“Stratfor” Ermənistanı pəjmürdə etdi

post-img

Analitik mərkəz İrəvanın ABŞ-dan güclü dəstək almaq cəhdlərinin puça çıxacağını, Trampın Bakıya üstünlük verəcəyini proqnozlaşdırır

ABŞ-da fəaliyyət göstərən məşhur “Stratfor” Analitik Mərkəzi 2025-ci il üzrə geosiyasi proqnozunu açıqlayıb. Hesabatda bildirilir ki, ənənəvi ticarətin pozulması, dəyişən hərbi münaqişələr və daxili siyasi turbulentlik 2025-ci ildə əsas qlobal hadisələri formalaşdıracaq.
Əlbəttə, hesabatın Cənubi Qafqaz regionu, il ərzində böyük dövlətlərin bölgəmizlə bağlı siyasətinin necə olacağı bizim üçün daha çox maraqlıdır. Sənədin Ermənistan hökumətini pəjmürdə etdiyini bəri başdan qeyd etmək mümkündür. Bildirilib ki, Ermənistan sülh danışıqlarında öz mövqeyini möhkəmləndirmək üçün xaricdən dəstək axtardığı üçün Cənubi Qafqaz geosiyasi nüfuz uğrunda “döyüş meydanı” olaraq qalacaq: “Ehtimal etmək olar ki, Ermənistan və Azərbaycan sülh sazişinə doğru irəliləməyi davam etdirəcəklər. Lakin Ermənistanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam delimitasiya-demarkasiyası və tranzit əlaqələrinin qurulması ilə bağlı fikir ayrılıqları, çox güman ki, 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq. Bu məsələlərin bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər, lakin razılıq əldə olunana qədər regionda vəziyyətin gərginləşməsi potensialı davam edəcək. Hər iki tərəf (?) danışıqlarda təsir vasitələrini qoruyub saxlamaq üçün xarici dəstəkçilər axtaracaq. Ermənistan hakimiyyəti Rusiyanın Ukraynada mümkün atəşkəsdən sonra regionda nüfuzunun güclənməsini, habelə Gürcüstanda rusiyayönlü hökumətin seçkilərdə qalib gəlməsini yaxın illərdə Moskvanın Cənubi Qafqaza təsir imkanlarını artırması kimi qiymətləndirərək, Kremlə qarşı fəaliyyət göstərməkdən çəkinəcək”.
Bildirilib ki, Donald Tramp administrasiyası Rusiya, İran və Çinin bölgədə təsirinə qarşı regional tarazlıq kimi Bakı ilə dayanıqlı münasibətləri prioritet hesab etdiyi üçün Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq: “Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa İttifaqı ilə ticarətin artırılmasına can atacaq. İrəvan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək, Azərbaycanı eskalasiyadan çəkindirməyə (?) və sülh danışıqlarında Bakının ən sərt tələblərinə (?), yəni kommunikasiya xətlərinin Ermənistanın cənubundan keçməsinə qarşı çıxmağa çalışacaq”.
Bəri başdan qeyd edək ki, “Stratfor”un hesabatında bir sıra yanlışlıqlar mövcuddur. Bunlardan ən nəzərəçarpanı Azərbaycanın, guya, hansısa xarici dəstək axtarışında olması fikridir. Bu, yanaşma kökündən yanlışdır. Məsələ ondadır ki, Azərbaycan dövləti heç vaxt kənar dəstəkçi axtarışında olmayıb. İstər Ermənistanla 1994-cü ildən aparılan danışıqlar prosesi, istər 2020-ci ilin Vətən müharibəsi, istərsə də 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan xalqı hakimiyyət ətrafında yumruq kimi sıx birləşərək, torpaqlarını işğaldan azad etdi və dövlət suverenliyi bərpa olundu. Bu prosesdə ölkəmizə Türkiyə və Pakistan kimi qardaş ölkələr sıx siyasi dəstək verdilər. Müxtəlif təşkilatlar, əsasən Qoşulmama Hərəkatı çərçivəsində bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurduğumuz ölkələr isə BMT Təhlükəsizlik Şurasında əleyhimizə olan qətnamələri əngəllədilər.
