Hay faşizmi və yaxud qaranlıq otaqda qara pişik axtarışı

post-img

Ermənistan dövlətinin üstqurumundan faşizm ideologiyası iyi gəlir

Hayastanın hərbi-siyasi dairələrinə sirayət etmiş faşist dünyagörüşü, deyəsən, erməni xalqının da qanına yeriməkdədir. Təəssüf ki, belə bir təhlükəli tendensiyanın bütün təzahürləri göz önündədir. 30 il torpaqlarımızı işğalda saxlaması, DQMV-dən və 7 rayonumuzdan soydaşlarımızı didərgin salması, bu zaman dinc insanlara qarşı kütləvi qətllər, soyqırımları törətməsi, 44 günlük müharibənin gedişində cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimizi raket atəşinə tutması bədnam qonşuların terroru dövlət səviyyəsinə qaldırmasının əyani sübutlarıdır. İfrat millətçilik mərəzinə yoluxmuş erməni cəmiyyətində artıq daşnak ideologiyasının bətnində sonradan faşizm ideologiyasının rüşeymləri cücərməyə başladı. 

Xəyanət və faydasız axtarışlar

Ermənistan rəhbərliyi “məğlubedilməz ordusu”nun darmadağın edildiyini, müharibəni saxlamaq üçün Bakıya yalvardığını, biabırçı kapitulyasiya sənədinə imza atdığını, sanki, unudub. Daşnakların tör-töküntüləri, xaricdəki erməni lobbisi yenə qonşularına qarşı ərazi iddiaları səsləndirir, revanşist xülyalarla yaşayırlar. Qaranlıq otaqda qara pişik axtarışı kimi faydasız və səmərəsiz fəaliyyətlə özünü aldadan Ermənistan aşkar reallığı görməzdən gəlməkdə davam edir. Belə məlum olur ki, hay cəmiyyəti hələ də illüziyalardan əl çəkmək barədə düşünmür. Tarixin lənətlədiyi faşizm isə onlardan ötrü illüziyadan gerçəkliyə çevrilməkdədir. Dünyada Ermənistandan başqa faşist ideologiyasının daşıyıcıları olan “qəhrəmanlara” heykəl ucaldan ikinci dövlət yoxdur. Belə təxribatçı və məkrli siyasəti nəticəsində regional və beynəlxalq layihələrdən özünü kənarda qoyan, daxili siyasi qarşıdurmalardan başı açılmayan rəsmi İrəvan son dörd ildə müttəfiq saydıqları dövlətlərin hamısına xəyanət edib. Eyni vaxtda “iki, üç stulda oturmaq” vərdişindən qurtula bilməyən hay-faşist xislətinin təzahürlərindən biri məhz bu amildir.                

Bu məqamda, qeyri-ixtiyari olaraq, yadımıza qaranlıq otaqda qara pişik axtarışının faydasız və səmərəsiz bir işlə məşğul olmaq, əbəs yerə vaxtını və enerjisini sərf etmək barədə deyilən məşhur zərbi-məsəl düşür. Çin filosofu Konfutsinin (e.ə. VI əsr) fəlsəfi baxışlarına aid edilən bu postulatın mahiyyəti hədər yerə qara pişiyin axtarılması deyil, qaranlıq otaqda, ümumiyyətlə, dördayaqlı məxluğun olmamasıdır. Burada, sadəcə, özünüaldatma sindromu önə çəkilir. Necə ki, haylar iki yüz ildən çoxdur özlərini aldatmaqla məşğuldurlar...  

