Hazırda ölkəmizdə reallaşdırılan islahatların nəticəsi kimi qeydə alınan davamlı artım iqtisadiyyatımızın dayanıqlılığına, mürəkkəb iqtisadi şəraitdə dinamik göstəricilərin sabitliyinə və kənar təsirlərə qarşı davamlılığına imkan verir. İqtisadi artım şəffaf biznes fəaliyyətinin təmin olunduğu şəraitdə formalaşıb.
Belə bir tendensiyanın davamlılığı büdcə daxilolmalarının mütəmadi artması deməkdir. Bu isə cəmiyyətin rifahının, yüksək səviyyəli sosial xidmətlərin və firavan gələcəyin təminatıdır. Vergi sisteminin indiki inkişaf dinamikasına heç də asanlıqla nail olunmayıb. Belə ki, son illərdə ölkəmizdə vergi siyasəti iqtisadiyyatın indiki tələblərinə uyğun şəkildə daim təkmilləşdirilib, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericilikdə bir sıra əsaslı dəyişikliklər edilib. Bütün bunlarla yanaşı, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə metodları təkmilləşdirilib, şəffaflaşma prosesləri genişləndirilib, dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub. Şəffalaşma sahəsində əsas indikator kimi aparılan islahatların nəticəsi olaraq qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsi yüksəlib.
Həyata keçirilən layihələrin nəticəsində son 6 ildə əmək müqavilələrinin sayında 82 faiz artım qeydə alınıb. Bu dövr ərzində özəl sektorda əməkhaqqı fondu 2,7 dəfə çoxalıb. Vergi sistemində islahatların həyata keçirilməsində əsas məqsəd isə həm şəffalaşmanı təmin etmək, qeyri-leqal əmək münasibətlərini leqal müstəviyə daşımaq, həm də yeni iş yerləri yaratmaq, eyni zamanda, dövlət büdcəsindən transportların həcmini azaltmaq olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Bakıda keçirilən “Vergi və mühasibatlıq zirvəsi” adlı konfransda bütün bunlar barədə ətraflı danışıb. İqtisadi inkişafa töhfə verməyin ən vacib şərtlərindən biri olan fiskal dayanıqlığın təmin edilməsi və biznes subyektlərinin şəffaf fəaliyyətinin təşviq olunması zəruriliyinə diqqət çəkən natiq vergi siyasəti vasitəsilə məşğulluğun artırılmasının önəmini vurğulayıb. O, bu zaman qarşıya qoyulan vəzifənin sahibkarlıq mühitini daha da yaxşılaşdırmaqla və vergi ödəyicilərinin könüllü ödənişlərini təşviq etməklə iqtisadi fəallığı artırmaq olduğunu bildirib.
N. İmanov qeyd edib ki, son 6 ildə aparılan islahatlar qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artmasına ciddi təsir edib. Onun sözlərinə görə, bu müddətdə fəal vergi ödəyicilərinin sayı 2019-cu illə müqayisədə 1,8 dəfə artıb, ƏDV ödəyicilərinin sayı isə 3 dəfəyə yaxın yüksəlib. Hesabat dövrü ərzində transfertlərin həcmi 18 faiz aşağı düşüb. Fəal vergi ödəyicilərinin say artımı isə 2019-cu illə müqayisədə 1,9 dəfə çoxalıb, ƏDV ödəyicilərinin sayı isə 3 dəfəyə yaxın artıb.
Bu göstəricilər sahibkarlığın inkişafı və iqtisadiyyatın şəffaflaşması istiqamətində atılan addımların uğurlu nəticəsidir. Vergi xidməti olaraq yeni dövrdə fəaliyyətin daha iddialı və hədəfyönlü siyasətlə davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Azərbaycanda “kölgə iqtisadiyatı”nın miqyasının azaldılması sahəsində son illər əhəmiyyətli nəticələr əldə edilib. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən hədəflərə uyğun şəkildə vergi sistemində ciddi dəyişikliklər və yeni yanaşmalar tətbiq olunub, iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib. Şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlarla dövlət – biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi ilə biznesin “kölgə”dən çıxmasına nail olunub.
Yeri gəlmişkən, hazırda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyənləşdirilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunur. Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayış verməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilmir.