ABŞ-ın hərbi yardımı dayandırması Ukraynanı çətin duruma salacaq

post-img

ABŞ-Ukrayna münasibətləri beynəlxalq gündəmin bir nömrəli mövzusu olaraq qalır. Ötən cümə günü Ağ evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında baş verən qalmaqallı mübahisədən sonra hamını bir sual maraqlandırır: Vaşinqton Kiyevə hərbi yardımlarını davam etdirəcəkmi? ABŞ mətbuatı Ağ evin “kötüyü” işə saldığını, yəni bütün yardımların dayandırıldığını iddia edir. Nə qədər paradoksal səslənsə də, dünya Qərbin Qərbə qarşı olduğu bir mərhələyə qədəm qoyur.

ABŞ prezidenti Donald Tramp Bakı vaxtilə səhər saatlarında Konqresdə çıxış edəcək və orada Ağ ev sahibinin Ukraynaya yardımın göstərilməsi ilə bağlı yanaşma dəyişikliyini elan edəcəyi gözlənilir. Əslində, prosesin artıq başlandığı iddia olunur. Belə ki, ABŞ mətbuatı Ukraynaya yardımların dayandırılması barədə əmrin verildiyini yazır. ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisinin sözlərinə görə, “Tramp ölkə liderlərinin sülhə xoş niyyət nümayiş etdirdiyini müəyyən edənə qədər Birləşmiş Ştatlar Ukraynaya bütün hazırkı hərbi yardımı dayandırır”. Hazırda Ukraynada olmayan bütün Amerika hərbi texnikasının, o cümlədən təyyarə və gəmilərdə tranzitdə olan və ya Polşada tranzit zonalarda gözləyən silahların tədarükü dayandırılır. KİV Trampın müdafiə naziri Pit Heqsetə “bu fasiləni həyata keçirməyi” tapşırdığı iddia edir.

Ağ ev məsələ ilə bağlı hələlik rəsmi açıqlama vermir. Hətta ABC News xəbər verir ki, Kiyevin ABŞ-ın özəl silah korporasiyaları ilə bağladığı müqavilələrə əsasən, yaxın bir neçə il ərzində Amerika silahlarının Ukraynaya axını davam edəcək. Televiziya kanalı bildirir ki, bu müqavilələrin bir çoxu artıq ödənilmişdir və Donald Tramp administrasiyası nəzəri olaraq müdaxilə edə bilsə də, tədarükün həyata keçirilməsini pozmamasına dair hələlik heç bir əlamət yoxdur. Bundan başqa, Ukraynanın baş naziri Denis Şmıqal da bildirdi ki, martın 3-dən etibarən ABŞ-dan silah tədarükü davam edir və heç bir silahın dayandırılması barədə məlumat yoxdur.

Bununla belə, KİV-də yayılan sözügedən iddia dünyada, xüsusilə də Avropada ciddi tənqid olunur və Ukraynaya yardım məsələsində daha fəal və real addımlar atılmasına çağırışlar edilir. Məsələn, ABŞ-ın Ukraynaya yardımı dayandırmaq qərarına cavab olaraq Almaniyanın “Yaşıllar” partiyasının lideri Françiska Brantner Ukraynaya planlaşdırılan 3 milyard avroluq yardım paketinin təcili qəbul edilməsinə çağırır. Bundestaq bundan əvvəl Ukraynaya əlavə yardım haqqında qərar qəbul edə bilməmişdi, lakin xanım Brantner hesab edir ki, ABŞ-ın qərarından sonra hərəkətə keçmək vaxtıdır: “İndi Şoltsun (Olaf Şolts-kansler-red.) maliyyə naziri nəhayət, Bundestaqa təklif təqdim etməlidir ki, Ukraynaya çoxdan planlaşdırılan üç milyard avroluq yardım ayrılsın”.

Vaşinqtonun məlum addımını tənqid edən Fransa hökuməti bəyan edir ki, ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmaq qərarı sülhü “daha da uzaqlaşdırır”. Avropa İşləri üzrə kiçik nazir Benjamin Odda mətbuata açıqlamasında bildirir ki, “Ukraynaya silah tədarükünü dayandırmaq qərarı sülhü uzaqlaşdırır, çünki bu, yalnız təcavüzkarın əlini yerdə, yəni Rusiyada gücləndirəcəkdir”. Nazir təəssüf edir ki, Ukraynaya yox, sonuncuya təzyiq göstərilməlidir.

