəsində iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrindən danışıb. 30 milyonluq auditoriyaya malik “Saturday Report” proqramında çıxış edən diplomatımız qeyd edib ki, ABŞ həmişə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyib. Onun sözlərinə görə, Azərbaycan ABŞ-a “strateji müttəfiq, həm də mənəvi öhdəlikləri olan müttəfiq” kimi baxır. Səfir bu maraqlı açıqlamasının ardınca ikitərəfli “münasibətlərin çox strateji, dərin və güclü” olduğunu bildirib: “Biz əməkdaşlığa 90-cı illərin əvvəllərində başlamışıq və həmin dövrdə ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”.

“Biz, həmçinin Amerikanın iri şirkətləri ilə enerji sahəsində sıx əməkdaşlığın əsasını qoymuşuq”–deyən X.İbrahim Azərbaycan neftinin Avropaya nəqlinə imkan verən tarixi sazişin – “Əsrin müqaviləsi”nin həyata keçirilməsində oynadığı mühüm roluna görə ABŞ-a minnətdarlığını bildirib. Səfir əlavə edib ki, öz növbəsində Azərbaycan Yaxın Şərqdə terrorizmlə mübarizədə ABŞ-ı dəstəkləyib.

Oxuculara onu da xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bundan əvvəl Azərbaycan, İsrail və ABŞ arasında üçtərəfli strateji ittifaqın yaradılması ilə bağlı danışıqların aparıldığını elan etmişdi. Knessetdə dinləmələr zamanı İsrail hökumətinin nümayəndəsi vurğulamışdı ki, bu danışıqlar həm də “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin və Azərbaycana qarşı digər sanksiyaların ləğvini nəzərdə tutur. Bayden administrasiyası dövründə ABŞ və Azərbaycan arasında münasibətlər xeyli pisləşib. Buna səbəb Vaşinqtonun regionda Ermənistanın dəstəyi üzərində qurulan siyasəti və Bakıya qərəzli münasibəti olub. Ölkəmizin ABŞ-dakı səfiri müsahibsində rəsmi Bakının Donald Tramp Administrasiyası ilə sıx əməkdaşlığa, Birləşmiş Ştatlarla münasibətləri inkişaf etdirməyə və strateji tərəfdaşlıq sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasını gözləmədiyini bildirdi: “Müqavilə xarakteri daşımayan həmin sənəd Dövlət Departamenti səviyyəsində qəbul olunsa da, daha sonra Konqresdən keçməlidir. Bildiyim qədər, departament nə Ermənistan, nə də Gürcüstan barədə belə bir sənədi Konqresə təqdim edib. Bir çox hallarda Ağ ev bu xarakterli müqavilə imzaladığı ölkələrə müəyyən şərtlərini irəli sürür, göstərişlər verir. Yəni, dediklərimi eləsən, sənə filan yardımları edəcəyəm. Əslində, bu gün Azərbaycan ABŞ-ın yardımlarına o qədər də ehtiyac duymur. Söhbət “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişdən gedirsə, bu məsələ də Konqresin müzakirəsinə çıxarılmalıdır. Onu da unutmamalıyıq ki, o müzakirələrə ABŞ-dakı erməni lobbisi qulp qoymağa başlayacaq. Azərbaycanın xeyrinə olmayan dinləmələr keçiriləcək. Düzəlişin aradan qaldırılması Azərbaycana ildə 20-30 milyon dollar həcmində maliyyə dəstəyinin verilməsi demək olacaq. Sözümün canı odur ki, 30 milyardlıq dövlət büdcəmizin qarşısında alacağımız 20-30 milyon cüzi məbləğdir. Buna görə hansısa senatorun anti-Azərbaycan çıxışlarına, yaxud suallarına cavab verməyə dəyərmi?

Zənnimcə, yeni administrasiya ilə münasibətlərimizin ən optimal forması bizi unutmaları olardı. Bəli, buna müsbət hal kimi baxmaq olar. Amma onu da yaddan çıxarmayaq ki, sabah Azərbaycan ABŞ-dan hansısa qabaqcıl texnologiyanı əldə etmək istəsə, qadağalarla üzləşəcək. Hətta öz pulumuzla oradan hərbi-texniki xarakterli avadanlıq almaq üçün Konqresin razılığı olmalıdır. Həmin qurumda isə anti–Azərbaycan çıxışları etməyə hazır xeyli insan var. İndiki şəraitdə ABŞ-la strateji əməkdaşlıqdan bizim konkret dividend götürmək perspektivini görmürəm. Əlbəttə, bu perspektiv Vaşinqtondan cəlbedici görünə bilər”.

