Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)
“Şef” Makron mövqe seçir
Makron çox gözəl bilir ki, onun siyasətini saxlayan sütunlarından biri müdafiədir. 39 yaşında dövlət başçısı seçilən bu adam Fransanın tarixində ilk prezidentdir ki, hərbi xidmət keçməyib. Ona görə də gənc prezident həm fransızlara, həm də orduya göstərmək istəyir ki, hərbi işdə təcrübəsiz olmasına baxmayaraq, ölkədə Ali Baş Komandan odur. Bu məqsədlə o, şahmat oyununda olduğu kimi, Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi arasında elə bir kombinasiya qurur ki, hər ikisini öz əlində saxlaya bilsin.
Beləliklə, Le Drian Müdafiə Nazirliyindəki sadiq komandasından zorla ayrılıb, yaxşı tanımadığı Xarici İşlər Nazirliyinə göndərilir. Müdafiə Nazirliyinə isə Emmanuel Makron real siyasi çəkisi olmayan piyadalarını təyin edir: Birinci Silvi Qulard – keçmiş Avropa deputatı, poliqlot – yeri gəlmişkən, onu Xarici İşlər Nazirliyinə göndərmək daha məqsədəuyğun olardı – ancaq ordudan, hərbidən qətiyyən başı çıxmayan bir adam müdafiə naziri təyin olunur. Bu qadın qısa bir müddətdən sonra öz xahişi ilə istefa verən kimi prezident onun yerinə keçmiş iqtisadiyyat naziri Loran Fabiüsün keçmiş büdcə müşaviri, texnokrat Florans Parlini təyin edir. Hər şey daha aydın olsun deyə, Makron qərara alır ki, Müdafiə Nazirliyinin adını dəyişib “Silahlı Qüvvələr Nazirliyi” qoysun və bununla da hamıya göstərsin ki, Şarl De Qolun dövründə olduğu kimi, müdafiə məsələlərinə ancaq və ancaq Yelisey sarayı qərar verir və Ali Baş Komandan da onun özüdür.
2017-ci il may ayının 14-də yeni prezidentin andiçmə mərasimi günü Emmanuel Makron Yelisey tarlalarında Zəfər Tağına doğru irəliləyən hərbi maşında farağat komandası almış hərbçi kimi dayanır. Sonra Persi hərbi hospitalına gedib yaralı əsgərlərə baş çəkir. Hara baxsan, prezident ordadır: Gedib Afrika ölkələrində cihadistlərə qarşı mübarizə aparan Barkhane əməliyyatında iştirak edən hərbçilərlə də görüşür, sonra əyninə yaşıl pilot kostyumu geyinib kameraların qarşısında sualtı nüvə gəmisinin ekipajı ilə görüşür.
Müdafiə Nazirliyində Levandovski yeni padşah Makronun yeganə qurbanı deyil. 2017-ci ilin iyul ayından etibarən Fransa silahlı qüvvələrinin baş qərargah rəisi Pier de Villiye də vəzifəsindən azad edilir. Əvvəlcə, Makron qərara almışdı ki, onu bir il öz vəzifəsində saxlasın və yerinə sanballı adam tapandan sonra Levandovski kimi dalından dəysin. Amma bu çox yüksək rütbəli baş zabit, Milli Assambleyanın Müdafiə komitəsi qarşısında, prezidenti hərbi büdcəyə lazımi qədər vəsait ayırmadığı üçün tənqid edir. Bu iclas bağlı qapılar arxasında məxfi keçirilsə də, orada gedən söhbətlər hansı yollasa mətbuata sızır və beləliklə, Yelisey sarayının qəzəbinə səbəb olur. İyulun 14-də, Fransanın Milli bayramı günü, Müdafiə Nazirliyinin bağçasında, Makron ordu rəhbərlərinin qarşısındakı ilk çıxışında, Pier de Villiyeni “yerinə otuzdurur” və kobud şəkildə davakar uşaq kimi ona deyir: “Yaddan çıxarmayın ki, mən sizin şefinizəm!”.
Bir neçə gün sonra Pier de Villiye prezident tərəfindən vəzifəsindən qovulur. Makron onun yerinə general Fransua Lekuantrı təyin edir. Bu 56 yaşlı yüksək rütbəli zabit, əvvəllər İraqda, Somalidə, Ruandada xidmət göstərəndən sonra ona çox strateji bir iş – əvvəlki prezidentin hakimiyyəti dövründə – Baş nazirin hərbi kabinetinin rəhbərliyi tapşırılır.
Makron Fransua Lekuantrı hələ prezident seçkilərindən əvvəl tanıyırdı və onu 2018-ci ildən etibarən Fransa silahlı qüvvələrinin baş qərargah rəisi təyin etməyi planlaşdırırdı. Onları hüquqşünas və yazıçı Fransua Süro tanış etmişdi. General Lekuantrın, Makronun xoşuna gələn başqa bir üstün cəhəti də var: O, Baş nazir Eduard Filippi yaxşı tanıyır – onlar Milli İdarəetmə Məktəbində bir dövrdə oxuyublar.
Əvvəlcə, Makron istəyirdi ki, prezident seçilən kimi bütün hərbi rəhbərləri dəyişdirsin, ancaq sonra bu fikrindən vaz keçdi. Bununla belə o, polis və daxili təhlükəsizlik məsələləri ilə o qədər də maraqlanmasa da, orduda və müdafiə məsələlərində heç nəyi əldən buraxmaq istəmir.
