Ermənistan KTMT-də qalır, yoxsa gedir?

post-img

İrəvan bu suala hələ də cavab axtarır

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin formatı dəyişməz olaraq qalır. İrəvan tərəfindən əməkdaşlığın bərpasına hazır olması barədə heç bir məlumat daxil olmayıb”.

Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov “İzvestiya” qəzetinə müsahibəsində bildirib. “Biz İrəvanla işgüzar əlaqələri saxlayırıq. Bir daha vurğulayıram ki, Ermənistan Respublikası KTMT-də müttəfiqimiz olaraq qalır. Çünki təşkilatın bu ölkəyə qarşı öhdəlikləri var. İrəvanın KTMT ilə əməkdaşlığın bərpasına hazır olması yönündə siqnallara gəlincə, münasibətlərin formatı dəyişməyib və əvvəlki kimi qalır”, – deyə Tasmaqambetov bildirib.

Bundan əlavə, təşkilat rəhbəri KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının 2025-ci ilin sonunda keçiriləcəyini təsdiqləyib. Ənənəyə görə, iclas adətən noyabr ayında keçirilir, amma dəqiq tarix hələ müəyyən edilməyib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan 3 ay bundan əvvəl KTMT çərçivəsində qəbul edilən sənədlərin İrəvanı maraqlandırmadığı, “ölkəsi ilə bu qurum arasında münasibətlərin dönüş nöqtəsini keçdiyini” bəyan etmişdi. “Biz dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq. Bu o deməkdir ki, biz hər hansı bir sənədin müzakirəsində iştirak etmirik. Biz, sadəcə olaraq, heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarilə özümüzü KTMT-dən kənarda hesab edirik, qoy nə istəyirlərsə, etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta qeyri-mümkün edir. Düşünürəm ki, biz burada geridönüş nöqtəsini keçmişik”, – deyən Paşinyanın mövqeyində son vaxtlar Moskva ilə münasibətlərdə istiləşmə müşahidə olunduğu kimi, KTMT məsələsində də mövqe dəyişikliyi hiss olunmaqdadır.

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olaraq qalır”. Bunu bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə deyib. “Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Biz bir daha təsdiq edirik ki, indiki mərhələdə İrəvanın KTMT çərçivəsində tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapılar açıqdır”, – deyə rusiyalı diplomat bildirib. M.Zaxarova sözlərinə onu da əlavə edib ki, Rusiya hər bir ölkənin öz xarici siyasət kursunu müstəqil müəyyən etmək hüququna şübhə etmir: “Bununla əlaqədar Moskva Ermənistanın KTMT çərçivəsində birgə layihələrdə iştirakının bərpasını gözləyir”.

XQ

Siyasət