“Böyük manipulyator”

post-img

Mark ENDEVELD

(əvvəli qəzetin ötən saylarında)

O vaxtdan siyasi kampaniyaların maliyyələşdirilməsinə nəzarət edən Milli Komissiya (CNCCFP) öz hesabatında ortaya çıxardı ki, “GL Events” şirkəti tərəfindən namizəd Makrona seçicilərlə görüş üçün kirayə götürdüyü zalların ödənişində heç bir məntiqə sığmayan güzəştlər olunub və həddindən artıq endirimlər tətbiq edilib. Onu da qeyd edək ki, “GL Events” şirkətinin Fransanın bir çox şəhərlərində şəxsi zalları var. CNCCFP iddia etdi ki, namizəd Makronun kampaniyasına şirkət tərəfi ndən bəzi xidmətlər üçün 30 faiz, hətta 50 faiz endirimlər olunub. Hələ bu harasıdır? Siyasi kampaniyaların maliyyələşdirilməsinə nəzarət edən 152 Milli Komissiyaya görə "Hərəkətdə!" hərəkatına 2016-cı ilin iyul ayında icarəyə götürdüyü zal üçün 100 faiz endirim olunub. Amma “GL Events” şirkətinin direktorunun dediyinə görə bütün prosedurlara qanunla riayət edilib: “Bu, kommersiya məsələsidir... Endirimin olub-olmaması hər zalın özünün direktorundan asılıdır. Rəhbərlik direktorlara heç bir göstəriş vermir”, – deyə “GL Events” şirkətinin prezidenti siyasi kampaniyaların maliyyələşdirilməsinə nəzarət edən Milli Komissiyaya izah edir. “Təsadüfə” bax ki, “GL Events” şirkətinin beynəlxalq əlaqələr direktoru Brüno Lartij da könüllü olaraq Makronun kampaniyasında iştirak edir...

Jerard Kollombun digər tanışları arasında Makronun yaratdığı "Hərəkətdə!" hərəkatına qoşulan bir sahibkar da var: Infogrames və Infonie informatika şirkətinin təsisçisi, 2017-ci ilə qədər “Robopolis” şirkətinin rəhbəri olmuş Brüno Bonnell. Jerard Kollombun digər yaxın adamları kimi Bonnell də 2017-ci ilin iyununda LREM partiyası adından (Respublika Hərəkətdə Partiyası) deputat seçildi. Lionun merinin Makrona yaxınlaşan dostları arasında Ron departamentinin deputatı, Feyzin şəhərinin keçmiş meri İv Blen də var. Bu köhnə sosialist, əvvəllər Sosialist Partiyasının qoynunda fəaliyyət göstərən, güclü və çox populyar assosiasiya olan Leo Lagrange Federasiyasının tərkibində işləyirdi... indi isə 2017-ci ildən LREM partiyasının (Respublika Hərəkətdə Partiyası) deputatı kimi həmin federasiyaya rəhbərlik edir... Ancaq 2018-ci ildə Lion şəhəri ilə birinci dəfə müqavilə bağlayan Leo Lagrange Federasiyasının kollektivi öz prezidentlərinin Makronun partiyasına yaxınlaşmasına çox pis baxır.

Brijit Makronun “jeje” deyə çağırdığı Jerard Kollomb kampaniyaya həm də həlledici siyasi yardım verir, belə ki, onun sayəsində Fransua Bayru da Emmanuel Makrona qoşulur. Ancaq Modem partiyasının rəhbəri (Fransua Bayru) "Hərəkətdə!" qrupunun namizədi ilə birbaşa heç nə danışmır, fikirlərini Kollombun vasitəsilə ona çatdırır. 2017-ci ilin yanvar və fevral ayları arasında Fransua Bayru ilə Emmanuel Makron 153 dəfə, özü də hamıdan gizli görüşürlər. Bu məxfi görüşlər çox vaxt Senatda – Modem partiyasının parlamentdəki vitse-prezidenti Jaklin Quroltun ofisində keçir. Fransua Bayru bərk narahatdır, o, öz kiçik partiyasının (Modem) Makron prezident olandan sonra onun Milli Assambleyadakı prezident çoxluğu arasında əriyib yoxa çıxmasından qorxur. Beş dəfə Parisə gəlib Makronla gizli şəkildə görüşəndən bir müddət sonra Fransua Bayru Jerard Kollomb vasitəsilə "Hərəkətdə!" qrupunun namizədindən istədiyini əldə edir. Namizəd söz verir ki, əgər prezident seçilsə, gələcək Milli Assambleyada onun (Modem partiyası) ayrıca parlament qrupu olacaq...

