“Dollar boykotu” genişlənir

post-img

Hazırda dünya ölkələrinin yarıdan çoxu bu və ya digər dərəcədə dolları boykot edir. Bu barədə Rusiya mətbuatı yazır. Jurnalistlər ölkələri 3 qrupa ayırıblar. Birinci qrupa 94 dövlət daxildir. Onların maliyyə qurumları dollara qarşı açıq şəkildə çıxış etmir və məhdudlaşdırıcı tədbirlər görmürlər. Bura ABŞ dollarını rəsmi valyuta kimi istifadə edən Panama, Salvador və Marşal adaları kimi ölkələr də daxildir.

İkinci qrupda aktiv şəkildə milli valyutalarla ödənişlərə keçməyə başlayan və ya dollardan istifadəyə məhdudiyyətlər tətbiq edən dövlətlər var. Onların sayı 46-dır. 

Üçüncü qrupa açıq şəkildə ABŞ valyutasına qarşı çıxış edən dövlətlər daxil ediliblər. Bu kateqoriyaya 53 ölkə daxildir və onlar fəaliyyəti dolların mövqeyini zəiflədir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları da bunu təsdiq edir. 2024-cü ilin III rübündə dolların dünya valyuta ehtiyatlarında payı son 3 onilliyin ən aşağı səviyyəsinə çatıb. ABŞ valyutasının beynəlxalq ehtiyatlardakı payı iyul–sentyabr aylarında azalaraq 1995-ci ildən bəri ən aşağı səviyyəyə – 57,4 faizə düşüb. Avro bu vəziyyətdən qalib çıxıb. 3-cü rübdə onun payı aprel–iyun aylarındakı 19,75 faizdən 20,02 faizə yüksəlib. Bu, avroya marağı artırır. Onun alışı üçün indiki mövcud şərtlər “heç zaman olmadığı kimi cəlbedicidir”. 

Ekspertlərə görə, əgər mərkəzi banklar ehtiyatlarının bir hissəsini dollardan avroya keçirsələr, bu, dolların dünyadakı mövqeyini kəskin şəkildə pisləşdirə bilər.

Bəs dollardan imtinaya səbəb nə göstərilir? Oktyabr ayında Braziliyanın BVF-dəki keçmiş nümayəndəsi Paulo Nogueira Batista ölkələrin dollardan imtina etməyə başlamasının səbəbini göstərib. Onun fikrincə, bu valyuta təhlükəlidir, Rusiyaya qarşı maliyyə sanksiyalarından sonra getdikcə daha çox ölkə ona alternativ axtarır.

BVF-nin keçmiş iqtisadçısı Stiven Yen isə Almaniyanın “Welt” nəşrinə müsahibəsində maraqlı faktlara toxunub. Onun sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyata başlayandan bəri dünyada dedollarizasiyanın sürəti əvvəlki 15 illə müqayisədə 10 dəfə artıb: “Əgər dolların dəyərindəki dəyişiklik nəzərə alınsa, onun 2016-cı ildən bəri valyuta ehtiyatlarında payı, təxminən, 11 faiz azalıb. Burada ABŞ-nin Moskvanın dollar ehtiyatlarını dondurmaq qərarı həlledici rol oynayıb. Bu, təkcə Çində deyil, digər inkişaf etməkdə olan ölkələrdə də qorxu və narahatlığa səbəb olub”.

Onun sözlərinə görə, valyuta ehtiyatlarında dollardan çıxarılan vəsait avro, yen və yuana daxil olub. Ekspertlər hesab edirlər ki, qlobal səviyyədə valyuta ehtiyatlarının diversifikasiyası beynəlxalq maliyyə sistemində daha balanslı və təhlükəsiz bir yanaşmadır. Bu yolla bir çox ölkələr ABŞ-dən asılılığı azaltmağa çalışırlar. Avro ilə yanaşı Çin yuanı qlobal ehtiyatlar arasında əhəmiyyətli şəkildə irəliləyir. Beş il əvvəl yalnız 2 faiz paya sahib olan yuan, hazırda 6 faizə qədər yüksəlib. Bu irəliləyiş Çinin beynəlxalq ticarətdə milli valyutalara üstünlük verən siyasətindən qaynaqlanır. 

Rusiya Prezidenti Vladimir Putin də bu məsələyə münasibət bildirib. O, “Rusiya zəng edir!” VTB investisiya forumunda deyib ki, ABŞ dollar sayəsində öz mənfəəti üçün başqa iqtisadiyyatları istismar edir: “Dollardan qlobal valyuta kimi istifadə ABŞ-yə həddən artıq pul qazandırır. Son 10 ildə təqribən, 10 trilyon dollar əldə ediblər”. 

Onun sözlərinə görə, dolların beynəlxalq aləmdə istifadəsi azaldıqca ABŞ-nin iqtisadi qüdrəti də azalacaq. V. Putin qeyd edib ki, hətta ABŞ-nin müttəfiqləri də dollar ehtiyatlarını azaldır.

Dollardan imtina isə ABŞ-nin maraqlarına toxunur. Bu ölkə dollar satışından əldə edilən gəlirlərdən imtina etmək niyyətində deyil. Dekabrın 1-də ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp BRİCS ölkələrini hədələyib. O bildirib ki, əgər BRİCS öz valyutasını yaratmaq planından əl çəkməsə, onun üzvü olan ölkələrə 100 faiz rüsum tətbiq edəcək. O, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan hər bir ölkənin “Amerika ilə vidalaşacağına” söz verib. Bu, bəzi dövlətlər tərəfindən təhdid kimi qiymətləndirilib.

“Avstraliya Bankinq Qrupu”nun analitiki Rodriqo Katril isə hesab edir ki, dollar lider olaraq qalacaq, lakin o, Trampın təhdidlərinin yalnız dedollarizasiya prosesini sürətləndirəcəyini etiraf edib. Ekspertlərin fikrincə, ABŞ dolları yuxarıda qeyd olunanlara baxmayaraq dünyanın aparıcı valyutası olaraq qalır və uzun müddət də əsas valyuta ehtiyatı rolunu qoruyub saxlayacaq. Çünki dünya iqtisadiyyatı dollar üzərində qurulub. Dollar ticarətin maliyyələşdirilməsinin, təxminən, 80 faizini, eləcə də valyuta ehtiyatlarının demək olar ki, 57,4 faizini təşkil edir. Bir neçə dəfə dünya ölkələri dollardan imtina etməyə çalışsalar da, bu, mümkün olmayıb.

Azərbaycanın dollardan imtinası üçün səbəb yoxdur. Biz neft və qaz ixrac edirik və onları dollarla satırıq. Valyuta ehtiyatını da əsasən, onunla formalaşdırırıq. 

Xatırladaq ki, Azərbaycanın valyuta ehtiyatında dollar aparıcı mövqedədir. 2024-cü il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatı 73 milyard 493.4 milyon dollar olub. Strateji valyuta ehtiyatlarının 61 milyard 697.6 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləridir. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 11 milyard 795.8 milyon dollara yüksəlib. 

P.ƏFƏNDİYEV 
XQ

 

Siyasət