Gedənləri yola salan oldumu?

post-img

Ağ evin sabiq yiyələrini buna layiq görmədilər

ABŞ tarixində ən bahalı andiçmə mərasimi baş tutdu. Bu tədbir ənənəvi olaraq Ağ evdə deyil, bu dəfə Kapitolidə – qanunverici palataların yerləşdiyi, Vaşinqtonun ən hündür binasında keçirildi. Artıq iki gündür respublikaçı Donald Tramp ABŞ-ın 47-ci prezidenti kimi fəaliyyətə başlayıb. İndi bütün dünya nəfəsini dərib Trampın Bayden–Blinken “cütlüy”ünün son 4 ildə həyata keçirdiyi bədnam siyasətini durduracağını, inkişafa və sabitliyə töhfə verəcəyini gözləməkdədir. Demokrat Co Bayden və onun uğursuz komandasının müharibələrə, qanlı qarşıdurmalara, yüz minlərlə insanın ölümünə, ABŞ-ın iqtisadi cəhətdən çöküşünə bais olduğunu sıravi amerikalılar da etiraf edirlər...

Dörd il bundan əvvəl 78 yaşında prezidentlik kürsüsünə yiyələnəndə Co Baydenin həm fiziki, həm də mənəvi cəhətdən bu posta layiq olmadığı bəlli idi. Qoca veteranın bu ayıbını ört-basdır etməkdən ötrü həkimləri, imicmeykerləri xeyli əziyyət çəkməli oldular. Amma onun sıyrılmaqda olan sifətinə kosmetik müdaxilələr edilsə də, pozulmuş beynini, yaddaşını bərpa etməyi bacarmadılar. Məhz bu səbəbdən Cozef Bayden yaddaşlara siyasi xarakterə malik lider kimi deyil, “marionet” kimi yazılacaq. Son iki ildə 46-cı prezident fiziki cəhətdən o dərəcədə zəifləmişdi ki, yeridiyi zaman qəfildən yıxılır, çıxışını kağızdan belə düzgün oxumağı bacarmırdı. Baydenin düşdüyü gülünc vəziyyətlər hələ bundan sonra məzəli əhvalatların, lətifələrin mövzusu olacaq. Amma onun ABŞ tarixində  məsuliyyətsiz, ölkə adına ləkə gətirən dövlət başçısı kimi düşəcəyini indidən demək mümkündür. Birbaşa Dövlət katibi Antoni Blinken tərəfindən idarə olunan Baydenin aşkar yanlış qərarları, ikiüzlü xarici siyasəti, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində ikili standartlara söykənən məkrli yanaşması da yaddaşlardan silinməyəcək. 

Bütün layihələri iflasa uğrayan cütlük

Bu cütlüyün ən biabırçı və ağır fəsadlara gətirib çıxaran “layihələrindən” biri Ukraynanı Rusiyaya qarşı qanlı müharibəyə təşviq və təhdid etməsi sayılmalıdır. Məhz rəsmi Vaşinqtonun şirnikləndirməsi ilə 2022-ci ilin fevralında Ukrayna Rusiya ilə hələlik sonu görünməyən və yüz minlərlə insanın ölümünə səbəb olan müharibəyə sürükləndi. Bunun nəticəsində Kiyev 20 faiz ərazisini itirdi, ölkə əhalisinin 30 faizi yurdundan, evindən didərgin düşdü. Onlarla şəhər, yüzlərlə qəsəbə, yaşayış məntəqəsi bayquşların uladığı xarabalığa çevrildi. Ukraynanın iqtisadiyyatı, demək olar ki, tamamilə məhv edildi. Bir vaxtlar ərazisinə, təbii sərvətlərinə görə Avropanın ən zəngin dövləti hesab olunan Ukrayna indi Qərbin təmənnalı yardımlarının, maliyə borclarının altında inləməkdədir. Bu ölkəyə nə hərbi köməyin, nə də maliyyə yardımlarının faydası var. Əminliklə deyə bilərik ki, xarabazarlığa və cəhənnəmə çevrilmiş Ukrayna Bayden–Blinken cütlüyünün “şah əsəri” sayılmalıdır.