Bu baxımdan danışıqlarda təsir vasitələrini qoruyub saxlamaq üçün xarici dəstəkçi axtarışında olması fikri yalnız Ermənistana aiddir. İrəvan Azərbaycan torpaqlarını işğal edərkən də, sonradan işğalı möhkəmləndirərkən də xarici havadarlarına arxalanmışdı. Hər kəsə məlumdur ki, ona həm Rusiya, həm də əks cinahda qərarlaşan Qərb ölkələri hər cür dəstək vermişdilər. Maraqlıdır ki, əksər məsələlərdə mövqeləri bir-biri ilə daban-dabana zidd olan bu iki qütbün Ermənistanı dəstəkləmək məsələsində mövqeləri üst-üstə düşürdü. İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrinə görə Rusiyadan bərk narazı qalan rəsmi İrəvan üzünü büsbütün Qərbə çevirdi. Hazırda Fransa başda olmaqla, bir sıra Qərb ölkələri Ermənistanın hamisinə çevriliblər. Buna baxmayaraq, Ermənistan Rusiya ilə də iqtisadi əlaqələri kəsmir. Ölkə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqı kimi qurumlarda fəal rol oynayır. Ötən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin görünməmiş dərəcədə artması bunun göstəricisidir.
Analitik mərkəzin Ermənistanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam delimitasiya-demarkasiyası və tranzit əlaqələrinin qurulması ilə bağlı fikir ayrılıqlarının 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacağına dair mövqeyini isə bölüşmək mümkündür. Məsələ ondadır ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə böyük irəliləyiş əldə edilib. Sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Razılaşdırılmayan maddələrdən biri bir-birinə qarşı beynəlxalq məhkəmələrdə iddialardan kənarda durmaqdır. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Ancaq erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunur. Bu mənada konstitusiyanın dəyişdirilməsi Azərbaycanın istəyi deyil, sadəcə, obyektiv şərtdir. Rəsmi Bakının ikinci şərti ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Lakin Ermənistan Minsk qrupunun ləğv edilməsi üçün Bakı ilə birlikdə ATƏT-ə müraciət etmək istəmir. 2025-ci il ərzində rəsmi İrəvanın hər iki tərəf üçün prinsipial əhəmiyyət daşıyan bu məsələlər üzrə razılığa gələcəyi, daha doğrusu, Ermənistanın mövcud istiqamətdə konstruktiv addım atacağı az ehtimal olunandır. Bu mənada “Stratfor”un mövqeyini bölüşmək mümkündür.
Hesabatda əksini tapan digər nüans, yəni Ermənistanın yanvarın 20-dən fəaliyyətə başlayacaq ABŞ administrasiyasından gözləntilərinin doğrulmayacağı düşüncəsi də olduqca maraqlıdır. Qeyd edək ki, D.Tramp administrasiyası dövründə Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdlərinin puça çıxacağını təkcə “Stratfor” demir. Məsələn, bir neçə həftə öncə iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks bildirmişdi ki, ABŞ Ermənistanı heç vaxt xilas etməyəcək. Amerikalı professor “Conversations on Groong” (“Qroonqla söhbət”–S.H.) podkastında müsahibə zamanı demişdi: “Belə bir mif var. “ABŞ bizi xilas edəcək”. Mən bu miflə dünyanın müxtəlif yerlərində qarşılaşmışam, amma bilirəm ki, ABŞ Ermənistanı heç vaxt xilas etməyəcək. Ona görə yox ki, Vaşinqtonun Ermənistana münasibəti mənfidir, ona görə ki, amerikalıların 99 faizi Ermənistanın harada olduğunu bilmir və bu, onlar üçün əhəmiyyətli deyil. Sərt danışmaq istəmirəm, amma dürüst olmaq istəyirəm. Bütün həyatım boyu müxtəlif ölkələrin ABŞ-dan necə möcüzə gözlədiyini görmüşəm, amma bundan yaxşı heç nə çıxmayıb. Üstəlik, çox pis şeylər tez-tez baş verib”.
C.Saksın sonrakı fikirləri də maraqlıdır: “Mənim məsləhətim həmişə belədir: xəritəyə baxın və qonşularınızla yaxşı münasibət qurmağa çalışın. Mən bunu bütün ölkələrə deyirəm”. Professor Cənubi Qafqazın üç ölkəsi və üç regional güc – Rusiya, Türkiyə və İranın koordinasiyalı dialoq aparmalı olduğu fikrini bildirib.
Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, “Stratfor” Analitik Mərkəzinin ötənilki hesabatında Ermənistan və Azərbaycan arasında eskalasiyanın baş verəcəyinə dair ciddi ehtimallar irəli sürülmüşdü. Bu il isə sənəddə oxşar fikirlər yer almayıb: “Mərkəz bu il bildirib ki, iki ölkə arasında hərbi münaqişə olacağı ehtimalı azdır. Daha çox danışıqlar prosesinin davam edəcəyi proqnozlaşdırılır. Doğrudur, 2025-ci ildə danışıqlar prosesində nəticə əldə olunacağına ümid edilmir. Yalnız danışıqlar aparılacağı bildirilir. Ermənistan media orqanları bununla bağlı bəzi məlumatları paylaşıblar. Ermənistanda Rusiyaya yaxınlığı ilə seçilən saytlar, informasiya agentlikləri və qəzetlər Trampın İrəvanı dəstəkləməyəcəyinə diqqəti yönəldiblər. “Stratfor” bildirir ki, İrəvanın gözləntilərinin əksinə olaraq ABŞ-ın yeni hakimiyyəti Azərbaycana üstünlük verəcək. Paşinyana yaxın olan, bəziləri Qərbdən maliyyələşən media qurumları isə bu məsələnin üstündən sükutla keçməyə çalışırlar ki, daxili auditoriya belə hesabatlarla tanış olmasın”.
Z.Məmmədov qeyd etdi ki, dünyanın bütün ölkələrinin Trampdan gözləntiləri var. Bütün ölkələrdə hökumətlər Trampın andiçmə mərasimindən sonra Vaşinqtonun onların yerləşdikləri regionla bağlı hansı siyasəti yürüdəcəyini gözləyirlər: “Respublikaçıların hakimiyyətdə olduqları bütün dövrlərdə Azərbaycanla ABŞ arasındakı münasibətlər normal və sabit olub. Münasibətlər regional təhlükəsizlik, o cümlədən beynəlxalq terrorçuluqla mübarizə və enerji layihələri üzrə əməkdaşlığı əhatə edib. Azərbaycan xarici siyasəti üçün prioritet istiqamətlər olan təhlükəsizlik və enerji amili Vaşinqtonla Bakı arasında münasibətləri yaxınlaşdırıb. Demokratlar isə hakimiyyətdə olduqları dövrdə Azərbaycanla münasibətlərdə hər zaman təhlükəsizlik sahəsində əməkdaşlıqdan yan keçiblər. Enerji sahəsində müəyyən mənada əməkdaşlıq olsa da, “erməni məsələsi”nə qeyri-obyektiv yanaşma və insan hüquqları adı altında təzyiqlərə şahidlik etmişik”.
Politoloq bildirdi ki, D.Trampın Ermənistan və Azərbaycana, ümumiyyətlə, Cənubi Qafqaza münasibəti həm də ABŞ–İran, ABŞ–Türkiyə və ABŞ–Rusiya münasibətləri prizmasından təhlil edilməlidir: “Əlbəttə, İranla münasibətlərin gərginləşəcəyi təqdirdə Azərbaycanın geosiyasi çəkisi kifayət qədər artacaq. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, 2025-ci ildə ABŞ–Rusiya münasibətlərində də yumşalma gözlənilir. Bu çərçivədə Vaşinqton və Moskva arasında müxtəlif sövdələşmələr ola, Cənubi Qafqazın da hansı güc mərkəzinin belə deyək, çətiri altına daha çox keçməsi məsələsi gündəmə gələ bilər. Belə olan təqdirdə Rusiyanın bölgədə daha çox güclənəcəyi ilə bağlı ehtimallar səsləndirənlər var. Bu isə Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesinə birbaşa təsir edəcək məsələlərdəndir. O cümlədən Türkiyə ilə ABŞ-ın münasibətləri də çox vacibdir. Bu gün biz Vaşinqtonla Ankaranın Suriyadakı məsələləri nizamladıqlarını müşahidə etməkdəyik. Əgər Cənubi Qafqazla bağlı da iki ölkə arasında razılıq əldə olunarsa, bu, təbii ki, ölkəmizə ciddi şəkildə dividendlər qazandıracaq”.
D.Trampın enerji siyasətinin, xüsusilə Avropanın enerji təhlükəsizliyi ilə bağlı mövqeyinin də vacib olduğunu deyən politoloq bu məsələnin Vaşinqtonla Bakı arasında münasibətlərə təsir edəcək məqamlardan olduğunu bildirdi: “Bütövlükdə, biz Trampın birinci prezidentlik dövrünə də nəzər salaraq, onun yanvarın 20-dən başlayacaq ikinci prezidentliyi dövründə dünyanın hansı regionlarına daha çox diqqət ayrılacağını söyləyə bilərik. Düşünürəm ki, bu dəfə də onun əsas diqqəti Çinlə mübarizəyə, Pekinlə, eləcə də Avropa ilə iqtisadi məsələlərin həllinə yönələcək”. 

Səxavət HƏMİD
 XQ



Siyasət