Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Alen Bersenin məlumat xarakterli çıxışı dinlənilib.
Çıxışdan sonra avropalı parlamentarilərin sualları cavablandırılıb. Erməni deputat AŞ-nin Baş katibinin COP29 çərçivəsində Bakıya səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa mühüm töhfələrlə bağlı fikrinə dair təxribat xarakterli sual səsləndirib. Baş katib A. Berse erməni deputatın bu sualının mətbuata açıqlamadan götürüldüyün bildirərək, ona gözlədiyi cavabı verməyib. O, Avropa Şurasının COP kontekstində beynəlxalq dinlərarası konfransa dəvət olunduğunu bildirib və həmin konfransda iştirak etdiyini deyib.
“Azərbaycan və mənim bu ölkəyə səfərimlə bağlı, sadəcə, vurğulamaq istərdim ki, keçən il Bakıya getməyim mənim üçün çox vacib idi. Mən Azərbaycanla münasibətlərdə bütün çətinliklərdən xəbərdaram”, - deyə A. Berse qeyd edib. Bildirib ki, bu səfər çərçivəsində 2025-ci ilədək Azərbaycan üzrə Fəaliyyət Planının dayandırılmış icrası bərpa olunub. Bu, qarşımıza qoyduğumuz əsas məqsəd idi və bu görüş də məhz bu çərçivədə təşkil olundu.
Baş katib əlavə edib ki, Cənubi Qafqazla bağlı sualları cavablandırmağa hazırdır, çünki bu regionda çoxlu əlaqələri var. (AZƏRTAC)