Azərbaycan–Rusiya: “Zəngəzur dərsi” və Cənubi Qafqaz

post-img

Moskva ilə Bakı birlikdə nə etməlidirlər?

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizinin açılması məsələsindən söz açmış, dövlətimizin mövcud istiqamətdəki iradəsini bir daha ortaya qoymuşdu. Ona görə “bir daha” deyirik ki, ölkəmizin lideri əvvəllər də bu barədə, kifayət qədər, qətiyyətli fikirlər səsləndirib. 
Dövlətimizin başçısının məsələ ilə bağlı son fikirlərinə diqqət yetirək: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.
***
Bəli, Zəngəzur dəhlizi kontekstində Azərbaycan üçün prinsipial məqam ölkəmizin digər ərazilərinin Naxçıvanla quru əlaqəsinə malik olmasıdır. Bu, 44 günlük müharibə məğlubu kimi Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikdir. Lakin ölkə üzərinə düşən vəzifəni yerinə yetirmir. İndi isə ­ABŞ-yə sığınıb. Ermənistanın Birləşmiş Ştatlarla imzaladığı strateji tərəfdaşlığa dair xartiyanı nəzərdə tuturuq. Deməli, rəsmi İrəvan ABŞ-ni öz avantürizminin sipərinə çevirib. Əlbəttə, bu, öz yerində ki, Vaşinqtonun timsalında kollektiv Qərbin Cənubi Qafqaz maraqları var və Ermənistan həmin maraqların icrasında alətdir. Ancaq üçtərəfli bəyanatın müddəalarının, ən başlıcası isə Zəngəzur dəhlizinin, yəni Naxçıvana yolun Birləşmiş Ştatlara heç bir aidiyyatı yoxdur. ABŞ-nin özünü necə aparması da başqa söhbətin mövzusudur. Əsas məqam isə gerçək aidiyyatın hansı dövlətə və ya dövlətlərə məxsusluğudur və bunu biləcəksiniz. 
O da məlumdur ki, Prezident İlham ­Əliyev heç bir fikri elə-belədən dilə gətirmir. Onun hər sözünün arxasında reallıqla dərin fiksasiya var. Ancaq dövlətimizin başçısı Zəngəzur dəhlizi məsələsini qaldırarkən təminat da verir. Yəni, dəhlizin mövcudluğu Ermənistanın ərazi bütövlüyünü və suverenliyini təhdid altına almayacaq. Yeri gəlmişkən, ötən il Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin birgə işçi qrupunun təması zamanı mövzu müzakirə olunmuş və kommunikasiyaların açılmasında Ermənistan yurisdiksiyasına xələl gətirməyən formul irəli sürülmüşdü. Rəsmi İrəvan əvvəl bununla razılaşsa da, sonradan boyun qaçırmışdı. 
Əgər belədirsə, Ermənistan konsturktiv mövqe tutmaq istəmirsə, özünü 44 günlük müharibənin məğlubu, illərdir apardığı işğalçılıq siyasətinə görə məsuliyyət daşımalı olan tərəf saymırsa, reallığa diqqət yetirək və nəzərə alaq ki, əsl həqiqətlər tarixdə əksini tapır. Tarix isə Azərbaycana və Azərbaycan xalqına qarşı misli görünməmiş ədalətsizlik səhnələri ilə doludur. 
***
Bir qədər əvvəl ABŞ-nin Zəngəzur məsələsinə və üçtərəfli bəyanata aidiyyatının olmadığını vurğuladıq. Sənədə və haqqında söz açdığımız mövzu ilə birbaşa bağlı tərəf isə Rusiyadır. Üçtərəfli bəyanatda Rusiya Prezidentinin, yəni ölkə rəhbərinin imzasının yer almasında hər şeydən əvvəl, İlahi ədalət payı var. Qəribə səslənsə də sənəddə Ermənistan baş naziri Nikol Paşinyanın şəxsində bu ölkənin liderinin imzasının olmasına da eyni prizmadan yanaşmaq mümkündür. Hərçənd, hazırda Nikolun imzasının elə bir önəmi yoxdur. Elə Zəngəzurun itirdiyimiz keçmişdə də Ermənistan rəhbərlərinin imzaları heç nə demirdi... 
Birincisi, Paşinyan öz imzasını şəxsən özü əhəmiyyətsizləşdirib, ikincisi isə Zəngəzur və Qarabağ mahiyyətcə Rusiya ilə Azərbaycan arasındakı məsələlərdir və erməni baş nazirin imzası, prinsipcə, etika xatirinədir. Etika Ermənistanın bir dövlət kimi ərazi bütövlüyünü və suverenliyini şübhələndirməməyə əsaslanır. O halda ki, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsın. 
