Markus Ritterin erməni uşaqlarının yadına saldıqları
ABŞ-ın yeni administrasiyasının əlini “Qoca qitə”nin üzərindən götürməsi səbəbindən Avropada ağlaşma kampaniyasının vüsət aldığı bir vaxtda Aİ-nin Azərbaycan–Ermənistan şərti sərhədinin Hayastan tərəfində keşik çəkən mülki müşahidə missiyasının rəhbəri Markus Ritter “Armenpress”ə müsahibə verərək qurumun faydalı olduğundan dəm vurub. Məşhur el məsəlimizdə deyildiyi kimi, “keçi can hayındadır, qəssab piy axtarır”.
Missiyanın mandatının uzadılmasından, onun gələcək işlərindən, Ermənistan–Azərbaycan sərhədindəki vəziyyətdən söz açan cənab Ritter deyib ki, 2023-cü ilin fevral ayından, yəni müşahidəçilərin fəaliyyətə başlamalarından sonra Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin sayı xeyli azalıb. Əlbəttə, insidentlərin sayı azalıb. Ancaq bu, ona görə deyil ki, Aİ-nin missiyası səmərəlidir. Ortada sadə reallıq var – Ermənistan Azərbaycandan daha çox qorxmağa başlayıb.
Rəsmi İrəvan görüb ki, sərhəddə eskalasiya mühiti formalaşdırmaqla, nəyəsə nail olmaq mümkünsüzdür. Özü də bunu yalnız Ermənistan rəhbərliyi deyil, onun xaricdəki havadarları da anlayıblar. Əlqərəz, durum sözügedən missiyanın işinə məsuliyyətli yanaşmasından qaynaqlanmır. Müşahidəçilərin fəaliyyətinə gəlincə, əldə binokl pikap avtomobillərlə o yan-bu yana şütüyüb yol ölçmək iş sayıla bilməz.
Bəli, Ermənistan 44 günlük müharibədən sonra çox çalışdı ki, Azərbaycana qarşı nə isə etsin, ancaq istəyinə çata bilmədi və hazırda sülh danışıqlarında müəyyən irəliləyiş var. Bunu Ritter də vurğulayıb. Yəni o, etiraf edib ki, sərhəd insidentlərinin sayının azalması təkcə missiyanın xidməti deyil, buna Azərbaycanla Ermənistan arasında siyasi vəziyyət, danışıqlar da öz töhfəsini verib. Ancaq Ritterin “əminəm, mövcudluğumuzla biz ümumi prosesi dəstəkləyirik” şəklində fikir bildirməsi son dərəcə gülüncdür. Axı müşahidəçilərin sülhlə yaxından–uzaqdan hansısa əlaqələri yoxdur.
M.Ritterin sözlərinə görə, Aİ müşahidəçilərinin mandatının uzadılmasına dair qərar göstərir ki, qurum özünün Ermənistandakı monitorinq missiyasını Cənubi Qafqazda sabitliyin təşviqi üçün faydalı alət kimi görür. Bu fikir də gülüncdür. Çünki “monitorinqçilər” mahiyyətcə Ermənistanı qorumaq barədə düşünmürlər. Onlar yağışdan sonrakı göbələkləri xatırladırlar və Aİ-nin, bütövlükdə kollektiv Qərbin regionda möhkəmlənmək avantürasının icraçıları qismində çıxış edirlər. Alət məsələsinə gəlincə, özünü bu ampluada təsdiqləməyə çalışan Ermənistandır. Ona görə Ritter, bir növ, minnət qoyurmuş kimi deyir ki, rəhbərlik etdiyi missiya bölgəyə rəsmi İrəvanın dəvəti ilə gəlib. Nəzərə alaq ki, dəvət ritorikasının özü də gülüncdür...
Azərbaycan həmişə Aİ-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyətindən narazılığını bildirib, təsisatın İrəvanla Bakı arasında nizamlanma prosesinə töhfə vermədiyini bəyan edib və onu sərhədyanı ərazilərdə kəşfiyyat işləri aparmaqda suçlayıb. Ritterin buna, xüsusən, müşahidəçilərin kəşfiyyat işləri aparmalarına münasibəti aşkar həyasızlıq motivlərinə söykənib. O bildirib ki, rəhbəri olduğu təsisat təkcə Azərbaycan yox, eyni zamanda, Ermənistan tərəfin də müşahidəsini aparır və Brüsselə tam vəziyyəti, baş verən hər şeyi çatdırır.
Bir təzada, daha doğrusu, yarımçıq dünyagörüşünün məhsulu sayılacaq söz oyununa diqqət yetirək. Aİ müşahidəçilərinin, guya, şəffaf şəkildə fəaliyyət göstərdiklərini deyən Ritter onu da bildirib ki, onlar münaqişə zonasına beynəlxalq baxış gətirir və bu, hər iki tərəf üçün əlverişsizdir. O zaman meydana sual çıxır: əlverişsiz müşahidəçilərin ərazidə nə işləri var? Amma Ritter suala cavab tapır. Onun qurduğu əndərəbadi cümlədən gəlinən nəticə budur ki, Ermənistan və Azərbaycan beynəlxalq ictimaiyyətin, xüsusən Brüsselin sərhəddə baş verənlərdən xəbərdar olduğunu dərk etməlidir. Tərəflər onu da anlamalıdırlar ki, xəbərsiz heç nəyə başlaya bilməyəcəklər. Heç dəxli var?
Yaxşı, tutalım, Brüssel Ermənistanın sərhədə qoşun yığdığını bildi. Onun duruma qarşı çıxacaq hansısa mexanizmi var? Hələ Azərbaycana təsirdən heç danışmırıq. Çünki, bu, tamamilə nonsensdir. Əlqərəz, məsələnin qoyuluşu Ritterin dilə gətirdiyi kimi deyil və bunu onun özü də gözəl anlayır. Sadəcə, o, erməni havadarlığına hansısa formada haqq qazandırmalıdır və mövcud istiqamətdə aciz cəhdlərə baş vurur. Başı, obrazlı desək, sərhəd dirəklərinə dəyib partlamasa, yaxşıdır.
Sərhəd dirəklərindən söz düşmüşkən, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Aİ-nin müşahidə missiyası sərhədin demarkasiya və delimitasiya işləri aparılmış hissələrində fəaliyyət göstərməyəcək. Ritter də bunu təsdiqləyib. Ancaq bir qədər fərqli formada: “Artıq sərhəd bölgəsində olmağımıza ehtiyac yoxdur. Lakin, bu, o demək deyil ki, biz kəndlərə, fermalara baş çəkməyə, sərhəd daxilində insanlarla söhbətə davam etməyəcəyik. Əgər Ermənistan və Azərbaycan razılaşsalar ki, biz onsuz da dəqiq demarkasiya olunmuş sərhəd bölgələrində birbaşa patrul xidməti aparmamalıyıq, biz bunda problem görmürük”.
Azərbaycan lap əvvəldən Aİ-nin missiyasına ehtiyacın duyulmadığını bəyan edib və dəfələrlə də müşahidəçilərin fəaliyyətindən narazılığını bildirib. Digər yandan, Paşinyanın diqqətə çatdırdığımız fikirləri var. Ritter isə deyir ki, müşahidəçilər sərhədin demarkasiya olunmuş hissələrində əhali ilə söhbətlər aparacaq və sair. Görəsən niyə? Bir halda ki, iki dövlət məsələni həll edib, əhali ilə söhbətə, təmasa, fermalara baş çəkməyə nə hacət? Aİ-nin təmsilçiləri müşahidə aparırlar, yoxsa mal-qara üçün aqronomluq edirlər? Bəlkə toyuq oğurluğuna girişmək fikrindədirlər? Hələ müşahidəçilərin mənasız işlər görməmələri üçün Azərbaycan və Ermənistan birgə müraciət etməli imiş! Üstəlik, Ritter fikirləri ilə iki dövlətin apardığı delimitasiya və demarkasiya işlərinin legitimliyini şübhələndirir. Həyasızlıq olar, ta bu qədər də yox!
