Ölkəmizin nüfuzlu toplantıya marağını şərtləndirən məqamlar
Azərbaycan hər il İsveçrənin Davos şəhərində keçirilən, dünya liderləri və tanınmış iş adamlarının bir araya gəldikləri Davos İqtisadi Forumunun (DİF) fəal iştirakçılarındandır və ənənəsinə sadiqdir. Prezident İlham Əliyevin mötəbər toplantıya növbəti dəfə qatılması da ölkəmizin ona marağının müstəsna göstəricisidir. Nəzərə alaq ki, DİF iştirakçılarının da Azərbaycana marağı var və yazımızda bu barədə də söz açacağıq.
Bu il yanvarın 20-dən 24-dək keçiriləcək böyük nüfuza malik DİF dünyanın yüksək reytinqli toplantılarının ön sıralarındadır. Forum çərçivəsində təşkil olunan ayrı-ayrı iclas və müzakirə panelləri aktual əhəmiyyət daşıyır. Ötən illərin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev bu aktuallığa ayrıca Azərbaycan nəfəsi gətirməyi bacarıb. Dövlətimizin başçısının görüşlərinin say çoxluğu və əhatəliliyi Davos İqtisadi Forumunu ölkəmiz üçün müstəsna platformaya çevirib.
Məlum olduğu ki, Azərbaycanın Davos Forumunda ilk iştirakçılığı 1995-ci ildə qeydə alınıb. 2007-ci ildən isə bu iştirakçılıq mütəmadi xarakter daşıyıb. Mütəmadilikdə isə zərurət var. Yəni, əvvəldə də vurğuladığımız kimi, forum həm bizə lazımdır, həm də bizi dünyanın tərkib hissəsi sayanlara. Yeri gəlmişkən, ikinci məqamın üzərində dayanaraq deyə bilərik ki, əslində, Davos Forumu özlüyündə Azərbaycanla bağlı reallıq indikatorudur.
Məsələ ondadır ki, xaricdəki anti-Azərbaycan dairələr ölkəmizi gözdən salmaq, onun nüfuzuna xələl gətirmək üçün var gücləri ilə çalışırlar. Onlar elə görüntü formalaşdırırlar ki, sanki Azərbaycan beynəlxalq aləmdən təcrid durumdadır və sair və ilaxır. Təsəvvür edin, bu cür yaramaz ritorika fonunda Prezident İlham Əliyev Davosda böyük rəğbətlə qarşılanır və nəticə etibarilə ölkəmizlə bağlı təsəvvürlərin gerçək və real müsbət təzahürləri meydana çıxır. Nəinki meydana çıxır, hətta ön planda olur. Bütün bunlar isə dövlətimizin başçısının liderlik xüsusiyyətinin nəticəsidir.
Bəli, Prezident İlham Əliyev DİF çərçivəsində dünya liderləri və aparıcı şirkət rəhbərləri ilə görüşlər keçirməklə yanaşı, eyni zamanda, təşkil olunan panellərə qatılır, sualları cavablandırır, ziddiyyətli sayılan məsələlərə aydınlıq gətirir. Dövlətimizin başçısı Cənubi Qafqazın lider ölkəsi sayılan Azərbaycanın sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdəki uğur və nailiyyətlərini təfsilatı ilə diqqətə çatdırır ki, bu, ölkəmizin beynəlxalq birlik üçün vaciblilik parametrini müfəssəl şəkildə vurğulayır, Azərbaycan DİF-in fəal iştirakçısı imicində təqdim olunur, ona etimad güclənir. Bakının 2013-cü ildə forumun iştirakçılarını qəbul etməsi də bu etimadın nəticəsi idi.
