Mark ENDEVELD
(əvvəli qəzetin ötən saylarında)
Prezident olmağa can atan gənc namizəd elə öz ölçüsündə, öz çəkisində olan başqa bir problemə də çarə tapmalıdır: məsələ burasındadır ki, banklar onun cəmisi doqquz ay əvvəl tələm-tələsik, necə deyərlər, iki daşın arasında yaratdığı "Hərəkətdə!" hərəkatına qəti etibar eləmirlər. Niyə? Ona görə ki, bu qrupun kifayət qədər vəsaiti yoxdur! “Böyük bankların sahibləri Makron üçün heç bir şey eləmədilər. Onlar üçün birinci planda sağçılar partiyasından prezidentliyə namizəd Fransua Fiyyon idi...”, – deyə kampaniyanın keçmiş bir əməkdaşı qeyd edir. Bir şeyi də nəzərdən qaçırmayaq ki, BPCE qrupuna daxil olan Bred bankı əvvəllər bir müddət Rotşild bankında çalışan Fransua Perol tərəfindən idarə olunur. O ki qaldı Crédit Mutuel CIC bankı, o da çox nüfuzlu Rotşild bankında çalışan, özü də Makronun əsas dəstəkçilərdən biri Fransua Henronun müştərilərindən biridir. Əslində, bankdan kredit ala bilməməyin səbəbini Makronun kampaniyasındakı bəzi adamların diqqətsizliyi və onların işə ciddi yanaşmamaları ilə izah etmək olar. Hiss olunur ki, onlar banklarla danışıqlar aparmağı əvvəlcədən planlaşdırmamışdılar. Hamı elə bilirdi ki, bu iş çox asan başa gələcək. Başqa cür necə ola bilərdi ki? Onların qəhrəmanı hər gün həm Fransız mətbuatı tərəfindən, həm də beynəlxalq mətbuat tərəfindən təriflənib göylərə qaldırılırdı. Ancaq onu da nəzərdən qaçırmaq lazım deyil ki, Kristian Darnyat Crédit Mutuel bankına çox tez müraciət eləmişdi: 2016-cı ilin noyabrında – hələ Makron prezident seçkilərinə namizədliyini rəsmi elan etməmişdən əvvəl!.. Amma çox keçmədi ki, bir sıra praktiki suallar ortaya çıxdı. Kredit üçün müraciət olunan banklar tələb etdilər ki, Makron krediti şəxsən öz adına götürsün. Bundan başqa, sözügedən kreditlər üzrə sığorta məsələsi də ortaya qoyuldu...
Sanballı adamların sığorta müqavilələrinə dəstəkləri
Elə bu vaxt bir sıra sanballı adamların dəstəyi sayəsində Makronun komandası düşdüyü çətin vəziyyətdən çıxış yolu tapır. Makronlar ailəsinin yaxın dostu, advokat Jan-Mişel Darruas gələcək müqavilələr üçün onlara hüquqi nöqteyi-nəzərdən tayı-bərabəri olmayan məsləhətlər verir. Başqa bir yardım da komanda üçün həlledici rol oynayır: Siaci Saint Onore sığorta broker şirkətinin sədri Pier Donnersberqin sayəsində Emmanuel Makron “Allianz” sığorta şirkəti ilə 200 000 avro məbləğində şəxsi kontrakt bağlamağa müvəffəq olur. 1947-ci ildə Əlcəzairin Oran şəhərində anadan olan Donnersberq bir müddət jurnalist kimi fəaliyyət göstərəndən sonra Edmond dö Rotşild qrupunun dəstəyi ilə sığorta brokerinə çevrilib və bu sahədə xeyli var-dövlət əldə edib. Bu adam 2016-2017-ci illərdə Fransanın Baş naziri olan Bernard Qazanövün yanında dövlət katibi olan Jan-Mari Lö Qüen ilə dostluq edir. Bu sonuncu da, əvvəl Sosialist Partiyasında (PS) Manuel Vallsın prezidentliyə namizədliyini dəstəkləsə də, sonradan Makron tərəfə