Moldova portalı Qanlı Yanvar hadisələrindən yazıb

post-img

Moldovanın “Noi.md” portalı 1990-cı ilin faciəli yanvar hadisələrinin 35-ci ildönümünə məqalə həsr edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanlılar öz ölkələrinin faciəli tarixinin 35-ci ildönümünü qeyd edirlər” sərlövhəli məqalədə sovet hərbi maşınının dinc əhaliyə qarşı vəhşicəsinə hərəkətləri barədə məlumat verilir. Qeyd olunur ki, rəsmi məlumatlara görə, 147 nəfər həlak olub, 744 nəfər yaralanıb, dörd nəfər isə itkin düşüb.

“1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu Moskvanın Azərbaycanda hakimiyyətini xilas etmək üçün Bakıya soxulmuşdu. Gecə yarısı fövqəladə vəziyyət elan edilib. Şəhər və ondan kənarda olanlar bundan xəbərsiz idilər. Müxtəlif ölkələrdən gələn jurnalistlər tərəfindən təsvir edilən və lentə alınan həmin gecənin dəhşətləri uzun müddət insanların yaddaşında qaldı. Rəsmi məlumatlara görə, tankların hücumu və silahsız insanlara atəş açmaq əmri nəticəsində azı 140 nəfər həlak olub. Ölənlərin ümumi sayı yüz əlliyə çatdı, 700-dən çox insan yaralandı və şikəst oldu, onların çoxu əlil qaldı. Faciənin qurbanları arasında azyaşlılar və aksiyalarda birbaşa iştirak etməyənlər də olub. Bunun ardınca kütləvi həbslər dalğası baş verib, nəticədə 800-dən çox insan qanunsuz həbs edilib”.

Müəllif yazır: “Yanvarın 20-nə keçən gecə Bakıya gətirilən qoşunlar 200-ə yaxın mənzil və evi, 80 avtomobili, o cümlədən təcili yardım maşınlarını dağıdıb”.

Qeyd olunur ki, bu hadisələrin ertəsi günü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqının qəzəbini və sovet rejiminə etirazını bildirmək üçün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib. Məhz bu faciədən sonra ölkənin müstəqillik hərəkatı dönməz mərhələyə qədəm qoyub.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Siyasət