Çin və Azərbaycanın tərəfdaşlığı  əməkdaşlığa geniş meydan açır

post-img

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan ilə Çin arasında 2024-cü ildə əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Diplomat bildirib ki, Çin və Azərbaycan səmimi, mehriban, dost və qarşılıqlı fayda əldə etməyə çalışan bərabərhüquqlu, etibarlı tərəfdaşlardır. 1992-ci ilin aprelində diplomatik münasibətlərin qurulduğu andan indiyədək ikitərəfli əlaqələr sağlam və sabit şəkildə inkişaf edir, səmərəli əməkdaşlıqla səciyyələnir və strateji məzmun daşıyır.

Səfir açıqlamasının davamında deyib: “Xüsusilə qeyd etmək lazımdır ki, bu il iyulun 3-də Sədr Si Cinpin və Prezident İlham Əliyev Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində görüşüb və ikitərəfli münasibətlərin səviyyəsinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini birgə bəyan ediblər. Bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yaxşılaşmasına töhfə verdi və iki ölkə arasında uzun illər ənənəvi dostluğun yeni səhifəsini açdı. Prezidentlərin rəhbərliyi ilə bu il Çin və Azərbaycan arasında münasibətlər həqiqətən də məhsuldar olub.

Yüksəksəviyyəli səfərlərin intensivliynin tarixi səviyyəyə çatdığını qeyd edən  Din Tao qeyd edib ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin sayı iki dəfə artıb: “Bu il Prezident İlham Əliyev Çin nümayəndə heyətləri ilə dörd dəfə görüşüb. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan, Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Şen Yueyue kimi rəhbərlərin Azərbaycana səfərləri uğurlu olub. Prezident İlham 
Əliyev, Azərbaycan hökumətinin və parlamentinin rəhbərləri ilə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, bu da müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığa yeni təkan verib”.

Siyasi sahədə ölkələrimizin əsas maraqlarına toxunan səfir bildirib ki, biz bir-birimizi dəstəkləyirik, Azərbaycan “Vahid Çin” prinsipinə qətiyyətlə riayət edir və “Tayvanın müstəqilliyini” müdafiə edən separatçı qüvvələri açıq şəkildə pisləyir: “Astanada keçirilən görüşdə Prezident 
İlham Əliyev bildirib ki, Azərbaycan Çinin ölkənin birləşdirilməsi istiqamətində böyük işini qətiyyətlə dəstəkləyir. Bu, tarixi tendensiyadır və heç bir qüvvə onu dayandıra bilməz. Çin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, öz milli şəraitinə uyğun inkişaf yolunu qətiyyətlə dəstəkləyir. Pekin xarici qüvvələrin insan haqları problemlərini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə qarşı çıxış edır. Çin, Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini də qətiyyətlə dəstəkləyir və qarşıdurmanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları pisləyir”.

XQ

 

Siyasət