keçib. Bu strateji qrup 2015-ci ildən özəl kapitalda dünya liderlərindən biridir və Avropada, Şimali Amerikada və Asiyada 82 milyard dollar dövriyyəsi olan Ardian şirkətinə daxildir. Maliyyə sahəsində ağır çəkili qruplardan biri olan Ardian şirkəti, “Forbes” biznes jurnalı tərəfindən dünyanın ən nüfuzlu qadınlarından biri kimi təqdim edilən Dominik Seneqiye tərəfindən idarə olunur. Bu qadının çox geniş, qollu-budaqlı şəbəkəsi var. O, bir vaxtlar EDF (Fransanın Elektriki) şirkətinin prezidenti, eləcə də Milli Polisin baş direktoru Pier Joksun kabinet direktoru olmuş Fransua Russeli ilə də yaxındır. 2007-ci ildə Dominik Seneqiye, tərkibində olduğu Att ali komissiyasının iclaslarının birində Emmanuel Makronla tanış olub. Söhbət əsnasında məlum olub ki, onların ümumi tanışları çoxdur. Məsələn, keçmiş diplomat, 2017-ci ilin fevralında Makronun Əlcəzairə səfərinin təşkilində mühüm rol oynayan Fransua-Ayssa Tuazi. O da Ardian qrupunun yüksək səviyyəli rəhbərlərindən biridir, üstəlik, Yaxın Şərq və Asiya zonalarını idarə edir. Bundan başqa, Makrona qoşulmazdan əvvəl Emmanuel Miqel də əvvəllər Ardian şirkətində menecer kimi fəaliyyət göstərib. Necə deyərlər, dardır cahan, hamı hamını tanıyır.
Bu çoxsaylı yardımlar sayəsində namizəd Makron, nəhayət, aprel ayının əvvəlində Bred bankından 4 000 000 avro məbləğində kredit götürür. Sonra bir o qədər də (4 000 000 avro) Crédit Mutuel bankından kredit alır. Ancaq bu 8 000 000 avro kifayət eləmir. Ona görə də aprelin 12-dən başlayaraq, Kristian Darnyat iki başqa bankla kontakta girir ki, prezident seçkilərinin ikinci turunu hazırlamaq üçün yenidən 2 700 000 avro məbləğində kredit götürsün. Xoşbəxtlikdən, bu dəfə birinci turdan qalib çıxan namizədin kampaniyasına bu kreditlər asanlıqla verilir. Nəhayət, Makronun maliyyə komandası bir az rahat nəfəs ala bilir. Onu da qeyd etmək lazımdır ki, 2017-ci ilin yanvarındakı proqnozların əksinə olaraq, namizədin üstünə yanvar ayı ilə mart ayı arasında xeyli ianə yağışı yağır! Belə ki, seçki kampaniyası cəmisi üç ay ərzində 5 000 000 avro əldə edir – halbuki 2016-ci ildə eyni məbləği toplamaq üçün düz doqquz ay lazım olmuşdu. Bu gözlənilməz ianələr vaxt itirmədən kampaniyanın kassalarına daxil olur. Təbii ki, belə bir məqamda bankdan alınacaq kreditlərə heç fikir verən də yoxdur. Bu, sözün əsl mənasında, möcüzədir!.. Ancaq Kristian Darnyat, Sedrik O. və Emmanuel Miqelin üstlərinə götürdükləri öhdəliklər hələ bitməyib. Onlar ekspertlərin köməyi ilə kampaniyaya keçirilən məbləğləri Kampaniyaların Hesabat Komissiyasına təqdim etməlidirlər ki, dövlətdən qismən kompensasiya ala bilsinlər. Bəzi müəmmalı görünən ianələrə baxmayaraq, (bu gün həmin o müəmmalı görünən ianələr haqqında dövlət prokurorluğu hələ də əlavə araşdırmalar aparır) Makronun maliyyə komandasının hazırladığı hesabat, qəribə görünsə də, Kampaniyaların Hesabat Komissiyası tərəfindən təsdiqlənir.
