Siyasi naşılıq və diplomatik korafəhmlik. İsveç parlamentinin üzvü, erməni əsilli Arin Karapetin Avropa İttifaqının bölgədə kəşfiyyatla məşğul olan mülki missiyasının fəaliyyətinin əsl mahiyyətindən bixəbər açıqlamasını məhz bu cür xarakterizə eləmək olar.
Xaricdəki erməni lobbisinin təsiri altında verilən belə “dünyadan xəbərsiz” siyasi açıqlamaları, bəyanatları müşahidə edirik. Bir mərkəzdən idarə olunan anti–Azərbaycan kampaniyasında növbəti “missiyanı” yerinə yetirmək növbəsi Arin Karapetə çatıbmış.
“Azərbaycanın Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçilər missiyasının fəaliyyəti ilə bağlı səsləndirdiyi ittihamlar onunla bağlıdır ki, Ermənistan–Azərbaycan sərhədində həmin müşahidəçilərin mövcudluğu Bakını Ermənistana öz şərtlərini diktə etmək vasitələrindən məhrum edir”.
Bu fikirləri “Armenpress”ə müsahibəsində İsveç parlamentinin üzvü, erməni Arin Karapet bildirib. O, Bakının Ermənistana qarşı irəli sürdüyü haqlı tələblərini “şərh edərkən” belə deyib. İstefada olan almaniyalı polismen Markus Ritterin başçılıq etdiyi kəşfiyyatçıların, “binokllu diplomatların” az qala Azərbaycanın Ermənistana “təcavüzünə sipər olduğunu” bəyan edən piyada-diplomat Karapet bu missiyanın işinin Ermənistan üçün olduqca vacibliyindən dəm vurub: “Çünki bununla İrəvan dünyaya həqiqətən atəşkəsi kimin pozduğunu göstərir”.
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə atəşkəsi axırıncı dəfə kimin və harada pozduğunu göstərə bilməyən İsveç parlamentinin hay deputatı gülünc və ironik “beynəlxalq şərhini” davam etdirir: “İki ildən artıqdır ki, Ermənistan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının mandatının uzadılması ilə bağlı Avropa Şurasının qərarı çox önəmlidir. Xüsusilə Cənubi Qafqazda sülhün bərqərar olmasında müşahidəçilər missiyasının oynadığı rolu nəzərə alaraq, Brüsselin qəbul etdiyi bu qərar son dərəcə əhəmiyyətlidir”.
Bəli, Karapet hesab edir ki, Aİ-nin Ermənistandakı mülki missiyası regionda davamlı sülhün və uzunmüddətli qarşılıqlı etimadın yaradılması baxımından effektiv mexanizmdir. Onun fikrincə, “missiyasının mandatının daha iki il müddətinə uzadılması azad, demokratik ölkə kimi Ermənistan” üçün çox vacibdir. Hay xəstə təxəyyülünün məhsulu, məkrli siyasi niyyətin təzahürü sayıla biləcək bu açıqlaması ilə Karapet Aİ missiyasını Ermənistanı “hər cür hücumdün və bəladan qoruyacaq çətir” kimi qələmə verir: “Ermənistan bu missiya və onun patrul xidməti vasitəsilə öz sərhədlərində sabitliyi müəyyən dərəcədə təmin edə bilər”.
Bunları oxuduqca bizdə belə qənaət hasil olur ki, siyasi düşüncəsinin primitivliyi əndazəyə sığmayan skandinaviyalı deputat nədən danışdığını özü də bilmir. Sanki, əvvəlcədən yazılı şəkildə hazırlanmış “şparqalka-cavabları” “Armenpres”in müxbirinin üzünə diktə edir.
Bu prinsiplər isə Aİ-nin Ermənistandakı missiyasının mandatında öz əksini tapmış mətndən götürülüb: “Missiyanın məqsədi sərhədin təhlükəsizliyini təmin etmək, tərəflər arasında etimad mühitini və sərhədlərə yaxın ərazidə yaşayan vətəndaşlar arasında təhlükəsizlik hissini artırmaq, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının son nöqtəsinə – sülh müqaviləsinə nail olmaqdır”.
İndi sizə hər şey aydın oldumu? Əgər dediklərimizə hələ də şübhəniz qalıbsa, onda Arin Karapetin Ermənistanın silah əldə etməsi ilə bağlı Azərbaycanın bəyanatına toxunarkən dediyi sözlərə diqqət yetirin: “Bakının belə ittihamlar irəli sürməyə haqqı yoxdur. Çünki bu, öz təhlükəsizliyini təmin etmək istəyən hər bir suveren dövlətin, o cümlədən Ermənistanın təbii hüququdur”. Tanış gəlirmi? Ermənistan parlamentinin spikeri Alen Simonyanın sözləridir. Karapet onları tutuquşu kimi təkrarlayır.
Ola bilsin ki, Simonyan bu açıqlama ilə Stokholma səfərində Karapetin də üzvü olduğu İsveç parlamentində çıxış edib...
İ.HƏSƏNQALA
XQ