Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yanvar ayında 2025–2030-cu illəri əhatə edən və iqtisadiyyatın şaxələndirilməsi, “yaşıl” enerjinin inkişafı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiyanın dəstəklənməsinə yönələn Azərbaycan üçün yeni strategiyanı təsdiqləyib.
Bu maliyyə qurumunun respublikamızdakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Azərbaycan mediasına müsahibəsində bankın əsas prioritetləri, qeyri-resurs sektorunun maliyyələşdirilməsi imkanları, dəmir yolu və logistika layihələrinin perspektivləri, ölkənin dayanıqlı iqtisadi artımında özəl sektorun rolu barədə danışıb. N. Mouravidzenin sözlərinə görə, AYİB-in Azərbaycanda fəaliyyətinin əsas istiqaməti olan iqtisadiyyatın şaxələndirilməsi bankın Direktorlar Şurası tərəfindən bu yaxınlarda təsdiqlənən yeni ölkə strategiyasında öz əksini aydın şəkildə tapıb.
Növbəti 5 il ərzində maliyyə qurumu özəl sektorun inkişafına, innovasiyalara və daha güclü regional əlaqəyə əsaslanan daha möhkəm, inklüziv və dinamik iqtisadiyyat yaratmağı qarşıya mühüm vəzifə kimi qoyub. AYİB-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri təmsilçisi olduğu bankın Azərbaycanla bağlı yeni strategiyasında “yaşıl” iqtisadiyyatın inkişafının əsas istiqamətlərindən biri olduğunu qeyd edərək deyib: “Biz təkcə bərpaolunan enerji layihələrini maliyyələşdirmirik, həm də davamlı keçid üçün zəruri olan normativ-hüquqi bazanın formalaşdırılması üzrə dialoqda fəal iştirak edirik.
Bu istiqamətdə mühüm addımlardan biri də dəstəklədiyimiz bərpaolunan enerji layihələri üçün hərrac modelinin tətbiq edilməsidir. Azərbaycanda ilk belə hərracın qalibi ötən il Bakıda keçirilən COP29 konfransında elan edilib. Bu, sektorun inkişafında mühüm mərhələ olub. Bundan başqa, biz enerji bazarında şəffaflığın və rəqabətin təmin edilməsində mühüm rol oynayan Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması istiqamətində hökumətlə sıx əməkdaşlıq etmişik”.
Qeyd edək ki, AYİB indiyə kimi “Qaradağ” GES (230 MVt, “Masdar”), “Xızı-Abşeron” GES (240 MVt, “ACWA Power”), “Biləsuvar” GES (445 MVt, “Masdar” və “SOCAR Green”), “Neftçala” GES (315 MVt, “Masdar” və “SOCAR Green”) daxil olmaqla, 1,2 GVt bərpaolunan enerji gücünü əhatə edən layihələri dəstəkləyib.
Bu layihələr Azərbaycanın elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmaq strategiyasının bir hissəsidir. AYİB şəffaflıq, ətraf mühit və korporativ idarəetmə standartlarına cavab verməsi şərti ilə bərpaolunan enerji mənbələri ilə bağlı yeni təşəbbüsləri maliyyələşdirməyi davam etdirməyə hazır olduğunu bildirir.