* * *

“Ötən əsrin 90-cı illərinin ortalarından etibarən bir sıra sahələr üzrə ABŞ-la Azərbaycan arasında münasibətlər formalaşıb. Bu əlaqələr, həqiqətən də, strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edib”. Bunu XQ-yə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli dedi. Onun sözlərinə görə, Birləşmiş Ştatların postsovet məkanı, Xəzərətrafı ölkələr, Cənubi Qafqazla bağlı maraqlarının təmin olunmasında Azərbaycan müstəsna rol oynayıb. Məhz ölkəmizin təşəbbüsü ilə 90-cı illərin sonları 2000-ci illərin əvvəllərində geosiyasi, geoiqtisadi əhəmiyyətə malik transmilli layihələr reallaşdırılıb. Bunlar nəqliyyat və enerji sahələrinə aid layihələrdir. Eyni zamanda, Azərbaycan bir müsəlman dövləti olaraq Asiya coğrafiyasında antiterror əməliyyatlarında yaxından iştirak edib. Yeri gəlmişkən, Bakının bu xidməti rəsmi Vaşinqton tərəfindən yüksək qiymətləndirilib. Amma, təəssüflər olsun ki, son illərdə, xüsusilə də Bayden administrasiyası dönəmində ikitərəfli münasibətlərdə müəyyən problemlər yarandı. Bunun əsas səbəbi Bayden komandasının Cənubi Qafqaza, o cümlədən Azərbaycan yönəlik siyasətində yol verdiyi yanlışlıqlar idi. Onun bölgənin problemlərinə ermənipərəst, qərəzli, birtərəli yanaşması iki ölkə arasında münasibətlərə soyuqluq gətirdi.

Bəli, rəsmi Bakının Ağ evdəki yeni administrasiyadan gözləntiləri var. Bu gözləntiləri Azərbaycan Prezidenti İlham

Əliyev çıxışlarında, müsahibələrində konkret olaraq qeyd edib. İstəyimiz problem yaradan məsələlərin aradan qaldırılmasıdır. Yeni administrasiyanın özünəməxsus xarici siyasət vizyonu var. Bunu nəzərə alaraq güman edirik ki, sələfindən fərqli olaraq, daha rasional və daha praqmatik yanaşma sərgiləyə bilər. Əlbəttə, bizi maraqlandıran postsovet məkanına, Cənubi Qafqaza yanaşmasıdır. Açığını deyək ki, bu coğrafiyanın Tramp Administrasiyası üçün o qədər də maraq kəsb edəcəyini düşünmürük. Azərbaycan ABŞ-la münasibətlərin yenidən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiləcəyinə ümid edir. İndi söz və qərar Vaşinqtonundur”.

ABŞ tarixində ikinci dəfə Amerika xalqından etimad mandatını almağı bacarmış respublikaçı Donald Trampın Vaşinqtonun Qafqaz siyasəti ilə bağlı hələlik heç bir açıqlama verməməsini başının daha qlobal problemlərin həllinə qarışması ilə izah etmək olar. İkitərəfli münasibətlərdə yeni dönəmin başlanacağına ümid edənlərlə yanaşı, Tramp Administrasiyasının Cənubi Qafqazı, ümumiyyətlə, xarici siyasət prioritetləri siyahısından çıxardığını iddia edənlər də az deyil. Amma Azərbaycan üçün bir məsələ dəyişməz olaraq qalır: onun xarici siyasi kursu seçkilərdən– seçkilərə dəyişən mövsümi xarakter daşımır. Bölgənin şəriksiz güc və söz sahibinə çevrilmiş, tam müstəqil siyasət yürüdən Azərbaycan hakimiyyəti, ən azı, son dörd il dörd ayda strateji müttəfiqlərini, etibarlı və səmimi dostlarını tanıması ilə bərabər, ikiüzlü tərəfdaşlıq oyununa baş vuranları, sözdə bir cür, əməldə başqa cür davranan “sülh təşəbbüskarlarını” da gördü. Daha Bakının nə yardıma, nə də kənar məsləhətlərə ehtiyacı var...

İmran BƏDİRXANLI
XQ









Siyasət