Siyasətdə primitivlik müsbət heç nə vəd etmir
Bəri başdan deyək ki, MDB dövlət başçılarının ənənəvi qeyri-formal sammiti ilə Avrasiya İqtisadi İttifaqının Ali Avrasiya İqtisadi Şurasının iclası eyni şəhərdə – Sankt-Peterburqda keçirilir. Dünən sammit öz işini başa çatdırdı, bu gün isə iclas olacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-formal sammitində iştirak etməyəcəyini açıqlayıb. Guya ki, baş nazir COVID-19-a yoluxub. Əlbəttə, Paşinyanda da hər bir insanda olan orqanlar var və onun hansısa xəstəliyə tutulması mümkündür. Ancaq, istər-istəməz, şübhələr yaranır. Çünki Nikolun MDB egidası altındakı tədbirlərə maraq göstərmədiyinə dair danılmaz reallıq var. Paşinyan və komandası nə MDB-ni sayır, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını.
KTMT müstəvisində hər şey bəllidir. Ermənistan Rusiyanın hakim rol oynadığı bu təşkilatı açıq şəkildə boykot edir. Səbəb odur ki, guya, qurum “Azərbaycanın işğalına” lazımi siyasi qiymət verməyib. Prezident İlham Əliyevin də bildirdiyi kimi, rəsmi İrəvan ABŞ Dövlət Departamentindən KTMT-dən çıxmaq üçün son təlimatları gözləyir. Yəni, hər şey aydındır. KTMT ilə yolları ayırmaq Ermənistanın anti-Rusiya xəttində vacib amildir.
MDB-də də prinsipcə hakim rol Rusiyaya məxsusdur. Paşinyan və tərəfdarları bu təşkilatın Ermənistana lazımsızlığına dair hansısa bəhanəni, görünür, hələ tapa bilməyiblər və tapa bilməyəcəklər. Belə bir mexanizm yox kimi görünür. Ancaq Qərbin Ermənistan qarşısında qoyduğu Rusiyadan maksimum dərəcədə uzaq durmaq tələbi var. Böyük ehtimalla, Paşinyanın “koronavirusa yoluxması” bununla bağlıdır.
Özünə bazar ertəsi, yəni dekabrın 23-də COVID-19 diaqnozunun qoyulduğunu, dekabrın 23 və 24-nü təcriddə keçirdiyini, iqamətgahında işlədiyini, dekabrın 25-də diaqnozun “mənfi” olduğunu və yenidən iş rejiminə qayıtdığını yazan, ancaq Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etməyəcəyini bildirən N.Paşinyan onu da deyib ki, “günün sonuna kimi Aİİ-nin Ali İqtisadi Şurasının sabahkı (bugünkü) iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəm”.
Qeyd edək ki, Rusiya Avrasiya İqtisadi İttifaqında da mühüm rol oynayır. Ancaq əminliklə demək olar ki, N.Paşinyan Aİİ-nin Ali İqtisadi Şurasının toplantısına qatılacaq. Birincisi, Aİİ müstəvisi Ermənistan üçün sığortadır. Qurum sırf iqtisadi zəminlidir və ölkə oradan faydasını götürür. Qərb isə buna qarşı çıxmır. Çünki indiki durumda Aİİ, loru dildə desək, Ermənistanı Rusiyanın pulu ilə onun özünə qarşı qoymaq üçün kifayət qədər ciddi maliyyə platformasıdır. Məhz bu səbəbdən Nikol qurumun sammitinədək “sağalmalıdır”. Həm də nəzərə alaq ki, hazırda təşkilata rotasiya qaydasındakı sədrlik İrəvana məxsusdur. Yəni, Aİİ-nin Ali İqtisadi Şurasının toplantısına rəhbərliyi N.Paşinyan həyata keçirəcək.
Yeri gəlmişkən onu da deyək ki, əslində, Aİİ-nin sammiti Sankt-Peterburqda deyil, İrəvanda düzənlənməli idi. Lakin Ermənistanın xahişi ilə tədbirin keçirilmə yeri dəyişdirilib. Rəsmi İrəvanın açıqlamasından belə nəticə hasil olur ki, təşkilata üzv ölkələrin bəzilərinin dövlət başçılarının Ermənistanda olmaları arzulanan deyil. Böyük ehtimalla, söhbət Belarus Prezidenti Aleksandr Lukaşenkodan gedir.
Nəzərə alaq ki, A.Lukaşenko bu ilin mayında Azərbaycana səfəri çərçivəsində Şuşada olmuş, ölkəmizin haqq davasına rəğbət aşılayan fikirlər səsləndirmişdi. Belarus liderinin Şuşada söylədiklərinin Ermənistanda doğurduğu qəzəb qarşılığında N.Paşinyan parlamendə çıxışı zamanı demişdi ki, A.Lukaşenko Belarusda dövlət başçısı postunu tutduğu müddətdə həmin ölkəyə səfər etməyəcək və hökumət üzvlərinə də bununla əlaqədar müvafiq tapşırıq verib.
Sonda onu da deyək ki, Cənubi Qafqaz tarixi ərzində baş nazir Nikol Paşinyan qədər hiyləgərliyi olduqca primitiv üsullarla həyata keçirən ikinci lider görməyib. Hərçənd, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın təbii ehtiyaclarını ödəmək bəhanəsi ilə Azərbaycanla danışıqlardan yayındığını nəzərə alsaq, deyə bilərik ki, primitivlik erməni dövlətçiliyi üçün yenilik deyil. Bir dövlət ki, quramadır, onun rəhbərinin hansı dəyər və prinsipləri ola bilər? Sual ritorikdir…
Ə.RÜSTƏMOV
XQ