“Ən praqmatik hay lideri”nin dedikləri

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 32 il bundan əvvəl –1993-cü ildə erməni milli hərəkatının hərbi qolu olan “Yerkrapa” üzvləri qarşısında çıxışında səsləndirdiyi fikirlər yenidən gündəmdədir. Siyasi ekspertlərin (onların arasında bizimkilərin də bir qismi var – red.) “ən ağıllı erməni”, “demokrat prezident” hesab etdikləri Ter-Petrosyanın açıqlamaları işğalçı hayların  Azərbaycan əhalisinə qarşı planlı şəkildə həyata keçirdikləri etnik təmizləmə  siyasətini təsdiqləyir. Ermənistanın birinci prezidenti çıxışında birmənalı olaraq qeyd edib: “Biz Ermənistanı azərbaycanlılardan təmizlədik,
Artsaxı da təmizlədik. Xalqımızın son 600 ildə edə bilmədiyini siz etdiniz”. Suriya ermənisi çıxışına belə davam edib: “Biz Ermənistanı azərbaycanlılardan ona görə təmizlədik ki, onlar hədəflərimizə çatmağa əngəl olacaqdılar. Ermənistanın 3 rayonunda 170 min azərbaycanlı çoxluq təşkil edirdi. Onlar Zəngəzurda da çox idilər. Əgər onları təmizləməsəydik, SSRİ dağılan kimi həmin bölgələrdə problemlər yaşayacaqdıq. Azərbaycanda “Dağlıq Qarabağdan” kənarda yaşayan 300 min erməninin köçüb Ermənistana gəlməsi də bizə lazım idi. Onlar Azərbaycanda qalsaydılar, Bakı girov kimi onlardan bizə qarşı istifadə edəcək, tarixi missiyamızı reallaşdırmağa imkan verməyəcəkdi. Bununla həm də demoqrafik problemimizi həll etdik”.

Məkrli planların etirafı

Levon Ter-Petrosyanın 32 il əvvəl dedikləri Ermənistanın Azərbaycan türklərinə qarşı apardığı etnik təmizləmə siyasətini məhz planlı şəkildə həyata keçirməsinin bariz nümunəsidir. O, etiraf edirdi ki, azərbaycanlıların Ermənistan və Zəngəzurdan qovulması SSRİ dağılandan sonra ermənilərin “problemlərlə üzləşməsinin” qarşısını almaq məqsədilə atılan addımlar olub. Eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan etnik ermənilərin Hayastana köçürülməsi planını “onlardan girov kimi istifadə edilməsinin” qarşısını almaq üçün düşünülmüş siyasi gediş kimi xarakterizə edir. Əslində, Ter-Petrosyanın çıxışı Ermənistanda soydaşlarımıza qarşı törədilən etnik təmizləmənin arxasından boylanan sistemli və məkrli planlarım, həmçinin Qarabağ münaqişəsini dondurmağa çalışan Ermənistanın bölgədə apardığı işğalçı siyasətin mahiyyətini açıb ortaya qoymuş olur.

İndi üzə çıxır ki, “praqmatik siyasətçi” imici yapışdırılmış Ter-Petrosyan müstəqil Ermənistanın tarixində hətta Koçaryan və Sarkisyandan da təhlükəli lider olub. Əminliklə deyə bilərik ki, Sumqayıt hadisələri, Azərbaycanın müxtəlif bölgələrində baş verən “poqrom”lar və etnik qarşıdurma həddinə çatdırılmış münaqişə onun başçılığı altında ölkəmizə qarşı törədilən təxribatların və millətçi planların preambulası imiş. Dünyaya özünü “demokrat lider” kimi sırımağa çalışan bu şəxs, əslində, daşnak törəməsi, hərbi cinayətkar və antitürk siyasətinin ən qatı rəhbərlərindəndir. Onun dilindən səslənən fikirlər Ermənistanın 30 il ərzində Cənubi Qafqazda apardığı siyasətin mahiyyətini bir daha üzə çıxarır.

Uzun və qısa fasilədən sonra 

Biz faşist svastikalı bu hay bayatısını növbəti dəfə 22 il bundan əvvəl, Ermənistanın o zamankı rəhbəri Robert Koçaryanın dilindən eşitdik. O, bunu daxili auditoriya qarşısında deyil, 2003-cü il yanvarın 16-da Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında söylədi. Çıxışında azərbaycanlıların və ermənilərin “etnik və genetik baxımdan uyğunsuz olmaları” barədə şovinist fikirlərini bəyan edən Koçaryan Qarabağdakı erməni əhalisinin Azərbaycan dövləti daxilində yaşamasının mümkün olmadığını bildirmişdi. 

