Macarıstan xarici işlər naziri Peter Siyarto Gürcüstan ilə əlaqədar Qərbi tənqid edən fikirlər səsləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə gürcü mətbuatı yazıb.
Bildirilib ki, o, Macarıstanda səfərdə olan Gürcüstan XİN-in başçısı ilə birgə mətbuat konfransında deyib: “Müxalifət seçkidə qalib gəlsəydi, Brüssel Gürcüstanda demokratiya haqqında ucadan qışqıraraq deyərdi ki, Gürcüstanda demokratiya heç vaxt bu qədər güclü olmayıb. Amma seçkini mühafizəkarlar qazandı və onlar iradəni inkar etmək, bunu görməzdən gəlmək üçün hər şey edirlər, özü də bunu tamamilə qeyri-demokratik üsulla həyata keçirirlər. Onlar gürcü xalqının demokratik seçkilərlə ifadə etdiyi iradəni şübhə altına alırlar”.
P.Siyarto əlavə edib ki, bu, Brüsselin çox zərərli və təhlükəli yanaşmasıdır.
“Bu yaxınlarda Brüsseldən Gürcüstanın daxili işlər nazirinə və yüksək rütbəli polis zabitlərinə qarşı Avropa sanksiyaları tətbiq olunması təklifi aldıq. Bu, hədsizlikdir və əsassızdır.
Macarıstan gürcü rəsmilərinin sanksiyalar siyahısına salınmasının tamamilə əleyhinədir. Əgər belə təkliflər olarsa, biz onlara veto qoyacağıq, buna əmin ola bilərsiniz”, - deyə Macarıstan XİN-in başçısı vurğulayıb.
O, mətbuat konfransında Gürcüstanla əməkdaşlıq barədə danışarkən Azərbaycanla da əməkdaşlığa toxunaraq deyib: “Biz, həmçinin Gürcüstan vasitəsilə Azərbaycandan yaşıl enerji əldə etmək üçün çalışırıq. Bu, dənizin dibi ilə çəkilən kabel vasitəsilə həyata keçirilməlidir”.