Azərbaycan DİF-in iqtisadiyyatın rəqabətə davamlılığı indeksi üzrə MDB məkanında lider ölkələrdəndir. Nəzərə alaq ki, rəqabətə davamlılıq ölkəmizin iqtisadi inkişafını şərtləndirən mühüm cəhətlərdəndir. O da nəzərə alınmalıdır ki, Azərbaycan inkişafının dayanıqlılıq parametrini dünyaya fayda amili üzərində də qurur. Xaricə ixracımız hər il genişlənir, paralel olaraq ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatındakı rolu artır. DİF-in prioritetləri sırasında isə həm qlobal enerji layihələrinin şaxələndirilməsi, həm də bölgədə və dünyada mövcud istiqamətdəki əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. Prezident İlham Əliyev Azərbaycan qazı üçün qapıların, yeni tranzit yolların açıldığını heç də əbəs yerə vurğulamır. Axı Avropa İttifaqının “mavi yanacaq”la təminatı məsələsi də DİF-in başlıca diskussiya mövzuları sırasındadır və Avropa dövlətlərinin Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirməyə çalışmaları qaçılmazdır. Ona görə ki, birincisi, Azərbaycan qazı həm öz keyfiyyəti ilə fərqlənir, ikincisi isə daşınma marşrutuna görə Aİ üçün cəlbedicidir.
Ümumən, ölkəmizin liderinin DİF çərçivəsindəki fəaliyyəti onu göstərir ki, Azərbaycan sözügedən platformaya yalnız iqtisadi nöqteyi-nəzərdən yanaşmır və bu təbiidir. Əvvəla, dəyişən dünyanın reallıqları var və həmin reallıqlar iqtisadi amilləri siyasi amillər üçün təsir vasitəsinə çevirməkdədir. Azərbaycan özünün siyasətində bu iki xətti bir-birindən ayrı saxlasa da, obyektiv situasiyalar barədə düşünmək zərurəti yaranır.
Beləliklə, mövcud reallıqlar pəncərəsindən baxsaq, deyə bilərik ki hazırda DİF-in dünya siyasətinə, beynəlxalq münasibətlər sisteminə təsiri böyükdür və təsir ildən-ilə artır. Nəticədə bu platforma, eyni zamanda, dünyanın güc mərkəzlərinin də qlobal dialoq müstəvisinə çevrilir. Hesab edirik ki, bu baxımdan da Azərbaycanın forumdakı yüksək səviyyəli təmsilçiliyində böyük dividend var.
Qeyd edək ki, dünya çağırışlarla üz-üzədir. Bu baxımdan qlobal iqtisadi böhranı, silahlı münaqişələri, ərzaq çatışmazlığını və sair məsələləri vurğulamaq mümkündür. Problemlər milyonlarla insanın həyatına mənfi təsirini göstərməkdədir. Əlbəttə, durum dünyanı düşündürməlidir və Davos Forumunun beynəlxalq aləmin fikir sahiblərinin bir araya gəlməsindəki missiyası müstəsnadır. Ən başlıca məqam isə bu platformanın haqqında söz açdığımız problemlərin müzakirəsi xüsusundakı etibarlılığıdır. Nəzərə alaq ki, iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərlərinin toplaşdıqları DİF interaktiv dialoqlarla yanaşı, həm də qeyri-rəsmi təmasların gerçəkləşdirildiyi əlverişli müstəvidir.
Onu da bildirək ki, 2025-ci ilin Davos Forumunun hədəflərində müəyyən fərqliliq var. Əgər əvvəlki bir neçə forumda xüsusən süni intellekt, iqlim dəyişikliyi, insan kapitalı və texnoloji yeniliklər kimi mövzuların müzakirəsi ön planda idisə, bir çox ekspertlərin qənaətincə, hazırda göstərdiyimiz istiqamətlər üzrə yalnız müzakirələrin aparılması deyil, habelə konkret və strateji yanaşmaların müəyyənləşdirilməsi əsas götürülür. Məsələn, iqlim dəyişikliyi həmişə prioritet mövzulardandır, ancaq DİF-də bu mövzuya innovativ tərəfdaşlıqlar və yaşıl sənaye sahəsində konkret həllər seqmenti qazandırmaq da prioritet seçilir. Bu isə o deməkdir ki, artıq forum müəyyən mənada diskussiya klubu təsiri bağışlayan ampluadan çıxır, belə demək mümkünsə, qərarverən imicə köklənir.
XQ-nin analitik qrupu