Bəs, görəsən, Emmanuel Makron prezident seçiləndən sonra kampaniyanın daxilində ona bu qədər sadiq olan, ona bu qədər kömək göstərən adamlar necə mükafatlandırılacaqlar? Kampaniya xərclərinə cavabdeh olan Sedrik O. və maliyyə qrupunda strateji mövqe tutan olan Emmanuel Miqel Yelisey sarayında biznes və ixrac üzrə müşavir təyin olunacaqlar. Onların bəxti gətirir, çünki Makron prezident seçiləndən sonra onlarla çiyin-çiyinə çalışan Kristian Darnyatı yaddan çıxarır. (?) Ancaq sonradan bu adam LREM (Respublika Hərəkətdə) partiyasının (keçmiş "Hərəkətdə!" hərəkatı) icra komitəsinə sadəcə üzv kimi qəbul olunur. Baxmayaraq ki, BNP Paribas bankının bu yüksək səviyyəli professional kadrı, namizəd Makrondan ötəri hər şeydən imtina edib onun kampaniyasına qoşulmuşdu ki, bu cavan oğlanı prezident eləsin, amma Makron dövlət başçısı seçiləndən sonra ona heç bir vəzifə təklif etmədi. Makronu namizəd olanda dəstəkləyən adamların heç biri prezidentin bu alçaq hərəkətini başa düşə bilmirlər. Darnyat, doğrudan da, onun üçün çox şey eləmişdi. İndi o, Siyasi Elmlər İnstitutda “geoiqtisadiyyat” müəllimidir. Makronun prezident kampaniyasında işləyənlər içərisində onun istifadə edib, sonra da cındır bir əski kimi kənara atdığı tək adam Kristian Darnyat deyil. Ondan başqa da prezident tərəfi ndən “unudulan” xeyli adamlar var. Prezident Makron hamıya eyni mesajı atır: məni sevən arxamca addımlamalıdır. Daha doğrusu, ya arxamca addımla, ya da gəbər..
Ya arxamca addımla, ya da gəbər
Başqa cür necə ola bilərdi ki? Makron özü də etiraf etdi ki, o, prezidentliyi “oğurladı”. 2016-cı ilin noyabrında prezidentliyə namizədliyini elan edəndə, əhali arasındakı rəsmi sorğulardan məlum olmuşdu ki, bu adam, ən yaxşı halda, yalnız 9 faiz səs toplaya biləcək... Buna baxmayaraq, bu adam dövlət başçısı seçildi – nəyin və kimin hesabına? Etiraf etmək lazımdır ki, Makron sağçılar partiyasının, eləcə də solçular partiyasının xeyli görkəmli şəxsiyyətlərini özünə tərəf çəkə bildi. Etiraf etmək lazımdır ki, Makron metodik şəkildə siyasi düşmənlərinin çevrələrindən və şəbəkələrindən istifadə edə bildi. Etiraf etmək lazımdır ki, Sosialist Partiyasından prezidentliyə namizədin bütün klanlarını, bütün şəbəkələrini ustalıqla ələ keçirib onu məhv elədi. Makron bu əməllərində çoxuna yaxşı təsir bağışlayan, çoxuna xoş gələn orijinal bir strategiyadan da istifadə etdi – prezident Fransua Hollanda olan nifrətindən! Düz beş il – Fransua Holland hakimiyyətə gəldiyi gündən hakimiyyətdən gedənə qədər – Makron ona kin-küdurət bəslədi və seçkilər zamanı, o, prezidentə olan nifrətini və kin-küdurətini oyuna qoyub onun müqabilində xeyli səs qazandı.
2016-cı ilin iyun ayında "Hərəkətdə!" hərəkatının yaranmasından bir neçə həftə sonra Emmanuel Makron Fransua Hollandın rəsmi məsləhət çilərindən biri olan Jülien Draya müraciətlə demişdi ki: “Fransua prezidentliyə ikinci dəfə namizəd olmayacaq, sən vaxtını boş yerə sərf edirsən...”.
(ardı var)