***
Ancaq, təəssüf ki, 44 günlük müharibədən sonra tam başqa mənzərəni gördük. Gördük ki, rəsmi İrəvan Qarabağ avantürasını davam etdirməkdə israrlıdır. Axı Naxçıvana yol kimi, Qarabağ məsələsi də Moskvanın xeyir-duası ilə ortaya çıxmış problemdir və demək olmazdı ki, Rusiya 2020-ci ildən ötən müddətdə Qarabağ problemini tarixin arxivinə göndərməyi düşündü. Əksinə, ölkə Qarabağ ermənilərinin xoşuna gəlmək üçün bəzi jestlər etdi. Xoşuna gəlməkdən söz düşmüşkən, yazıda oxşar ifadəyə bir daha rast gələcəksiniz. Təəccüblənməyin, çünki tarix təkrarlanır. 
Nə isə Rusiya, Qarabağ avantürasının davamlılığı üçün deməyək, amma Ermənistanı, erməni amilini qorumaq, əlində saxlamaq üçün çox çalışdı. Lakin şərait elə gətirdi ki, ölkənin cəhdləri heç bir fayda vermədi. Çünki Ermənistan dövləti Rusiyanın həlledici tarixi rolunu dandı və indi də eyni ampluadadır. Məsələn, bir vaxtlar üçtərəfli bəyanata əsasən sülhməramlı adı altında Qarabağda rus ­hərbçiləri var idi. Onlar artıq yoxdurlar. Həmin sənədə görə, Naxçıvana yolda təhlükəsizliyi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin təmin etməsi şərtdir. Lakin Paşinyan iqtidarı nəinki buna məhəl qoyur, ümumən Ermənistandakı rus hərbi mövcudluğunu aradan qaldırmağa girişir və istəyinə nail olur. 
Digər tərəfdən, əvvəl Avropa İttifaqının mülki müşahidə missiyası adı altında pensiyada olan fransız və alman polisləri Ermənistanın, əslində, heç zaman olmayan sərhədində yerləşdirilmişdisə, yanvarın ­14-də imzalanmış ABŞ–Ermənistan strateji təhlükəsizlik xartiyası üzrə Birləşmiş Ştatlar da öz hərbçilərini eyni əraziyə göndərəcək. Bir sözlə, Ermənistan məsələsində rus silahlı ­qüvvələrinin mövcudluğu tamamilə Qərb hərbi varlığı ilə əvəzlənəcək. 
Göründüyü kimi, bütövlükdə Cənubi Qafqazın tarixində tam yeni hadisələr yaşanır. Səbəbkar isə böyük ölçüdə məhz Rusiyanın yaratdığı və ərazilərini genişləndirdiyi Ermənistan adlı dövlətdir. Moskva illərdir özünə, belə demək mümkünsə, bəla ­bəsləyibmiş. Azərbaycan isə nəyə nail olubsa, sırf öz gücü ilə nail olub. Ermənistanın heç bir konstruktivliyini görməmişik. 
44 günlük müharibədə torpaqlarımızı işğaldan azad etdik. Savaşdan sonra ilk dəfə bıçaq sümüyə 2023-cü ilin sentyabrında dirəndi və Silahlı Qüvvələrimiz lokal xarakterli antiterror tədbirləri ilə Qarabağı ölkəmizin nəzarətinə qaytardı. Bu, XX əsrdə xalqımızın başına gətirilmiş bir tarixi ədalətsizliyin aradan qaldırılması idi. İndi yenə bıçaq sümüyə dirənib və Prezident İlham Əliyevin sonuncu müsahibəsində səsləndirdiyi “Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun” fikirlər sözümüzün təsdiqidir. Nəzərə alaq ki, Ermənistanın Qarabağ müstəvisində konstruktiv davranacağını da üç ilə yaxın gözləmişdik. Hərçənd, gözləməyə bilərdik. 