Ritterin bildirdiyinə görə, “hər iki tərəf öz mövqelərini gücləndirir. Beləliklə, hər an pisə hazırlaşmağa davam edirlər. Bu, göz qabağındadır. Lakin hazırda biz heç bir gərginlik görmürük və bu, artıq bir aydır davam edir. Ona görə biz regionun düzgün yolda olduğuna tam əminik. Amma həmişə deyirik: ən pisə və ən yaxşıya hazır olun. Bizə elə gəlir ki, hər iki tərəf bu məsləhətə əməl edir”.
Əvvəla, Aİ missiyasının Azərbaycana hansısa məsləhət vermək səlahiyyəti yoxdur, ola bilməz. İkincisi, hər iki tərəf sərhədə qüvvə toplayırsa, müşahidəçilər buna qarşı çıxa bilirlərmi? Aydındır ki, yox. Üçüncüsü, ən pisə və ən yaxşıya hazır olmaq nə deməkdir? Deyəsən, Ritter danışığını bilmir. Elə isə onun müsahibəsindəki daha bir gülməli, gülməli olduqğu qədər də acınacaqlı məqama nəzər salaq.
M.Ritter rəhbərlik etdiyi missiyanın gələcək fəaliyyətindən, məramından söz açarkən bildirib ki, müşahidəçilər keçən ilin dekabrından sərhəd kəndlərində məktəblərə baş çəkərək şagirdlərlə söhbətlər aparır, onlara nə işlə məşğul olduqlarını, Avropa İttifaqının hansı məqsəd daşıdğını izah edirlər. Bir sözlə, o, Aİ-nin missionerlik fəaliyyəti gerçəkləşdirdiyini vurğulayıb. Hələ bunu da deyib: “Biz bu fəaliyyəti genişləndirmək istəyirik. Gələcəkdə təkcə məktəblərə baş çəkmək deyil, həm də işimizi Avropa ideyasını təbliğ etmək üzərində quracağıq. Hər kəsə bildirmək istəyirik ki, biz casusluq, kəşfiyyat fəaliyyəti və ya başqa bir şeylə məşğul deyilik. Biz bu bölgəyə sabitlik gətirməyə kömək göstərmək istəyən mülki, silahsız missiyayıq”.
Göründüyü kimi, M.Ritter missiyası üçün əlavə fəaliyyət qondaracaq qədər həyasızdır. Onun fikirləri daha bir məşhur “qarğa, məndə qoz var” el deyimini xatırladır. Müşahidəçilər məktəblərə baş çəkib şagirdlərə özlərinin nə işlə məşğul olduqlarını bildirirlərsə, deməli, erməni uşaqlarının şüurlarına sərhəd zonasının gərgin olduğuna dair təsəvvür yeridirlər. Ola bilər, sərhədin o tərəfində, guya, zombilərin yaşadıqlarını da bildirirlər. Onlardan nə desən çıxar. Dolayısı ilə Aİ-nin missiyasının insanlara qorxu aşıladığını söyləmək mümkündür. Bir halda ki, missiya üzvləri bölgədədirlər, sakinlərdə təhlükənin hələ sovuşmadığı qənaəti qala bilər. Halbuki, dövlətlərarası delimitasiya və demarkasiya işləri aparılıb və prinsipcə, heç bir qorxuya və təşvişə yer olmamalıdır.
Sonda əvvəldə haqqında söz açdığımız məqama qayıdaraq bir daha deyək ki, ABŞ əlini Avropanın üzərindən çəkib və bu, “Köhnə qitə”də tragikomik vəziyyət yaradıb. Birləşmiş Ştatların hazırkı administrasiyasının təmsilçilərinin irəli sürdükləri tezislər Avropanın təhlükəsizlik arxitekturasının və bu arxitekturanı şərtləndirən hərəkət və davranışların kökündən yanlışlığını ortaya qoymaqdadır. Heç şübhəsiz, növbə Aİ-nin timsalında Avropa siyasi industriyasının Cənubi Qafqaz yanaşmasındakı qələtlərinə də gələcək. O zaman Ermənistanda sərhəd monitorinqi adı ilə gerçəkləşdirilmiş fəaliyyətin səmərəsizliyi və faydasızlığı, məsələnin təhlükəsizliyin təminatı deyil, aşkar tərəfkeşliklə bağlılığı daha yağlı boyalarla təqdim olunacaq.
Ə.CAHANGİROĞLU
XQ