Dekabrın 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2024–2026-cı illərdə sədrlik Azərbaycana keçib. AQEM-in Baş katibi Kayrat Sarıbay Azərbaycanın sədrlik çərçivəsində prioritetləri, strukturun inkişaf perspektivləri və regional əməkdaşlığın gücləndirilməsində etimad tədbirlərinin rolu barədə mediaya açıqlamasında bildirib:
– Xarici işlər naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, Azərbaycan Respublikasının AQEM-də sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanacaq. İlk növbədə, AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini qeyd etmək lazımdır. Bu vəzifə Qazaxıstan sədrliyinin strateji prioriteti idi. Şadam ki, bu məsələ davamlılığı təmin edərək, Azərbaycan sədrliyinin əsas istiqamətlərindən biri olaraq qalır.
Üzv dövlətlər artıq bəzi təməllər qoyublar: nazirlər keçən il yol transformasiya xəritəsini qəbul ediblər. Bundan əlavə, Azərbaycanın sədrliyi prosesin daha da institusionallaşdırılmasına yönəlib. AQEM çərçivəsində AQEM-in Biznes və Gənclər Şuraları, AQEM-in Beyin Mərkəzləri Forumu, eləcə də yeni yaradılmış Aparıcı AQEM Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsi kimi daimi strukturlar artıq uğurla fəaliyyət göstərir.
AQEM-in Baş katibi Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində tədbirlər proqramından hansı konkret təşəbbüslər və nəticələr gözlənildiyini belə şərh edib:
– Azərbaycanın sədrliyinin mühüm cəhəti AQEM-in digər beynəlxalq strukturlarla tərəfdaşlığa açıq olmasıdır, çünki təşkilat əməkdaşlıq üçün çoxsahəli platforma rolunu oynayır. Gələn il üçün Azərbaycan müxtəlif istiqamətlərdə, o cümlədən kibertəhlükəsizlik, ekologiya, mədəniyyət, iqtisadiyyat, eləcə də təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə dair 20-dən çox tədbirdən ibarət proqram təklif edib. Belə geniş və rəngarəng gündəm Azərbaycanın sədrliyinin məhsuldar dövr olacağını vəd edir.
Kayrat Sarıbay Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq təşkilatlara sədrliyi sahəsində son illərdə qazandığı təcrübəni yüksək qiymətləndirib:
– Bu yaxınlarda Bakı qlobal tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkana çevrildi. Bu tədbirin təşkili Azərbaycan hökumətindən və xalqından böyük səylər tələb etdi və onlar uğurla bunun öhdəsindən gəldilər. Açılışda şəxsən iştirak etdim və COP29-un yüksək səviyyədə keçirilməsini təsdiqləyə bilərəm.
Azərbaycanın ən böyük beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatına sədrlik sahəsində uğurlu təcrübəsi xüsusilə diqqətəlayiqdir. Bu dövrdə mühüm institusional islahatlar aparılıb, yeniliklər tətbiq edilib. Azərbaycanın sədrliyinin əlavə olaraq daha bir il uzadılması onun uğurlu diplomatiyasını sübut edir.
Əhəmiyyətli diplomatik və iqtisadi resurslara malik olan Azərbaycan AQEM çərçivəsində mühüm rol oynamağa qadirdir.
XQ