Yeri gəlmişkən, onu da oxucuların nəzərinə çatdıraq ki, həmin nasist çıxışdan iki həftə sonra – 2003-cü il yanvarın 30-da Avropa Şurasının baş katibi Valter Şvimmer Koçaryanın “qoca qitə”nin ən yüksək tribunasından səsləndirdiyi fikirləri bölgədə yeni münaqişəni alovlandırmağa qadir olduğunu qeyd etmişdi. AŞPA-nın o zamankı prezidenti Peter Şider isə Hayastan liderinin dediklərinin yanlış tərcüməsinə ümid etdiyini açıqlamış, bu vaxta qədər Avropa Şurasının tribunasından “etnik uyğunsuzluq” ifadəsinin səslənmədiyini demişdi.

Bəli, Ermənistan siyasi isteblişmentində düşüncələri, siyasi mövqeləri faşizm ideologiyası ilə üst-üstə düşən şəxslər az deyil. Əgər ölkəni bu irqçi əqidənin sahibləri idarə edirsə, onda Ermənistan adlı dövlətin ideoloji bazasının məhz faşist ideologiyasına söykəndiyini açıq şəkildə söyləyə bilərik.   

Koçaryanın AŞPA tribunasında məlum çıxışından 20 il sonra, 2023-cü ilin aprelində onun dediklərinə “züy tutan” Hayastan parlamentinin deputatı Aqvan Vardanyan erməni və Azərbaycan xalqlarının yanaşı, göz-gözə yaşamasının qeyri-mümkünlüyündən dəm vurdu: “Azərbaycanlılar bu gün Cermuxa nəzarət edən yüksəklikdə yerləşiblər. Bir çoxları deyir ki, iki xalq yenidən sülh və əmin-amanlıq şəraitində yaşaya bilər. Bunu deyən adamlara heç vaxt inanmaq lazım deyil. Təsəvvür edin ki, rəsmi Bakı sabah azərbaycanlıları Ermənistana qaytara bilsə, bizim dövlətimiz mövcudluğunu dayandıracaq”. 

Bizim Ermənistana deyil, Qərbi Azərbaycandakı doğma torpaqlarımıza qayıdışımız zamana bağlı məsələdir. Amma niyyətimiz bədnam qonşularımızın dövlətini Yer üzündən silmək deyil. Bu missiyanı saxtalaşdırılmış tarixə və faşist ideologiyasına köklənmiş hayların özləri yerinə yetirəcək.  

Uşaq qatilinin faşistdən fərqi yoxdur! 

Söhbət Nikol Paşinyanın bir güllə atmadan prezidentlik kürsüsündən aşırdığı Serj Sarkisyandan gedir. Ermənistanın Qarabağ əsilli ikinci dövlət başçısının ingilis jurnalisti Tomas de Valla müsahibəsində söylədiklərini elə faşizmin etirafı kimi qəbul etmək mümkündür. Tanınmış jurnalist, Qafqaz məsələləri üzrə ekspert özünün “Qara bağ” kitabında bu barədə ətraflı yazıb. Sarkisyan müharibədə azərbaycanlılara zarafat etmədiklərini sübuta yetirmələri üçün hətta onları faşist qəddarlığı ilə öldürməyə hazır olduqlarını etiraf edir. “Onlara bizim nə qədər ciddi olduğumuzu göstərməli idik” deyən xəstə hayla nasistin nə fərqi var? Onların hər ikisi faşist düşüncə tərzinin daşıyıcılarıdır.

Bütün bunları xatırlatmadan da qonşularımızın xislətinə və düşüncəsinə yaxşı bələdik. Həm də bunu ən yüksək tribunlardan çəkinmədən və uca səslə deyirik. Prezident İlham Əliyevin dörd il bundan əvvəl Bakının Ramana qəsəbəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı dediklərini mövzuya qoyulan son nöqtə kimi qəbul edə bilərsiniz: “Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək! Bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır! Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”. 

İmran BƏDİRXANLI
XQ

 

Siyasət