Heydər Əliyevin ekoloji strategiyası

post-img

Naxçıvandakı Heydər Əliyev Muzeyi müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin sağlığında onun həyat və fəaliyyəti ilə bağlı ölkəmizdə yaradılan ilk muzeydir. Ulu öndər 1999-cu il fevralında fəaliyyətə başlayan bu mədəniyyət ocağı ilə həmin il oktyabrın 13-də muxtar respublikaya səfəri zamanı tanış olmuşdu.

Görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən muzeydə ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar da bu gün fəxrlə ekspozisiyada nümayiş etdirilir. Bu yaxınlarda muzeydə “Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsi də yaradılıb.

Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev bildirdi ki, yeni bölmənin açılışı ölkəmizdə “yaşıl” texnologiyalara geniş meydan açıldığı bir dövrdə ekoloji önəm daşıyan hadisədir. Belə bir bölmənin açılmasının digər əhəmiyyəti ondan ibarətdir ki, müstəqil dövlətimizin qurucusunun fəaliyyətində Azərbaycanın yeni enerji strategiyasının yaradılması mühüm yer tuturdu. Dahi şəxsiyyətin bu siyasətin müəllifi kimi gördüyü işlər misilsizdir və Azərbaycanın bügünkü inkişafının təməlini təşkil edir.

Ən yeni tariximizi əhatə edən bu fəaliyyət haqqında muzey ziyarətçilərini məlumatlandırmaq, düşünürəm ki, ən əhəmiyyətli addımlardan biridir. Bundan əlavə, nəzərə alaq ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi həm də mühüm tədqiqat mərkəzidir. Burada ümummilli liderin həyatı və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərinə dair nümayiş olunan materiallar, tarixi sənədlər, nadir fotolar, ulu öndərə məxsus şəxsi əşyalar tədqiqatçılar, elm və təhsil müəssisələrinin kollektivləri tərəfindən hər zaman böyük maraqla qarşılanır.

“Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsində sərgilənən materiallar da artıq ziyarətçilərin böyük marağına səbəb olub. Ramil Orucəliyev bu barədə açıqlamasında dedi:

– Muzeyin yeni bölməsində ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının icrasını, dahi şəxsiyyətin neft-qaz sənayemizin inkişafına, neftçilərə yüksək diqqətini əks etdirən nadir fotolar yer alıb. Məsələn, bölmədəki stenddə birinci fotoşəkil 1971-ci il martın 28-də Azərbaycanda milyardıncı ton neftin çıxarılmasına həsr olunub. Həmin il aprelin 2-də Moskvada Kommunist Partiyasının XXIV qurultayında çıxış edərkən ümummilli lider Heydər Əliyev respublika neftçilərinin bu nailiyyəti barədə xəbəri dünyaya çatdırır. 1971-ci il aprelin 21-də isə neftçilərin əmək qəhrəmanlığının bir daha yüksək səviyyədə qeyd olunması üçün Bakıda respublika ictimaiyyəti nümayəndələrinin təntənəli yığıncağı keçirilir.

Digər fotoşəkillərdə isə 1980-ci ildə Ulu öndər Heydər Əliyevin Sosialist Əməyi Qəhrəmanı, qazma ustası İsrafil Hüseynovla görüşü, 1981-ci ildə Bakı Neft Emalı Zavodunda ELOU-AVT qurğusuna baxışı, 1984-cü ildə Bakı Dərin Özüllər Zavodunda STB-1 barjasının istismara verilməsi mərasimində çəkilən fotoşəkilləri əks olunub.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, 1996-cı ilin 24-27 aprel tarixlərində ulu öndərin Norveçin Stavanger şəhərindən 240 kilometr məsafədə - Şimal dənizində yerləşən neft platformasında çəkilən fotoşəkillər, 1997-ci ildə Vaşinqtonda neft sazişlərinin imzalanması mərasimində, həmin il noyabrın 12-də “Çıraq-1” platformasında ilk neftin hasil olunması, 1999-cu ildə “Bakı-Supsa” neft kəmərinin açılış mərasimində çəkilən fotoşəkillər nümayiş etdirilir. Bunlarla bərabər, 2002-ci il sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməlqoyma mərasimi zamanı çəkilmiş fotoşəkillər də stenddə əks olunub.

Yeri gəlmişkən, muzeydə 7 ölkənin 11 ən məşhur neft şirkəti ilə imzalanmış və təxminən, 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş “Əsrin müqaviləsi”nin surəti də nümayiş etdirilir. Bölmədə yer alan maraqlı eksponatlar sırasında ümummilli liderin adını daşıyan 6-cı nəsil yarımdalma qazma qurğusunun, “Prezident Heydər Əliyev” tankerinin maketləri də var ki, bunlar da muzeyi ziyarət edən tamaşaçılar tərəfindən maraqla qarşılanır.

Ramil Orucəliyev sonda qeyd etdi ki, 420 eksponatla fəaliyyətə başlayan muzeydə dahi rəhbərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından ibarət, ümumilikdə, 5466 eksponat toplanıb. Yeni bölmənin yaradılması isə muzey fondunun daha da zənginləşdirilməsinə önəmli töhfədir.

Heydər Əliyev Muzeyi bu gün Naxçıvana gələn qonaqların ilk üz tutduğu məkanlardan biridir, eyni zamanda muxtar respublikada ən çox ziyarət edilən muzeylərdəndir. Təsadüfi deyil ki, təkcə ötən il muzey 20 mindən çox insan tərəfindən ziyarət olunub. 25 ildir fəaliyyət göstərən muzey Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı uğurla həyata keçirir.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

 

Ekologiya