Görəsən, Emmanuel Makronun Marsel şəhərindəki şəbəkələrdən istifadə etməyində də Jerard Kollombun əli olub? 2008-ci ildə Lionun meri Rens şəhərində keçirilən Sosialist Partiyasının (PS) konqresində “aydın xətt ” adlanan siyasi bir qrupu təqdim edəndə, hamıya aydın oldu ki, bu qrupa PS-nin (Sosialist Partiyası) bir çox “yerli baronları”, o cümlədən Jan Jerman (Tur şəhərinin meri), Manuel Valls (Evri-Kururon şəhərinin meri), xüsusən də Bouches-du-Rhône departamentinin baş şurasının prezidenti Jan-Noel Qerini də daxildir. Hətta Pier Moskoviçi də bu balaca siyasi qrupa yaxınlaşmışdı. Marsel şəhərinin bu güclü senatoru (Pier Moskoviçi) sonralar tərəfkeşlikdə və əliəyrilikdə ittiham olundu və beləliklə, deputat toxunulmazlığını itirdi. 2014-cü ildə o, Sosialist Partiyasından uzaqlaşdırıldı və bir müddət sonra özünə siyasi bir hərəkat qurub ona “La Force du 13” (13-ün Gücü) adını verdi. İndi bu adam prezidentliyə doğru qətiyyətlə addımlayan Makronun macəralarına yaxşı gözlə baxır. Səbəb? Çünki Makron bir vaxtlar onu öz sıralarından uzaqlaşdıran Sosialist Partiyasını saya salmır.

“Köhnə dünyadan” dəstək

Bu simvolik bir şeydir: prezidentliyə namizədliyini elan edəndən sonra "Hərəkətdə!" hərəkatının namizədi seçki kampaniyasındakı ilk səfəri üçün Marsel şəhərini seçir. Belə ki, noyabrın 17 və 18-də o, Bouches-du-Rhône departamentinə təşrif gətirir. Marseldə şəhərin meri Jan-Noel Qerininin çevrəsindəki deputatlar və rəsmi adamlar tərəfindən qarşılanır. Sosialistlərin biri rişxəndlə qeyd edir ki: “Makroniya depressivlər məclisidir...”.

Marsel şəhərinin yaxınlığındakı Penn-Mirabo qəsəbəsində Makronun seçicilərlə görüşü təşkil edilir. Bu qəsəbənin meri senator Mişel Amieldir. (Gələcəkdə bu adam LREM (Respublika Hərəkətdə) partiyasının senatoru olacaq.) Makronun seçicilərlə görüşünü təşkil edənlər arasında, Marselin meri Jan-Noel Qerininin digər yaxın adamları da gözə dəyir: məsələn Velo şəhərinin meri, deputat Jan-Pier Maqqi... Qəribədir ki, bu adam bir neçə aydan sonra, yəni 2016-cı ilin əvvəlində ictimai vəsaitlərin mənimsənməsində, favoritizmdə, əliəyrilikdə və tərəfkeşlikdə ittiham olunacaq. Makron, həmçinin, əvvəllər Marselin merinə yaxın olan sosialist senator Samia Qali ilə də görüşür. Jurnalistlərin sualları qarşısında Emmanuel Makronun namizəd kimi bu ilk səfərinin təşkilatçıları Korin Versini və Kristof Kastaner (Hər ikisi "Hərəkətdə!" hərəkatının üzvləridir) pərtliklərini gizlədə bilmirlər. Makron isə özünü elə aparır ki, guya bu boyda problemi görmür: “[…] Xeyr, cənab JanNoel Qerininin mənim bu regiona səfərimlə heç bir əlaqəsi yoxdur. Heç mən o adamı hələ şəxsən tanımıram, onunla heç vaxt görüşməmişəm. […] Ancaq mən burda bizə qoşulmaq istəyən çoxlu qadınlar və kişilər görürəm ki, onlar siyasi həyatlarında özlərinə tamamilə başqa öhdəliklər götürmək istəyirlər. Bu məni çox sevindirir, çünki görürəm ki, onlar bizə şəxsi maraq xatirinə yox, mənəvi dəyərlər üçün yaxınlaşırlar. Mən də hamını bu dəyərlərin ətrafında birləşdirmək istəyirəm...”

Prezident seçkilərinin birinci turundan əvvəl, seçicilərlə görüş çərçivəsində Makron yenə də Marsel şəhərinə qayıdır. Budəfəki yığıncaqda Bouches-du-Rhône departamentinin sosialist federasiyasının keçmiş direktoru, İstre şəhərinin meri, Fransua Bernardini, eləcə də JanNoel Qerininin və Mişel Amielin keçmiş müttəfi qləri, Marsel şəhərinin 2-ci və 3-cü rayonlarının meri Liset Narduççi və Qran şəhərinin meri İv Vidal da iştirak edir. “Fransa azad respublikadır. Onların da hamı kimi bizim yığıncaqlara gəlib Emmanuel Makronu dəstəkləməyə ixtiyarları var”, – deyə Kristof Kastaner İnfo Marsactu saytında onlara haqq qazandırır. Sonra da əlavə edir ki, (adamın inanmağı gəlmir) “... düzdür, bu adamların içində üç-dörd nəfər var ki, onların işi məhkəmədədir. Ancaq bilirsiniz, Marsel şəhərində məhkəmə tərəfindən ittiham olunmayan deputat tapmaq çətin məsələdir... (?) Bir də ki, bu məsələ bizim (partiyanın) hər şeyi yerli-dibli dəyişmək istəyimizə mane olmur...”. Prezidentliyə namizədin seçicilərlə görüşlərini təşkil edən adamın danışığına bax!.. Yatsan, yuxuna da girməz!

(ardı var)

Siyasət