Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Ötən həftə “Bloomberg”in Azərbaycanda akkreditasiyasının ləğv edilməsi barədə xəbər yayıldı. Bundan bir müddət öncə isə BBC və “Sputnik”in Azərbaycandakı redaksiyaları bağlanılmışdı. O cümlədən “Amerikanın səsi” radiosunun yerli bürosunun akkreditasiyası ləğv edilmişdi. Bəri başdan qeyd edək ki, adıçəkilən xarici media subyektlərinin Azərbaycan üzrə nümayəndəlik, büro və ya redaksiyalarının ləğv edilməsi onların ölkəmizdəki fəaliyyətinin tamamilə dayandırılması anlamını daşımır. Müxbirlər səviyyəsində təmsilçilik statusu qorunub saxlanılır. Hər media subyekti üzrə 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulur.
Görünən budur ki, Azərbaycan öz ərazisində transsərhəd və transmilli media subyektlərinin fəaliyyəti sahəsində yeni bir düzən qurur. Yeni sistem “Media haqqında” Qanunun 11-ci maddəsinə istinadən qurulur. Azərbaycan Xarici İşlər Nazirliyi adından yayılan açıqlamada da bu məqam vurğulanır. Qeyd edilir ki, xarici media subyektləri ilə bağlı verilən son qərarlar “Media haqqında” Qanunun 11-ci maddəsinin 2-ci bəndinə əsaslanır. Məlumat üçün bildirək ki, Qanunun 4 bənddən ibarət olan 11-ci maddəsi “Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti”ni ehtiva edir.
Həmin maddənin 1-ci bəndində göstərilir ki, “Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu Azərbaycan Respublikasının normativ hüquqi aktları, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir”. 2-ci bənd isə birbaşa indiki situasiyanı, son dəyişiklikləri nəzərdə tutur. 11.2-ci bənddə qeyd edilir ki, “Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır”. Yəni ikitərəfli razılaşma yoxdursa, xarici media subyektinin ölkə ərazisində xüsusi redaksiya, büro, nümayəndəlik səviyəsində təmsilçiliyinə icazə verilməyə bilər.
İkitərəfli razılaşma isə qarşılıqlı faydalılıq və bərabərtərəfli əməkdaşlıq prinsipinə söykənir. Qanunun 11-ci maddəsinin 4-cü bəndi bu məqama da aydınlıq gətirir. 11.4 bəndində qeyd edilir ki, “Media Reyestrinə daxil edilmiş Azərbaycan jurnalistlərinin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda, həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər”. Əslində, xarici media subyektləri ilə əlaqədar baş verən son proseslərin əsl mahiyyəti də bu nöqtədən yaranır.
Məsələ ondadır ki, media fəaliyyətini tənzimləyən əvvəlki qanunda boşluqlar olub. Xarici media subyektlərinin və jurnalistlərin fəaliyyəti üzrə detallı təsvir verilməyib. 2022-ci ilin fevral ayından qüvvəyə minmiş yeni qanun-“Media haqqında” Qanun isə “xarici jurnalistlərin akkreditəsi” mövzusunda bəzi yeniliklər edib. Bu yeniliklər milli mediamıza, milli jurnalistikamıza dəyər vermək, ölkə daxili ilə yanaşı, xaricdə də müdafiə mexanizmləri qurmaq üzərində köklənib. Məsələn, Qanunun 11.4-cü maddəsi milli mediamıza hörmətin, dəyərin təcəssümüdür. Orada göstərilir ki, “Azərbaycanda Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda, həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər”. Çox aydın şəkildə ifadə edilib ki, hansısa xarici ölkə Azərbaycan jurnalistinin akkreditasiya istəyinə əsassız olaraq neqativ rəy verərsə, bizim ölkəmiz də həmin ölkənin jurnalistinə qarşı adekvat münasibət sərgiləyəcək. Maraqlıdır: Azərbaycan jurnalisti istənilən vaxt gedib Ağ evdə, Konqresdə, Dövlət Departamentində, ya da Bundestaqda, Yelisey Sarayında brifinqlərə akkreditasiyasız daxil ola bilirmi?
Bu gün biz güclüyük, qalib dövlətin təmsilçiləriyik. Tarix bizə layiq olduğumuz yeri tutmağa şans verdi. Bundan sonra özümüzü necə aparmağımız, öz dəyərlərimizi necə qorumağımız bizdən asılıdır. Başqa dövlət bizim jurnalistlərimizin fəaliyyətinə məhdudiyyətlər qoyduqda biz dayanıb baxmamalı, boyun əyməməliyik. Yaxud, hansısa xarici media subyekti Azərbaycana fayda verəcəyini vəd edib, burada geniş təmsilçilik qazanıbsa, müxbir təmsilçiliyi əvəzinə büro, nümayəndəlik, redaksiya yaradırsa, amma kritik dönəmlərdə informasiya manipulyasiyaları ilə məşğul olursa, onların şıltaqlığına dözməyə lüzum qalmır. Təəssüf ki, indiyədək Azərbaycanda büro açmağa nail olmuş xarici media subyektləri kritik dönəmlərdə Azərbaycana fayda yox, ziyan verdilər. 2020-ci ildə-II Qarabağ müharibəsi dönəmində, 2023-cü ildə-bir günlük antiterror əməliyyatları zamanında, COP29 sammiti Bakıda keçiriləndə təxribata əl atdılar. Azərbaycanın haqq səsini yaymaq əvəzinə, düşmən ölkənin təbliğat ruporuna çevrildilər. Yəni qarşılıqlı faydalılıq prinsipini unutdular.