Sənayeçilərə qarşı şiddətli və kəskin tənqid
14 iyul böhranından sonra dövlət başçısı hərbçilərə olan sevgisini hamıya sübut etməyə çalışır. 2015-ci ilin yanvar ayındakı terrorist hücumlarından sonra o, Sentinelle missiyasının yenidən təşkil olunduğunu elan edir və o cümlədən, bu missiyanın hərb-
çilərini tədricən üç yerə bölür. Ən əsas da ordunun gələcək büdcəsini 2025-ci ilə qədər təsdiqləyir və çıxışlarında bu məsələləri dəfələrlə vurğulayır. Ancaq ümumbəşəri hərbi xidmət layihəsindən danışanda, hərbi iyerarxiyanı narahat edir.
2017-ci ilin sentyabrında Makron Yelisey sarayının bayram zalında, LREM (Respublika Hərəkətdə Partiyası) partiyasından olan deputatları, eləcə də müdafiə və kəşfiyyat sahəsinin bir neçə yüksək rütbəli rəhbərlərini qəbul edir. Sarayın qızılı tavanı altında prezident hərbi məsələlərlə bağlı “öz” konsepsiyasını, eləcə də şəxsi geostrateji baxışlarını onlara təqdim etmək üçün uzun bir monoloqa başlayır. Makron diplomatik qaydalara əməl etmədən demək istədiklərini natiqlik süzgəcindən keçirmədən gözünü yumub ağzını açır: “Mən müzakirə və dialoq tərəfdarıyam. Amma çərçivə içərisində. Mən silahlı qüvvələrin baş qərargah rəisini işdən çıxaranda hamı elə fikirləşdi ki, prezident müzakirə və dialoq tərəfdarı deyil. Bu yanlış fikirdir! Mən dialoqdayam, amma əmr edən də mənəm; mənim prezident kimi sizə ehtiyacım olsa da, siz ancaq mən dediyimi etməlisiniz...”. Sonra Makron silah istehsalçılarına qarşı şiddətli və kəskin tənqidə başlayır: “Məndən əvvəlkilər hərbi doktrina sahəsinə xeyli sərmayə qoydular – niyə? Çünki silah sənayeçilərinin çaldıqları ilə oynadılar. Mənimlə o dövr bitdi. İndi bizi ehtiyacımız olmayan materialları almağa heç kim məcbur etməyəcək...”.
Onun bu hay-küylü danışığı ancaq naşıları heyran edir. Nəticədə, institut auditoriyasında olduğu kimi, Makron, demək olar ki, qırx beş dəqiqə ərzində dayanmadan mühazirə oxuyur. Köhnə hərbçilərdən biri təəssüflə başını bulayıb burnunun altında narazılıqla donquldanır: “Makron ümumi formaya yaxşı bələddir, amma bu formanı təfərrüatlarla izah etməyə başlayanda axmaqlayır. Danışdıqları A-dan Z-yə qədər cəfəngiyatdır... SOS!”. Nitqindən sonra, həmişə olduğu kimi, Makron bu dəfə də deputatlarının verdiyi hər bir suala uzun-uzadı cavab verir, onlara nə etmək lazım olduğunu, harada nəyi necə demək lazım olduğunu ətraflı başa salır... Makronun danışığında ideoloji korpus və dərin mənalı fikirlər tapmayan iclas iştirakçılarına elə gəlir ki, prezident onlara Siyasi Elmlər İnstitutunda olduğu kimi “düşünmək tələb etməyən yüngül və hazır ideyalar çatdırır...”. Neyləmək olar, Yelisey sarayında bəzən çox az şeylə də kifayətlənirlər.
Hərbi sənaye kompleksi
Makronun fikrində ancaq bir şey var: qırx ildən bəri respublikanın bütün sirlərinin xəzinəsi olan fransız hərbi sənaye kompleksi. Ona görə də Makron üçün bu sektorda öz mövqeyini möhkəmlətmək böyük strateji və həyati əhəmiyyət kəsb edir. Fransa silahlı qüvvələrinin baş qərargah rəisi Pier de Villiyeni vəzifəsindən azad edəndən üç həftə sonra Makron ilə Kohler bu dəfə də Baş Silahlanma İdarəsinin rəhbəri Lorant Kollet-Biyyonu işdən çıxarmaq qərarına gəlirlər. Bu məsələ mətbuatda sensasiya doğurmasa da, çox vacib bir əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Baş Silahlanma İdarəsi hərbi sənaye kompleksinin döyünən ürəyidir. 67 yaşlı Lorant Kollet-Biyyon doqquz il nöqsansız xidmətdən sonra general Pier dö Villiye kimi Le Driana yaxın olmağının cəzasını çəkir. Onun yerinə karyerasının bir hissəsini kosmos sənayesində keçirən, 64 yaşlı Joel Barrey təyin olunur. Təxminən 9 min 800 işçisi olan Baş Silahlanma İdarəsi ordunu silahla təchiz etmək üçün sifarişlər almaqla, texniki testlər keçirməklə, sınaq tədqiqatları aparmaqla, eləcə də hərbi texnikanı modernləşdirməklə məşğuldur. Onu da qeyd etmək lazımdır ki, fransız ordusu Baş Silahlanma İdarəsinə hər il 15 milyardlıq sifariş verir.
(ardı var)