Onların əli fələstinli uşaqların qanına batıb

ABŞ tarixinin ən bədnam cütlüyü başqa bir cəhənnəm ocağını Yaxın Şərqdə qaladı. 2023-cü ilin oktyabr ayında HƏMAS-la İsrail arasında mənasız və məntiqsiz müharibə məhz Vaşinqtonun növbəti ssenarisidir. Bu qanlı qarşıdurmanın başlanğıcında Bayden bir tərəfdən durmadan siyasi bəyanatlar verməklə müharibəni daha da qızışdırmağa çalışırdısa, digər tərəfdən Blinken Vaşinqtonla Tel-Əviv arasında “siyasi poçtalyona” çevrilmişdi. Dünya görürdü ki, bu cütlük hər vasitə ilə bölgədə dini-etnik qarşıdurmanı daha da dərinləşdirməyə çalışır. Etiraf etmək lazımdır ki, onlar, qismən də olsa, öz istəklərinə nail oldular. Müharibənin qara statistikası gözü deşir: 1 il 3 ay davam edən müharibədə 50 mindən artıq dinc fələstinli qətlə yetirilib. Bunun üzərinə Livanda və digər qonşu ərəb ölkələrində öldürülən minlərlə insanı da gəlsək, dəhşətli mənzərənin miqyası tam aydın olar. Lap əvvəldən bu münaqişənin mənasız və nəticəsiz olacağının hamı fərqində idi. Amma qana susamış Bayden–Blinken tandemini nəticə yox, mahiyyət və qanlı sonluq maraqlandırırdı. Siyasi uzaqgörənlikdən məhrum bu adamlar hakimiyyətlərinin ömrünü uzatmaq, miskin varlıqlarını sübut etmək üçün nəinki sağlam siyasi məntiqə, insanlıq qanunlarına sığmayan çaxnaşmalara, qarşıdurmalara rahatlıqla imzalarını qoydular. Bu cütlüyün tarixin yaddaşında daha çox qırğınların və qətllərin müəllifi qalacağına şübhə yoxdur. Artıq bunu da deyə bilərik ki, onlar Üçüncü Dünya müharibəsinin fitilini alışdırıblar. Təəssüf ki, bu fitilin tezliklə söndürüləcəyi o qədər də ağlabatan görünmür. Bundan daha dəhşətlisi isə odur ki, Bayden–Blinken cütlüyü özündən sonra təkcə Asiyada, Avropada, Afrikada deyil, hətta Cənubi Amerikada xeyli sayda “barıt çəlləkləri” basdırdı. İndi həmin bölgələrdə ən bəsit bir səbəbdən o çəlləklərin alışacağı, müharibənin başlaması ehtimalı yüzə bərabərdir.

Fəlakətlər, qırğınlar və iqtisadi tənəzzül

Ekspertlərin gəldiyi qənaət budur ki, dünya iqtisadiyyatı özünün tənəzzül mərhələsini yaşamaqdadır. Rəsmi Vaşinqtonun ona boyun əyməyən bir sıra ölkələrə qarşı məhz korporativ maraqlar üçün tətbiq etdiyi sanksiyalar, dolların məzənnəsinin süni şəkildə qaldırılması yolu ilə dünyanın iqtisadi nizamını pozdu. Sirr deyil ki, Avropanın inkişaf etmiş ölkələri belə hazırda tarixin ən çətin iqtisadi böhranı ilə üzləşib. 

Üstəlik, Avropaya miqrant axını bir sıra ölkələrdə ucuz iş yerlərinin yaranmasına səbəb oldu. Nəticədə “köhnə qitə”nin əksər ölkələrində yerli sakinlərinin həyat şəraiti kəskin şəkildə pisləşdi.

İllik infilyasiyanın yüksək olması insanların ehtiyat yığımlarını tükətdi. Təsadüfi deyil ki, Avropada son bir neçə ildə qiymətlər kəskin şəkildə artıb. Xüsusən də, daşınmaz əmlak sahibi olmaq avropalıların əksəriyyəti üçün artıq bir yuxudur. Bununla paralel olaraq, Rusiyanın, İranın, Türkiyənin və digər ölkələrin milli valyutaları məqsədyönlü şəkildə dəyərsizləşdirilir.

Göründüyü kimi, Bayden-Blinken cütlüyünün apardığı siyasət dünyanın bir çox ölkəsində mənfi fəsadlar yaratdı, iqtisadi tənəzzülü daha da dərinləşdirdi. Həm də  ekoloji problemlərin miqyası görünməmiş həddə çatdı. Skeptiklər Los-Anceles yanğınlarını ABŞ-a Tanrının cəzası kimi mənalandırırlar... 