Bəli, gözləməyə, ümumiyyətlə Ermənistanı saymaya bilərdik. Tarixi Azərbaycan torpaqlarında formalaşmış bir dövlət və onun toplumu naşükürlük yolu tutubsa, ərazilərimizə yiyələnmək naminə müxtəlif fitnə-fəsadlar törədibsə, hazırda haqqında söz açılan Zəngəzuru əldə edibsə, bu, azmış kimi, Qarabağa da yiyələnməyə cəhd göstəribsə, onu nə üçün və hansı səbəbə sayaq? Bu gün Ermənistan ona hər şeyi verən Rusiyanı nəzərə almırsa, biz onu dünəndən yox kimi bilməliyik və bilirik. Elə isə keçək tarixin ədalətsizlik səhnələrinə. Hərçənd, onların üzərində çox da geniş dayanmağa ehtiyac yoxdur. Görünən dağa nə bələdçi? Hər bir halda, sonda gələcəyimiz nəticə üçün bəzi məqamları yada salaq. Yəni, yazımızın qayəsini Zəngəzur dəhlizi təşkil edirsə bilavasitə bu bölgə ilə əlaqədar ədalətsizliklərin üzərində dayanaq. 
***
İlk növbədə onu deyək ki, ümumən 1920-ci ilin aprelindən sonrakı zaman kəsiyi Zəngəzurun, bütövlükdə Qərbi Azərbaycanın bizdən qoparılmasının ayrı-ayrı mərhələlərinə şahidlik edib. Hər şey isə 1920-ci il aprelin 28-dən –  Sovet Rusiyasının Azərbaycanı işğalından sonra başladı. Həmin ilin iyununda RSFSR ilə Ermənistan arasında imzalanmış müqaviləyə görə, Rusiya İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinə daxil olmasını tanıdı. Bu, erməni millətçilərinin federasiyada təmsilçilik üçün, müəyən mənada, şərti idi və şərt Rusiya tərəfindən ödəndi. Təsadüfi deyil ki, sovet Rusiyasının rəhbərliyində təmsil olunanlar (onların tərkibində ermənilər çoxluq təşkil edib – red.) Zəngəzurun ermənilərə verilməsinə dair Nəriman Nərimanovun 1920-ci il dekabrın 1-də səsləndirdiyi bəyanatı Rusiyanın Qafqaz, Azərbaycan üzərində qəti qələbəsi, Ermənistanın daşnakların hakimiyyətindən qurtulub sovetləşməsi, şirnikləndirilməsi yolunda mühüm addım saymışdılar. Bəli, məhz şirnikləndirilməsi. Eyni hərəkət müasir dövrdə Qarabağdakı Rusiya sülhməramlıları tərəfindən edilmirdimi? Edilirdi və haqqında söz açdığımız tarixin təkrarlanması budur...
Ancaq 1920-ci ildə Zəngəzur naminə azərbaycanlıların müqaviməti olmuşdu. Xosrov bəy və Sultan Sultanov qardaşlarının barışmazlıqları, Zəngəzurun sonuncu qazısı Bəhlul Behcətin dirənişi, qaçaq hərəkatları tariximizin şanlı səhifəsidir. Müqavimət və etiraz hətta o qədər ciddi idi ki, Rusiyaya etibarın itirilməsi təhlükəsi yaranmışdı. Buna görə Qafqaz bolşevikləri Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsinə dair qərarın məsuliyyətini Azərbaycan kommunistlərinin üzərinə yıxmaq kimi mənfur planı işə saldılar və yenə tarix təkrarlandı.
Diqqət yetirək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması zamanı İrəvan Ermənistan üçün paytaxt olaraq güzəştə gedilmişdisə, 1920-ci ildə sovet Azərbaycanının formalaşması Zəngəzurun və digər ərazilərin güzəşti ilə müşayiət olundu. Nəhayət, 1921-ci il iyunun 3-də Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosu İosif Stalinin iştirakı ilə keçilimiş iclası Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərara təkrar və son dəfə baxdı. Bir nəfər də olsa azərbaycanlı və müsəlmanın iştirak etmədiyi həmin iclasdan sonra ərazi ilk dəfə olaraq Ermənistanın 9-cu qəzası kimi inzibati bölgüyə daxil edildi. 
Əlbəttə, Zəngəzur məsələsində digər tarixi faktların da üzərində dayanmaq mümkündür. Eləcə də, eyni zamanda, İrəvanın itirilməsi ilə bağlı sapı özümüzdən olan baltaların “xidmətlərindən” söz açmaq üçün yetərli dəlillər var. Ancaq təfərrüatlara varmaq istəmirik. Məqsədimiz daha böyük reallığa əsaslanmaqdır. Böyük reallıq isə budur ki, müstəqil Azərbaycan Respublikası özünü 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin varisi hesab edir. 1920-ci ilin aprelin 28-də Xalq Cümhuriyyəti fəaliyyətini dayandırdı. Formal müstəqilliyi olsa da, Azərbaycan Sovet Sosialist Respublikası yarandı və 1922-ci ilədək yaşadı (1922–1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Respublikasının tərkibində SSRİ-nin, 1936–1991-ci illərdə isə birbaşa SSRİ-nin müttəfiq respublikası olmaqla). Yəni, hazırkı müstəqil dövlətimiz həmin tarixdə yaradılmış Sovet Azərbaycanına da varislik ənənəsini daşıyır. Hər bir halda, acılı-şirinli tarix bizimdir. 
