Erməni nazir İrəvanın sülhdən uzaq mövqeyinə “rəng qatmaqla” məşğuldur
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlementində çıxışı zamanı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bildirdiklərinə cavab verib. Qeyd edək ki, cənab Hacızadə bir neçə gün əvvəl baş nazir Nikol Paşinyanın Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına dair məqaləsinə münasibətini ifadə edərkən, əsasən üç məqamın üzərində dayanmışdı.
Birincisi, “Otuz ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur”. İkincisi, “Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib”. Nəhayət, üçüncüsü, “ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır”.
İlk növbədə onu demək lazımdır ki, A.Mirzoyanın cavabı həm həyasızlıq elementləri ilə zəngindir, həm də Azərbaycanın mövqeyinin kiçildilməsinə hesablanıb. O, ölkəsinin regional kommunikasiyaların açılmasına dair üzərinə heç bir öhdəlik götürmədiyini deyərək, məsuliyyətdən yayınıb. Halbuki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat var. Sənəddə konkret öhdəliklər var və İrəvan həmin öhdəliklərə məhəl qoymayıb. Onu da bildirək ki, Paşinyan iqtidarı ümumən üçtərəfli bəyanatı heçə saymaq yolunu tutub. Nikol və komandası sənədin Ermənistanı 44 günlük müharibənin məğlub tərəfi kasuzunu inkar edir.
Əlqərəz, A.Mirzoyanın sözlərindən belə nəticə hasil olur ki, regional kommunikasiyaların açılması rəsmi İrəvanın “Dünyanın kəsişməsi” təşəbbüsündən qaynaqlanır. Erməni nazirin həyasızlığının ikinci göstəricisi budur. Onun daha bir həyasızlığı isə ölkəsinin öz mövqeyində ardıcıl olduğunu deməsidir. İş ondadır ki, Paşinyan iqtidarı qətiyyətsizdir və bu, dəfələrlə sübuta yetirilib.
Bəli, Mirzoyan bildirir ki, Ermənistan tezliklə regional kommunikasiyaları blokdan çıxarmağa və nəqliyyat infrastrukturunun formalaşmasına şərait yaratmağa hazırdır. Məlumdur ki, bu, mənasız söhbətdir. Həm də ona görə ki, məsələ “Dünyanın kəsişməsi” avantürası üzərindədir. O avantüra ki, Azərbaycanın Naxçıvana maneəsiz yol kontekstində irəli sürdüyü Zəngəzur dəhlizi ideyasına qarşı çıxmağı hədəfləyir. Rəsmi İrəvanın istəyi budur ki, Ermənistan regional kommunikasiyaların açar fiquruna çevrilsin, həm iqtisadi, həm də mənəvi dividend qazanaraq güclənsin. Güclənsin ki, yenidən Azərbaycana qarşı ərazi iddiasına köklənsin, itirilmişləri geri qaytarsın.
Mirzoyan, eyni zamanda, bildirib ki, Ermənistan “Dünyanın kəsişməsi” təşəbbüsü əsasında Azərbaycana konkret təkliflər verib. Təkliflərin mahiyyətinə gəlincə, nazirin dedikləri, əslində, baş nazir Nikol Paşinyanın fikirlərinin, bir növ, yığcam variantıdır. Məsələn, Mirzoyanın sözlərinə görə, regional kommunikasiyaların açılması təkcə Azərbaycanla danışıqlarla məhdudlaşan məsələ deyil. Hesab edirik ki, bu yerdə Nikolun dediklərinə diqqət yetirmək zərurəti yaranır. Erməni baş nazir məqaləsində bildirmişdi: “İndi fiziki infrastrukturun hazırlığı baxımından, məsələn, yük maşınları Kornidzor keçid məntəqəsi vasitəsilə, Laçın-Kornidzor hissəsi ilə Ermənistan Respublikasının ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər yollarımızla hərəkət edərək, Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilərlər. Eyni şey əks istiqamətdə də mümkündür. Bu cür tranzit yüklərin daşınması üçün fiziki infrastruktur hazırdır. De-yure qərar qəbul etmək qalır. Azərbaycan və Türkiyədə maraq olarsa, qərarı qəbul etməyə hazırıq”.
