Azərbaycan regionda mehriban qonşuluğun və sülhün tərəfdarıdır. Ölkəmiz Cənubi Qafqazda bu prinsiplərin fonunda birgə yaşayışı, nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsini təşviq edir. Rəsmi Bakı illərdir bu dəyişməz və prinsipial mövqeyini nümayiş etdirir. Məhz bu gün uğurla davam edən və digər ölkələr üçün nümunə olan Azərbaycan- Gürcüstan münasibətləri fikrimcə, qeyd olunanların təsdiqidir.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. O qeyd edib ki, Azərbaycanın Gürcüstanla əlaqələri iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Qarşılıqlı hörmət və ehtiram üzərində qurulan Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində də arzulanan səviyyədədir. Ölkələrimiz arasında mövcud yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr nikbinlik doğurur.
Yanvarın 17-də Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ölkəmizin başçısı arasında keçirilən görüşlər, səsləndirilən bəyanatlar mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunaraq qeyd etdi ki, parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk dəfə olaraq məhz Azərbaycana gəlməsi Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir.
Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar.
Bu xoş ənənə bu gün də davam edir.
Azərbaycanla Gürcüstan arasında siyasi əlaqələr nümunəvidir. Xüsusi olaraq qeyd olunmalıdır ki, iki ölkə arasında iqtisadi sahədə yaxşı nəticələr var. Ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Paralel olaraq birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bununla yanaşı, Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin əhəmiyyətinə toxunaraq vurğuladı ki, Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Baş nazir iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının əhəmiyyətindən danışaraq bildirdi ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Dostluğumuzun tarixi ənənələrinin olduğunu qeyd edən İrakli Kobaxidze xüsusi olaraq bəyan etdi ki, Azərbaycan etibarlı tərəfdaş və qardaş ölkədir, biz Asiyanı Avropa ilə birləşdiririk. Bu potensialdan maksimal dərəcədə istifadə etməyin vacibliyini qeyd edən Baş nazir daha irəli getmək üçün əlavə səylər göstərməyə hazır olduğunu bildirdi.
Deputat yekunda bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin təhlili onu göstərir ki, ölkəmiz regionda sabitliyin, tərəqqinin təminatçısı, dünya üçün qonşuluq örnəyidir. Ermənistan hikkəsini, revanşist davranışlarını bir yana qoyub bölgənin inkişafını nəzərdən keçirməlidir. Bu, həm də bataqlıqda çabalanan Ermənistanın xilası ola bilər.