QHT-lər Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair topoqrafik və kosmik görüntülü rəqəmsal xəritə hazırlayıb

post-img

Bu gün “Environmental Protection First” (EPF) Koalisiyası Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritəni ictimaiyyətə təqdim edib. İnfobank mahiyyətli rəqəmsal xəritə azərbaycan, ingilis və erməni dillərində hazırlanıb.

AZƏRTAC xəbər verir ki, rəqəmsal xəritəni tərtib edən Koalisiyaya üzv olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bu unikal resurs üzərində peşəkar komandanın bir ildən çox fəal iş apardığını bildirib. O, “Environmental Protection First” Koalisiyasının 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə də hazırladığını, indiki Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarına əsaslanan rəqəmsal xəritənin həmin xəritənin bazasında ərsəyə gətirildiyini, lakin materialların xeyli zənginləşdirildiyini diqqətə çatdırıb. Müəllif onu da əlavə edib ki, interaktiv xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazilər, əsas çirkləndirici müəssisələr, onların hansı maddələrlə hansı çayları çirkləndirməsi barədə məlumatlar təqdim olunur. “Ermənistanda dövlət qurumları bu barədə susmağa üstünlük verir, amma biz xəritələri həm də erməni dilində hazırlayırıq ki, yerli ictimaiyyət ondan gizlədilən ekoloji cinayətlərdən agah olsun. Peşəkar kartoqrafik əsər olan xəritə müasir “WGS-84” koordinat sistemində yığılıb, klikləmə üsulu ilə obyektlər haqqında ətraflı məlumat almaq mümkündür. Xəritənin altlığı həm topoqrafik, həm də kosmik görüntülüdür. İstehsal müəssisələri haqqında məlumatlar kosmik təsvirlərin analizi nəticəsində alınıb. Xəritədə xammal emalı müəssisələrinin, istismar edən şirkətlərin adları, müəssisələrin təyinatı, ətraf mühitə təsirləri haqqında məlumatlar, foto və videolar verilib”, - deyə o əlavə edib.

“Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, Ermənistanın və bu ölkədə işləyən xarici şirkətlərin dünyada qəbul olunmuş ekoloji norma və standartlar gözlənilmədən apardıqları ekosid fəaliyyəti dərhal dayandırılmalıdır, Ermənistanın bütün bölgəni zəhərləməsinin qarşısı alınmalıdır. Ermənistan əhalisi və region ölkələrinin ictimaiyyəti onlardan gizlədilənlər barədə mütləq xəbər tutmalıdır: “Azərbaycan QHT-lərinin Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı açdığı cəbhə dünyanın ən müxtəlif ölkələrindəki ekoloji təşkilatları tərəfindən alqışlanıb. Biz davamlı dəstək mesajları alırıq. 2024-cü ilin mayında Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Forumunda, sentyabrında ABŞ-da BMT-nin Gələcəyin Sammiti toplantısında, noyabrında COP29-da biz bu barədə geniş iş aparmışıq. Ermənistanın hərəkətlərindən bir çox ekofəallar və beynəlxalq ekspertlər dəhşətə gəlib”. Amin Məmmədov artıq İran mediasında da mövzunun müzakirəsinin başlandığını deyib: “Bu günlərdə İranın ekoloji problemlər üzrə ixtisaslaşmış nəşri olan “Pəyam-e ma” qəzeti Araz çayının çirklənməsi ilə bağlı geniş hesabat dərc edib. Hesabatda açıq yazılır ki, Araz çayı 59 ağır metalla yüksək dərəcədə çirkləndirilib. Suyu çirkləndirən əsas elementlər alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumdur, bunlar əsasən Ermənistanın dağ-mədən müəsisələrindən qaynaqlanır”.

A.Məmmədov xatırladıb ki, 2024-cü ildə Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İranın Mədən Evinin sədri Məhəmmədrza Bəhramən Ermənistanın mis mədənlərinin tullantı sularının Araz çayına axıdıldığını, amma İran hökumətinin buna göz yumduğunu dilə gətirib.

“Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva bəyan edib ki, Ermənistan özünün dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla, xarici QHT-lərlə birgə ekoloji monitorinqlər keçirmək üçün Azərbaycan QHT-lərinə şərait yaratmalıdır: “Ermənistanın baş naziri Nikol Paşinyan bu mövzuda Azərbaycan ictimaiyyətinin, dünyanın onlarla ölkəsindən olan vətəndaş cəmiyyəti təmsilçilərinin ona ünvanlanan müraciətlərini 2 ilə yaxındır ki, cavabsız qoyub. Hələ də Ermənistanın dağ-mədən müəssisələri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədlərini gizlədir, ictimailəşdirməkdən imtina edir”.

Pərvanə Vəliyeva ictimaiyyətə təqdim edilən interaktiv rəqəmsal xəritədə Azərbaycan xalqına məxsus milli toponimlərin olduğu kimi verilməsini, hətta yer adları ilə bağlı tarixi xəritələrə istinadları yüksək qiymətləndirib, bunun Qərbi Azərbaycan yaddaşı prizmasından da mühüm əhəmiyyətini vurğulayıb.

“Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Sabit Bağırov təklif edib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü öz Standartında ekoloji normaların tətbiqinə dair meyarları gücləndirməlidir: “Belə olsa, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvü olan Ermənistan bu sahədə daha şəffaf və məsuliyyətli olar. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası üzrə Katibliyi də bu problemlə bağlı konkret mövqe ortaya qoymalıdır. Biz onlarla da görüşməyə hazırıq. Çünki Ermənistan bu Konversiyaya qoşulmaqdan qaçır”.

Qeyd edək ki, “Environmental Protection First” (EPF) Koalisiyasının hazırladığı interaktiv rəqəmsal xəritə yaxın günlərdə Koalisiyanın saytında yerləşdiriləcək.

Siyasət