Göründüyü kimi, Paşinyan Laçın – Kornidzor – Marqara marşrutunu alternativ kimi irəli sürür. Naxçıvana yola gəldikdə, Nikolun sözlərindən belə çıxır ki, həmin marşrut ancaq dəmir yolu olmalıdır. Üstəlik, Paşinyanın ilk baxışdan şərt təsiri bağışlayan bir fikri də var. Söhbət “Ermənistandan Ermənistana yol” məntiqindən gedir. O məntiq ki, Mehri – Yerasx marşrutunun Naxçıvandan keçməsinə əsaslanır. Beləliklə, Nikol ölkəmizin bilavasitə “Azərbaycandan Azərbaycana yol” məntiqinə qarşı da çıxmış olur.
Deməli, A.Mirzoyan Paşinyanın fikrini konkretləşdirərək, regional kommunikasiyaların açılması məsələsinə Türkiyə amilini də daxil edir. Bu, faktiki olaraq, Naxçıvanı qlobal marşrutdan kənarda qoymaqdır. Erməni nazir əbəs yerə Gümrü – Qars dəmir yolundan söz açmır. İrəvanın “planına” görə, yükdaşımalar Laçından Kornidzora, ordan Maqaraya, ordan da Türkiyəyə doğru yön almalı, beləliklə, Naxçıvanın blokadası saxlanılmalıdır.
Bəli, Paşinyan iqtidarı çox yaxşı anlayır ki, Mehri – Yerasx marşrutundan söz açaraq “Ermənistandan Ermənistana yol” məntiqini qabartmaq, Azərbaycanı razı salmayacaq. Ümumən, bu məntiq yolverilməzdir. Çünki Mehridən Yerasxa yol indi də var. Naxçıvan isə Azərbaybaycanın digər ərazilərindən ayrı düşüb.
Digər tərəfdən, rəsmi İrəvan Laçın – Kornidzor – Marqara marşrutunu ona görə təklif edir ki, Türkiyənin məsələ ilə razılaşacağına ümid bəsləyir. Hesab edir ki, Ankara Bakını vəziyyətlə barışmağa çağıracaq. Qeyd edək ki, vaxtilə Nikolun qərbli dostları da belə gedişlərə baş vurmuş, amma heç bir nəticə əldə edə bilməmişdilər.
Deyəsən, Ermənistan hakimiyyəti başını tamam itirib. Birincisi, Türkiyə Azərbaycanın regional siyasətini dəstəkləyir və ölkəmizin üzərindən Ermənistanla hansısa sövdələşməyə getməz. İkincisi, ideoloji planda Naxçıvana yol, bütövlükdə türk coğrafiyasının birləşməsidir. O coğrafiyanın ki, zamanında onun qarşısını erməni amili ilə kəsmək böyük məkr, xalqımıza qarşı tarixi ədalətsizlik idi. Üçüncüsü, hazırda regional kommunikasiyaların açılması baxımından İrəvanın təklif etdiyi Laçın – Kornidzor – Marqara marşrutu tam əlverişsizdir.
Sonda belə qənaətə gəlirik ki, A.Mirzoyanın “biz regional kommunikasiyaların blokdan çıxarılması ilə Orta Asiya və Çin ilə Azərbaycanın infrastrukturu vasitəsilə əlaqələr yaratmağa can atırıq” kimi fikir bildirməsi də Ermənistan hakimiyyətinin bütün hərəkətləri kimi, manipulyativ mahiyyət daşıyır. Rəsmi İrəvanın bu manipulyasiyası isə bütövlükdə regional sülhün və sabitliyin formalaşmasına maneçilik törətməyə hesablanıb.
Ə.CAHANGİROĞLU
XQ