Polşa Xarici İşlər Nazirliyi də Donald Tramp administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarının müttəfiqlərlə məsləhətləşmədən qəbul edildiyini bildirir. Nazirliyin nümayəndəsi Pavel Vronski “The Guardian” qəzetinə müsahibəsində vurğulayır ki, vəziyyət çox ciddidir və mühüm siyasi əhəmiyyətə malikdir: “Onun böyük siyasi əhəmiyyəti var – bu qərar heç bir məlumat olmadan, nə NATO müttəfiqləri ilə, nə də Ukraynanı onun mübarizəsində dəstəkləməkdə iştirak edən Rammstein format qrupu ilə məsləhətləşmədən qəbul edildi”.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen isə ABŞ-ın Ukraynaya yardımını dayandırmasını çox ciddi vəziyyət adlandırır və qeyd edir ki, ukraynalıların amerikalılardan tamamilə asılı olduğu məqamlar var. Nazirin sözlərinə görə, bu, qonşusu Rusiya ilə 3 ildən artıqdır ki, müharibə vəziyyətində olan Ukrayna üçün böyük əhəmiyyət kəsb edəcək: “Bu, döyüş meydanına təsir edəcək və ən azı ukraynalıların müdafiə qabiliyyətinə təsir göstərəcək. Elə məqamlar var ki, ukraynalılar tamamilə amerikalılardan asılıdırlar”. Danimarkalı nazir bildirir ki, Ukraynanın güclü beynəlxalq dəstəyə ehtiyacı var və buna görə də Avropa daha çox və daha sürətli işlər görməlidir: “Avropadan daha çox sürət tələb olunur və biz yaxın bir neçə gün ərzində Avropada qərar verməliyik ki, Ukrayna müdafiə sənayesinə Ukraynadakı ianələr üçün əlavə milyardlarla avro ayrılsın”.

Bəs okeanın o tayından endirilən zərbələrin təsirindən oyanmağa çalışan Avropa silahlanma və Ukrayna məsələsində konkret hansı addımlar atmağı planlaşdırır? Ötən gün Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen mətbuat konfransında Avropa İttifaqını yenidən silahlandırmaq planı təklif etdiyini bildirdi və əlavə etdi ki, layihənin dəyəri 800 milyard avrodur. Onun sözlərinə görə, indi söhbət Avropanın təhlükəsizliyinin təhdid altında olmasında və daha çox iş görülməli olmasında deyil: “Həqiqətən, biz bu sualların cavablarını artıq bilirik. Bizim üçün əsl sual, vəziyyətin tələb etdiyi kimi, Avropanın qətiyyətlə hərəkət etməyə hazır olub-olmamasıdır. Avropanın isə sürətlə hərəkətə keçməyə hazır olub-olmamasıdır”.

Bundan başqa, xanım Lyayen Ukraynanı dəstəkləmək üçün Avropanı yenidən silahlandırmaq zərurəti ilə bağlı əvvəlki bəyanatını təkrarladı. Ona görə də AK rəhbəri Aİ sammiti öncəsi “Köhnə dünya”nı yenidən silahlandırmaq məqsədilə hazırlanmış beş mərhələdən ibarət planı Avropa liderlərinə göndərdiyini açıqladı. Aİ icra orqanı rəhbərinin sözlərinə görə, Avropa Komissiyası həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalına 150 milyard avro kredit cəlb etmək niyyətindədir.

Bir sözlə, Avropa “azad dünya”nın lideri saydığı ABŞ-a qarşı olduğunu bildirir və Ukraynaya dəstək göstərəcəyini vurğulayır. Bununla belə, Qərb mediası yazır ki, Tramp Zelenskini hərbi yardımı dayandırmaqla minerallarla bağlı sövdələşmədəki təhlükəsizlik zəmanətlərini ləğv etməyə məcbur edəcək. Bu iddia ilə “Nyu-York Tayms” qəzeti çıxış edir. Ağ Ev “ümid edir” ki, Ukrayna prezidenti “tezliklə bu qərara gələcək”. Nəşrin yazdığına görə, Tramp hələ də mineral sövdələşmənin mümkün qədər tez bağlanmasını “ümidlə istəyir”, “lakin o, simasını itirməyə hazır deyil və Zelenskidən cümə günü Oval kabinetdəki qalmaqala görə üzr istəməsini istəyir”.

Ukrayna isə ABŞ-dan silah tədarükünün dayandırılmasından qorxmadığını açıqlayır. Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin müdafiə sənayesi kompleksini əhəmiyyətli dərəcədə gücləndirdiyini və hərbi ehtiyacların əhəmiyyətli hissəsini müstəqil şəkildə ödəməyə qadir olduğunu vurğulayır. RBK-Ukraynanın xəbərinə görə, Şmıqal vurğulayır ki, iki il ərzində ölkədə artilleriya istehsalı 3 dəfə, zirehli transportyorların istehsalı 5 dəfə, tank əleyhinə silahların istehsalı 2 dəfə, döyüş sursatlarının istehsalı isə 2,5 dəfə artmışdır. Hazırda Ukrayna zəruri silahların üçdə birini müstəqil şəkildə istehsal edir və məqsəd ən azı 50 faizə çatmaqdır. Maliyyə Nazirliyinin məlumatında 2025-ci ildə Müdafiə Qüvvələrinin ehtiyacları üçün 2,2 trilyon qrivnadan çox vəsaitin ayrıldığını bildirir. Belə çıxır ki, hətta ABŞ-dan silah tədarükünün dayandırılması kontekstində də Ukrayna özünün müdafiə qabiliyyətini artırmaqda davam edir. Amma nə vaxta qədər?

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət