Moskvanın diplomatiyadan uzaq “jesti”

post-img

Rusiya XİN Azərbaycanın daxili işlərinə qarışdığının fərqindədirmi?

Ermənistanın “Verelk” analitik informasiya mərkəzi adlı media qurumu Rusiya Xarici İşlər Nazirliyinə “maraqlı” sorğu ilə müraciət edib. Bu mərkəzin Hayastan informasiya mətbəxində müəyyən nüfuza, normal çəkiyə malik olması barədə heç bir resursda məlumata rast gəlmədik.

Buradan təbii sual yaranır: “ictimai-siyasi və iqtisadi sahədə mühüm hadisələrin öyrənilməsi və işıqlandırılması” ilə məşğul olduğu bildirilən sıravi media qurumunun təxribatçı və şübhəli suallarını Rusiya XİN-in informasiya və mətbuat departamentinin “yerli-yataqlı” cavablandırması hansı diplomatik zərurətdən, yaxud professional öhdəlikdən irəli gəlib? Bu mötəbər idarənin Azərbaycanın daxili işi sayılan, separatçı “dqr” rəhbərlərinin Bakıda davam edən məhkəmə prosesinə şərh verməsi, aclıq elan edən Ruben Vardanyanın “həbsdən azad edilməsi məsələsi” ilə bağlı tövsiyələr bildirməsi beynəlxalq hüququn kobud şəkildə pozulması bir yana, iki ölkə arasında onsuz da həssaslaşmış münasibətlərə xələl gətirmirmi?

Eləcə də Rusiya XİN “Verelk”in əməkdaşı Ayka Xalatyanın Hindistanın naməlum informasiya subyektində, guya, “Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Türkiyənin dəstəyi ilə hərbi əməliyyatlara başlamağı planlaşdırması” barədə məlumatla bağlı sorğusuna cavab verib.

* * *

Məsələyə ardıcıllıqla nəzər yetirək. Birincisi, oxucuları Xalatyanın təqsirləndirilən şəxs, Bakıda həbsxanada “aclığa başlayan” Ruben Vardanyanın və digərlərinin “azadlığa buraxılmasına dair” sual-müraciəti ilə tanış edək: “Bakıda insan haqlarını kobud şəkildə pozan (?) Artsaxın keçmiş rəhbərliyinə (?) qarşı məhkəmə prosesi gedir. Ruben Vardanyan beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına (?) etiraz olaraq aclıq aksiyasına başlamaq qərarına gəlib. Mən başa düşürəm ki, Ruben Vardanyan və Artsaxın keçmiş rəhbərləri (?) Rusiya Federasiyasının vətəndaşları deyillər. Ancaq Rusiyanın münaqişənin həllində uzun illər vasitəçiliyini, sülhməramlıların Artsax hakimiyyəti ilə əməkdaşlığını (?) nəzərə alsaq, Moskva indi elementar hüquqları kobud şəkildə pozulan (?) bu insanların azad edilməsinə kömək edə bilərmi? Azərbaycan hakimiyyətinin onlara qarşı irəli sürdüyü ittihamlara Rusiya necə baxır?”

Sorğuya Rusiya XİN-in şərhinə keçməzdən əvvəl onu qeyd etməyi vacib sayırıq ki, Azərbaycan ərazisində separatçı rejim yaratmış və ona başçılıq etmiş keçmiş Qarabağ ermənilərinin, onlara dəstək verən Vardanyan, eləcə də təqsirləndirilən digər şəxslərin məhkəməsi həm beynəlxalq hüquq normalarının, həm də yerli prosessual məcəllənin tələblərinə tam riayət olunmaqla aparılır. Bunu ittiham olunanların özləri məhkəmə prosesinin gedişində etiraf ediblər. Bakının tarixin siyasi arxivinə göndərdiyi ATƏT-in Minsk qrupunun üzvü olmuş Rusiyanın indi hansı statusda separatçıların azad edilməsinə töhfə verəcəyi sual doğurur. Hay jurnalistin sorğusunda Rusiya “sülhməramlılarının Artsax hakimiyyəti ilə əməkdaşlığı” yada salınır. Yəni başqa sözlə, sülhməramlıların 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələbinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına nəinki göz yumduqları, əksinə, onlarla gizli sövdələşmələrə getmələri, İrəvandan torpaqlarımıza mina daşımalarına şərait yaratması nəzərdə tutulursa, bu halda əlavə şərhə ehtiyac qalmır.

Amma Moskvanın baş diplomatiya idarəsi bu sualı cavablandırmağı məqbul sayıb. Oxuyuruq: “Biz əminik ki, humanitar məsələlərin ikitərəfli Ermənistan–Azərbaycan danışıqlarının gündəliyinə salınması Bakı ilə İrəvan arasında etimad mühitinin yaradılmasına kömək edəcək. Biz, öz növbəsində, Rusiyanın liderlərin üçtərəfli razılaşmalarına sadiqliyini təsdiq edirik. Azərbaycan və Ermənistan, o cümlədən qaçqınların hüquqlarına hörmət, mədəni, tarixi və dini irsin qorunması, hərbi əməliyyatlar zamanı itkin düşmüş şəxslərin axtarışı, məhbusların mübadiləsi kimi məsələlərin həllini zəruri sayırıq. Biz Azərbaycan və Ermənistana ehtiyac duyduqları yardımı göstərməyə hazırıq”.

Burada, necə deyərlər, xoruzun quyruğu görünməyə başlayır. Moskvanın “humanitar məsələlər”, “qaçqınların hüquqlarına hörmət”, “məhbusların mübadiləsi” ifadələrinin altında nəyi, yaxud nələri nəzərdə tutduğu məlumdur. Bu məsələlərin üçtərəfli deyil, Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqda müzakirə edilə biləcəyini, bu zaman Bakının kənar yardıma ehiyac duymadığını şərh verən tərəf çox yaxşı bilir.

* * *

“Ermənistanın əhəmiyyətsiz bir media qurumunun göndərdiyi sorğuya Rusiya Xarici İşlər Nazirliyinin cavab verməsi təəccüb doğurur. Bu tip müraciətlərə reaksiya bildirməyin özü qəribədir”. Bunu XQ-yə açıqlamasında bildirən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, bu, nazirliyin rəsmi mövqeyidirsə və öz işləridir: “İnbi biz buna necə yanaşmalıyıq? Azərbaycan dövlət başçısı səviyyəsində dəfələrlə bəyan edib ki, bizim Ermənistan ərazisinə heç bir iddiamız yoxdur. Əslində, rəsmi Bakının bu mövqeyi kifayət edir ki, Rusiyanın rəsmi qurumları belə sorğulara, ümumiyyətlə, cavab verməsinlər. Yəni hay mediasına deyilməliydi ki, gedin öz işinizlə məşğul olun. O ki qaldı separatçıların Bakıda davam edən məhkəməsinə, bu məsələnin Rusiyaya heç bir aidiyyatı yoxdur. Həm də bu səbəbdən heç bir nüfuza malik olmayan media qurumunun sorğusunun Xarici İşlər Nazirıiyi səviyyəsində cavablandırılması yersizdir.

Ümumiyyətlə, düzünə qalsa, belə feyk informasiyalara əsaslanan sorğuya Rusiya baş diplomatiya idarəsinin cavab verməsi nə qədər yanlışdırsa, onu şərh etməyin özü də yersiz görünür”.

İndi isə keçək “Verelk”-in cavab verilməyə ehtiyac duyulmayan sorğusunun ikinci hissəsinə. Yuxarıda qeyd etdiyimiz kimi, burada söhbət “Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Türkiyənin dəstəyi ilə hərbi əməliyyatlara başlamağı planlaşdırması”ndan gedir. Rusiya XİN-nin informasiya və mətbuat departamentinin suala cavabında deyilir: “Cənubi Qafqazda nəqliyyat blokadasının güc yolu ilə götürülməsi variantı qəbuledilməzdir. Bu məsələdə mövqeyimiz hamıya məlumdur. Biz ardıcıl olaraq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imza atdıqları sazişlərə, habelə 3 ölkənin baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində əldə olunmuş müvafiq razılaşmalara əsaslanaraq, regionda nəqliyyat və iqtisadi əlaqələrin hərtərəfli açılmasının tərəfdarıyıq. Digər variantlar, o cümlədən güc tətbiqi qəbuledilməzdir. Biz bu barədə müntəzəm olaraq həm açıq, həm də tərəfdaşlarımızla ünsiyyətdə danışırıq”.

Bunun ardınca ortaya maraqlı bir məqam çıxır. Məlum olur ki, hay jurnalist Rusiya XİN-ə sualını Hindistan mətbuatında dərc olunmuş bir məqaləyə istinadla ünvanlayıb. Moskva diplomatları həmin nəşrə “kompramat” ötürən mənbənin adını açıqlayır. Cavabda deyilir: “Biz bunu Kiyev rejiminin destruktiv hərəkətlərinin növbəti təzahürü hesab edirik. Onlar belə saxta xəbərlər vasitəsilə Rusiya üçün Cənubi Qafqazdakı qonşularımızla münasibətlərdə süni əngəllər yaratmağa çalışır, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini Ukrayna ordusunun üzləşdiyi real problemlərindən yayındırmaq məqsədini güdür”.

Oxucuların nəzərinə onu da çatdıraq ki, Hindistan mətbuatı bu barədə məlumatın, guya, Ukrayna Baş Kəşfiyyat İdarəsinin “məxfi sənədlərində” yer aldığını açıqlamışdı. Ukrayna Baş Kəşfiyyat İdarəsi öz növbəsində erməni mediasının yaydığı bu məlumatı feyk-informasiya adlandıraraq təkzib edib.

* * *

“Verelk”in iki fərqli məsələnin yer aldığı sorğusunun özünü feyk-xəbərlərə söykənən Azərbaycana qarşı ideoloji təxribat adlandırmaq olar. Sadəcə olaraq, Rusiyanın ən nüfuzlu siyasi idarəsinin bu hay tələsinə bilməyərəkdən, yoxsa qəsdən düşməsi sual doğuran maraqlı məqamlardan biridir.

Məsələyə münasibətini bildirən Qərbi Kaspi Universitetininm professoru, politoloq Fikrət Sadıxov Ruben Vardanyanı Rusiyadan Azərbaycana heç kəsin dəvət etmədiyinə diqqəti çəkdi: “O, qanunsuz olaraq ərazimizə gəlib və Qarabağda separatçı rejimə dəstək verərək, orada milli maraqlarımıza zidd fəaliyyətlə məşğul idi. Təbii ki, indi törətdiyi əməllərinə görə cavab verməlidir. Dünyanın heç yerində belə hərəkətlər normal qarşılanmır və belə şəxslər məsuliyyət daşımalıdırlar. O ki qaldı onun həbsdə aclıq elan etməsinə, burada qorxulu bir şey yoxdur. Onsuz da çəkisi artıq idi, pəhrizlə gəlib normal formaya düşər. Əminəm ki, onun bütün hərəkətləri kənardan dəvət olunmuş müdafiəçisi tərəfindən diktə olunur. Amma heç bir faydası olmayacaq. Bütün məhkumlar təcridxanalarda sivil qaydalara uyğun şəkildə saxlanılırlar. Onlara qarşı heç bir təzyiqə, yaxud işgəncəyə yol verilmir. Hansısa sorğu ilə bunun əksini sübut etmək mümkün deyil.

Azərbaycan heç kəsə hədə-qorxu gəlmir, başqalarının ərazisində gözü yoxdur. Söhbət Zəngəzur dəhlizindən gedirsə, bizim əsas məqsədimiz vətəndaşlarımız üçün Naxçıvana yolun açılmasıdır. Bunu dəfələrlə demişik və üçtərəfli razılaşmanın bu bəndi danışıqların əsas mövzularından biri olmalıdır. Ruben Vardanyanın aqibəti müzakirə predmetinə çevrilə bilməz. Kənardan heç bir dövlərin bu məsələyə müdaxilə etməyə hüququ yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri bunu yaxşı dərk edirlər. Çünki Rusiya öz ərazisində separatizmə qarşı hər cür silahdan istifadə etməklə mübarizə aparıb. Bəs indi nə baş verir? Məgər Azərbaycan separatçılıqla mübarizə aparmır? Kiminsə naminə güzəştə getməliyik? Bunu Moskva, Vardanyanın vəkili, elə Vardanyanın özü də çox yaxşı başa düşürlər”.

Azərbaycan öz problemlərini kənar dəstək olmadan, özü həll etməyə üstünlük verir. Bu zaman onun nə Ermənistan–Rusiya, nə də Rusiya–Ukrayna arasındakı münasibətlərə qarışmaq həvəsi var...

İmran BƏDİRXANLI
XQ





Siyasət