Əvvəldə üçtərəfli bəyanatda Qarabağ məsələsi kimi, Zəngəzur məsələsinin də prinsip etibarilə Rusiya ilə bağlı olduğunu təsadüfən xatırlatmadıq. Onu da deyək ki, hazırkı müstəqil Rusiya da tarixdə mövcud olmuş Sovet Rusiyasının, eləcə də SSRİ-nin varisi qismində çıxış edir, ümumən tarixi rus dövlətçiliyinə varislik ənənəsini yaşadır. 200 illik erməni mövcudiyyətinin təməlində isə Rusiya amili dayanır. Əgər Rusiya 1830-cu ildə ermənilərin Qafqaza köçürülmələrini, 1849-cu ildə onlar üçün ayrıca vilayətin yaradılmasını həyata keçirmişdisə, 1918-ci ildə Ermənistan dövlətinin yaranmasında da mühüm rol oynamışdı. 
çatdırdığımız faktlar göstərir ki, Rusiya Ermənistan üçün 1918-ci ildən sonra da yeni ərazilərin əldə edilməsində müstəsna xidmət göstərib. Təsəvvür edin, Ermənistan 1918-ci il mayın 29-da 9 min kvadratkilometr ərazidə elan olunmuşdu. 1920-ci ildən sonrakı 10 il ərzində onun ərazisi 29,743 kvadratkilometrə çatdırılmışdır. Yəqin, rəqəmlərin müqayisəsinin ortaya hansı böyük ədalətsizlik mənzərəsi çıxardığının fərqinə vardınız. Daha böyük ədalətsizlik isə sovet hakimiyyətinin mövcud olduğu 70 ildə Azərbaycandan alınıb Ermənistana verilmiş torpaqlarımızdan azərbaycanlı izinin silinməsi idi. Soydaşlarımızın doğma el-obalarından məcburi deportasiyası, onların əsrlərlə yaşadıqları yurd yerlərinə xaricdən erməni əhalisinin köçürülməsi – bütün bunlar acı həqiqətlərdir. 
Hesab edirik ki, diqqətə çatdırdıqlarımız, həmçinin Rusiyanı da düşündürməlidir. Əlbəttə, biz rəsmi Moskvanın tarixi ədalətsizliyi hansısa qeyri-ordinar davranışlarla aradan qaldırmasını istəmirik. Öz gücümüz və qüvvəmiz yetərincədir. Sadəcə, ilahi ədalət naminə hazırkı Rusiya dövləti öz sələfinin yol verdiyi ədalətsizliyin bərpasına çalışmalıdır. Ölkəmiz öz üzəriə düşəni edəcək. Rəsmi Moskva isə SSRİ-nin və Sovet Rusiyasın belə qərarlarının heç bir önəm daşımadığını yüksək səslə açıqlamalı, onlardan imtina etməli, bu qərarların Azərbaycan xalqına qarşı böyük haqsızlıq olduğunu bildirməlidir. Yeri gəlmişkən, hazırda Rusiyada ayrı-ayrı şəxslər qeyd etdiyimiz məsələ ilə bağlı fikirlər səsləndirirlər. Nəzərə alaq ki, bu günlərdə Ermənistanın Rusiyaya notasının səbəbi ikincinin dövlət televiziyasında Zəngəzur dəhlizi ilə bağlı yayımlanmış material olmuşdu. Rəsmi İrəvan həmin materialı ərazi bütövlüyünə və suverenliyinə sayğısızlıq kimi qələmə vermişdi. Halbuki...
Bəli, tarixi ədalətsizliklərin aradan qaldırılması üçün Rusiyanın və Azərbaycanın ikitərəfli əsasda müəyyən hüquqi mexanizmləri də dövriyyəyə gətirməsi mümkündür. Nəinki mümkündür, hətta günün təxirəsalınmaz tələbidir. Çünki Rusiyanın böyüdüb boya-başa çatdırdığı” uşaq”, yəni Ermənistan dövləti hazırda Kremlin tarixi maraqlarının olduğu Cənubi Qafqaz üçün əsl təhdid mənbəyinə çevrilib, sülhə, dinc birgəyaşama və əmin-amanlığa qarşı demarş yolunu tutub. 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət