I məqalə
Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
Heydər ƏLİYEV
Ümummilli lider
İnterregionallıq
İnterregionallığın məna çalarları fəlsəfə ilə politologiyanın konseptual (nəzəri və metodoloji, yəni bilik və yanaşma aspekti) kəsişmə sahəsindədir. İnterregionallıq anlamı “regionlararası” terminlə mənaca tam eyni deyildir. Bu, həmin anlayışa verdiyimiz fəlsəfi anlamla bağlıdır. İnterregionallıq bir neçə (iki və daha çox) regionda mövcud olan problemlərin iki və daha çox dövlətlər üçün ortaq olmasını qəbul etməyə əsaslanan və həmin ölkələrin kollektiv fəaliyyəti ilə həlli prosesini ifadə edən geosiyasi, siyasi və təhlükəsizlik fenomenidir.
Yəni fəlsəfi olaraq “interregional” anlayışı üç aspekti özündə birləşdirir:
Birinci, o, siyasi, geosiyasi və coğrafi olaraq bir neçə ölkənin ortaq fəaliyyət məkanıdır.
İkinci, orada həmin ölkələrin ortaq hesab etdiyi problemlər mövcuddur.
Üçüncü, onların həlli üçün birgə yanaşma, üsul, vasitə və ortaq məqsədlərin olması zəruridir.
Bu şərtlər ödəndikdə söhbətin interregional mühitdən getdiyini demək olar.
Buradan anlayışın politoloji mənasına keçid edə bilərik. Vurğulanan anlamda fəlsəfi mənası qəbul edilən interregionallığın politoloji məna çaları, ortaq problemlərin həllində siyasi üsul və vasitələrin tətbiq edilməsi ilə bağlıdır. Yəni bir neçə region üçün aktual və ortaq olan geosiyasi, siyasi, təhlükəsizlik problemləri siyasi-diplomatik və hərbi vasitələrlə həll edilirsə, həmin anlayışın politoloji məna yükü də vardır.
Bu anlamlardan çıxış edərək “regionlararası” termininin interregionallıqdan fərqini müəyyən etmək olar. “Regionlararası” özündə bəri başdan problemlərin ortaq həlli aspektini ehtiva etmir. Bu anlayış daha çox bir neçə regiona vahid coğrafi-siyasi və geosiyasi sistem kimi baxmağa istiqamətləndirir. Həmin yanaşmanın çətiri altında hərbi, iqtisadi, sosial, mədəni, demoqrafik və s. sferalar nəzərdə tutulur.
“Regionlararası” bir dövlətin mövcud problemlərə yanaşması və onu həll etməyə yönəlmiş addımlarını əks etdirir. Bu baxımdan həmin termin interregionallıqda nəzərdə tutulan “dövlətlərarası” anlayışına deyil “transdövlət” (bir dövlətin problemi həll etmək üçün özünün siyasi, iqtisadi, hərbi və digər sərhədlərini açması, daha geniş sahəyə özünü proyeksiya etməsi) anlamına üstünlük verir.
Bu izahlardan sonra “interregional güc” anlayışının fəlsəfi və politoloji anlamına keçə bilərik.
İnterregional güc
“İnterregional güc” anlayışı konkret dövlətə aiddir. Ancaq onun güc olmasının interregional kontekstdə bir özəlliyi vardır. Hər şeydən öncə, burada “güc” dedikdə, yalnız geosiyasi aspekt nəzərdə tutulmur. Ona siyasi-diplomatik, təbliğat və təşviq potensialı (passiv+aktiv) da daxildir. Mühüm məqam ondan ibarətdir ki, interregional miqyasda ortaq qəbul edilən problemlərin razılaşdırılmış mövqedən həllində dövlət öz potensialını uğurlu şəkildə feili aspektə tətbiq edə bilir. Yəni məsələ, sadəcə, böyük potensial imkanlara malik olmaqla məhdudlaşmır.
İnterregional miqyasda güc olmaq mütləq şəkildə liderin siyasi-diplomatik məharəti ilə onun problemlərin həllində nəticəverici tətbiqinin harmoniyasına nail olmağı nəzərdə tutur.
Deməli, dövlətin interregional gücü, hər şeydən öncə, liderin ortaq qəbul edilən müxtəlif problemlərin həllində liderlik məharəti ilə onu praktiki reallaşdırma peşəkarlığının ahəngdarlığından asılıdır. Həmin məqam da öz növbəsində üç xüsusiyyəti ehtiva edir.
Birincisi, dövlətin interregional kontekstdə ortaq problemlərin (ən kəskinləri də daxil olmaqla) razılaşdırılmış yanaşma əsasında həllində iştirakına inam və etibarın mövcudluğu.
İkincisi, həmin dövləti siyasi, geosiyasi, diplomatik və digər sferalarda problemlərin həllində iştirakının təmin edilməsi.
Üçüncüsü, dövlətin konkret və praktiki fəaliyyəti ilə interregional məkan üçün aktual olan məsələlərin həllinə ortaq maraqlar çərçivəsində töhfə verməsinin təsdiq və qəbul edilməsi.
Belə alınır ki, hər bir dövlət o zaman interregional güc sayılır ki, onun potensialı ilə feili davranışının ahəngdarlığı fonunda interregional miqyas üçün ortaq sayılan problemlərin həllində siyasi-diplomatik və praktiki iştirakı həm real mövcud olur, həm bu fakt qəbul edilir, həm də dövlət praktiki fəaliyyəti ilə onu təsdiq edir. Faktiki olaraq məsələ nəzəri və praktiki fəaliyyətin siyasi ekspert qiymətləndirməsi də interregional güc olmağın kriteriyalarından biri kimi özünü göstərməlidir.
Bu qısa fəlsəfi və politoloji anlamların fonunda Azərbaycanın interregional güc kimi özəlliklərinin təhlilinə baş vura bilərik.
Təcrübə bazası
Azərbaycan postsovet məkanında yeganə müstəqil dövlətdir ki, baxdığımız istiqamət üzrə müsbət nəticəverici təcrübəyə malikdir. Onun konkret ifadəsi Azərbaycanın regional miqyasda ciddi olan bir problemi həll etməsindədir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illər həm regionun, həm də dünyanın böyük güclərinin marağında olan problem idi. Regionda və dünyada bu münaqişənin həlli ortaq hesab edilsə də, real addım atan olmadı. Hətta, ATƏT adlanan və onun Minsk qrupu kimi təqdim edilən qurumlar kollektiv fəaliyyət mexanizmlərinə malik olsalar da, məsələni həll etmədilər. Qonşu dövlətlərdən situasiyaya Rusiya ciddi təsir edə bilərdi, lakin etmədi. İran heç bir iş görmədi.
Bütün bunların fonunda Azərbaycan dövləti regional miqyas üçün ortaq problem sayılan həmin münaqişəni həll etmək üçün ardıcıl və düşünülmüş fəaliyyət göstərdi. Burada ulu öndər Heydər Əliyevin hazırladığı siyasi kurs həlledici və istiqamətverici rol oynadı. Nəticədə 30 illik çalışmadan sonra Azərbaycan postsovet məkanında ilk olaraq regional miqyasda ortaq olan ciddi bir problemi həll edə bildi. Burada təcrübə kimi iki məqam çox önəmlidir.
Birincisi, Azərbaycan dövlət olaraq problemin həllində həlledici rol oynadı. Bu mənada ölkəmizin regional ortaq problemin həllində əsaslı təcrübəsi vardır. İkincisi, məsələnin regional və qlobal miqyaslarda geosiyasi və təhlükəsizliyin təmini baxımından etibarlı həlli üçün Türkiyə ilə sıx əlaqələri təmin etdi. Onu mütləq vurğulamaq lazımdır ki, bu prosesdə də Bakı aparıcı rol oynamışdır. Məhz Azərbaycan Prezidentinin davamlı, qətiyyətli və səmərəli siyasi-diplomatik fəaliyyəti əsasında Türkiyə mənəvi dəstəyini əsirgəməmişdir.
Həmin özəllik regional və interregional miqyaslarda Azərbaycanın ortaq sayılan problemlərin həlli təcrübəsinin çox vacib aspektini təşkil edir. Belə ki, XXI əsrdə müstəqil dövlətin problemləri həll etməkdə siyasi, diplomatik və təhlükəsizliyin təmini istiqamətlərində fəaliyyətində təşkiledicilik, birləşdiricilik potensialı olduqca əhəmiyyətli faktordur.
Bundan başqa, regional miqyasda ortaq olan problemin həllində Azərbaycanın yerli dövlətlərə münasibətində nümayiş etdirdiyi sivillik, sülhsevərlik, barışcıllıq, əməkdaşlıq və təhlükəsizliyin təmini kimi faktorlara önəm verməsi xüsusi fəaliyyət mədəniyyətidir. Onun interregional miqyasdakı fəaliyyəti üçün ciddi baza rolunu danmaq olmaz.
Burada onu da vurğulamaq istərdik ki, Azərbaycanın regional miqyasda ortaq problemlərdən birini həll etməsi təcrübəsi, bütövlükdə, Avrasiya məkanı üçün qiymətli təcrübədir. Eyni məntiqlə postsovet məkanında heç bir dövlətin belə təcrübəsi yoxdur. Buna görə də Azərbaycan Prezident İlham Əliyevin sayəsində çox əhəmiyyətli və tarixi mahiyyəti olan təcrübə toplamışdır. İndi həmin təcrübənin interregional miqyasa proyeksiyası prosesi gedir. Bununla Azərbaycan Respublikası həmin məkanda real geosiyasi güc statusundadır! Bu tezisi iki istiqamətdə – Türk Dünyası və Yaxın Şərqdə müşahidə etdiyimiz proseslərin fonunda izah edə bilərik.
Azərbaycan Türk dünyasında interregional güc kimi
Bu, özlüyündə həm Azərbaycan təcrübəsi, həm də TDT təcrübəsi baxımından maraqlı məsələdir. Türk dünyası faktiki olaraq regionlararası məkanı əhatə edir. Avropa (biz, konkret olaraq Macarıstanı nəzərdə tuturuq–F.Q,), Balkanlar, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya, Uzaq Şərq, Cənub Şərqi və Cənub Qərbi Asiya kimi geniş bir geosiyası məkanı əhatə edir. Bundan başqa, regionlararası miqyasda hər bir regionun özünəməxsus problemləri təsir göstərir. Nəticədə mürəkkəb bir situasiya yaranır. Onları interregional miqyasa proyeksiya edəndə isə ortaq problemlərin təsnifatı belə asan olmur. Lakin biz məsələyə sırf türk dövlətləri üçün ortaq olan məsələlərin prizmasında baxdığımızdan müəyyən düzən yaratmaq olar.
Azərbaycan sürətlə Türk dünyası üçün ortaq sayılan məsələlərin həllində fəal iştirak etməyə başlamışdır. Həmin problemlər siyasi, diplomatik, əməkdaşlıq, təhlükəsizlik, iqtisadi, energetik, informasiya-kommunikasiya, ticari, nəqliyyat-loqistika, hüquqi, mədəni, mənəvi, əxlaqi, elm, təhsil xarakterlidir. Bakı regional təcrübəsindən yaradıcı istifadə edərək Türk dünyası miqyasında interregional təcrübə toplamaqdadır. Politoloji kontekstdə həmin təcrübənin Azərbaycanı geosiyasi güc kimi xarakterizə edən bir sıra əlamətlərini göstərmək olar.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru