Ombudsman Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb

post-img

Bəyanatı təqdim edirik:

"Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyaların, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.

Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.

Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılmasına, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması və qətliama siyasi-hüquqi qiymətin verilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində davamlı olaraq həyata keçirilir. Kampaniya nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilmiş, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul edilmişdir.

İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, axtarış-qazıntı işləri zamanı həmin ərazilərdə, o cümlədən Xocalı rayonunun Əsgəran qalası yaxınlığında aşkar olunmuş kütləvi məzarlıqlar torpaqlarımızın işğalı, habelə Xocalı soyqırımı zamanı azərbaycanlıların Ermənistan hərbçiləri tərəfindən amansızlıqla qətlə yetirildiyini bir daha əsaslı şəkildə sübut edir.

Qeyd etmək istərdim ki, tərəfimizdən dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsi istiqamətində hər hansı ciddi tədbir görməkdən, habelə işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş soydaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar barədə dəqiq məlumatları verməkdən boyun qaçırır.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın vaxtilə Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlamaları, habelə beynəlxalq terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti” kitabında erməni hərbçiləri tərəfindən törədilmiş amansız cinayətlər barədə qeydləri bu qətliamın Azərbaycan xalqına qarşı etnik zəmində nifrət siyasətinin nəticəsi olaraq məqsədli şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Eləcə də erməni yazıçı Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda baş vermiş hadisələrin, türklərə qarşı amansızlıqla törədilmiş cinayətlərin qəhrəmanlıq kimi təsvir edilməsi Ermənistanda mövcud ideologiyanın başqa millətlərə qarşı nifrət zəminində formalaşdığını bir daha göstərmiş olur.

Eyni zamanda, sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslər öz ifadələrində 1992-ci ilin fevral ayında Xocalı cinayətlərində iştiraklarını etiraf edirlər. Eləcə də mülki əhaliyə qarşı ağır cinayət əməllərinin törədildiyi və onların kütləvi şəkildə basdırıldıqları yerlər əyani şəkildə göstərilmişdir. Bütün bunlar Ermənistan tərəfindən dinc əhaliyə qarşı amansız soyqırımı cinayətlərinin törədildiyini bir daha sübut edir.

Beynəlxalq təşkilatlar, dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verməli, həmin cinayəti törədən şəxslərin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdırlar".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Siyasət