Cənubi Qafqaz “cütlüyün” üz qarası oldu

Son dörd ildə Ağ evə sahiblik edənlərin ən böyük zərbə vurduqları, bəd əməllərinin “yadigarlarını” buraxdıqları bölgələrdən biri də Cənubi Qafqazdır. Ermənistanı açıq şəkildə silahlandırmağa başlamış rəsmi Vaşinqton bölgədə yenidən münaqişə ocağını qalamağa çalışmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına açıq-aydın maneçilik törətdi. Bu azmış kimi, son nəfəslərində Baydenin xeyir-duası və Blinkenin iştirakı ilə ABŞ-la Ermənistan arasında strateji müttəfiqlik adlı xartiya imzalandı. Məqsəd bölgəmizdə qarşıdakı illər üçün gərginliyin saxlanmasına “etibarlı” zəmin yaratmaqdır. 

Bayden-Blinken cütlüyünün üz qarasına çevrilmiş, Ermənistana münasibətdə sərgilədiyi mövqe, əslində, Azərbaycana və Gürcüstana qarşı olan nifrətindən “su içir”. Bəli, Bakının son illərdə apardığı müstəqil və qətiyyəti siyasəti Vaşinqtonun Cənubi Qafqazla bağlı hazırladığı planlarını pozdu. Bundan savayı, Azərbaycanın regionun şəriksiz liderinə, güc sahibinə çevrilməsi Bayden və Blinken üçün o qədər də arzuedilən geosiyasi mənzərə deyildi. Məhz buna görə onlar təkcə Ermənistanı yox, Gürcüstanı da Azərbaycana qarşı münaqişəyə təşviq etməyə çalışırdılar. Amma bacarmadılar. Çünki rəsmi Tiflisin uzaqgörən və milli maraqlara söykənən siyasəti ilə Vaşinqtonun planlarına qarşı çıxdı. Nəticədə Tbilisini hər tərəfdən təcrid etməyə başladı, Gürcüstana bütün maliyyə yardımlarına STOP işarəsi qoydu. İntəhası, atılan bütün addımların səmərəsiz olduğunu görən rəsmi Vaşinqton Gürcüstanda növbəti dəfə “rəngli inqilab” təşkil etməyə çalışdı. Bu ssenari də baş tutmadı. 

Bütün bu sadaladıqlarımız onu göstərir ki, Bayden-Blinken cütlüyü dünyanın bütün bölgələrində, eləcə də Cənubi Qafqazda ölkələrin və xalqların  rahatlığını pozdu, minlərlə insanı məhrumiyyətlərə düçar etdi. 

Çıxarılan nəticə birmənalıdır: Bayden–Blinken iqtidarı ABŞ tarixində ən uğursuz,  biabırçı və təxribatçı kimi qalmaqla bərabər, yaxın gələcək üçün dünyanı layiq olmadığı aclıq və təhdidlərlə üz-üzə qoyan bədnam cütlük imicini qazanmış oldu. Onların urvatsızcasına yola salınması isə supergücün liderlər muzeyində xüsusi guşədə qeyd olunacaq...   

P.S. Sabah ABŞ-ın Azərbaycanın Müstəqilliyini tanıdığı gündür. 32 il bundan əvvəl dünyanın nisbətən sakit dövrü idi. İndi isə hamı bu ölkənin tarixində yeni dönəmin başlayacağından danışır. ABŞ tarixində ikinci dəfə prezident kürsüsündə əyləşməyi bacaran Donald Tramp ölkəsini yenidən güclü, sağlam, zəngin və hörmətli edəcəyinə vəd verib. Həm də dünyaya sülh çağırışı edib, özünü sülhməramlı adlandırıb. Çıxışında sələfi Cozef Baydenin bütün dünyada silahlı münaqişələrə səbəb olan səhv addımlarına da diqqət çəkib. Görünən odur ki, Tramp ikinci prezidentlik müddətində “sülhməramlı və barışdırıcı” missiyanı yerinə yetirmək niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın 47-ci prezidentinə göndərdiyi təbrik məktubunda onun yeni prezidentliyi dönəmində iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun kəsb edəcəyinə inandığını bildirib. 

İ.HƏSƏNQALA 
XQ

Siyasət