Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Beynəlxalq vəkillik və diplomatiyanın rolu” mövzusunda panel sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zəfər Sırakaya çıxış edərək bildirib ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcək.
Onun sözlərinə görə, 30 il sonra Azərbaycan özü ədaləti bərqərar etmək məcburiyyətində qaldı və torpaqlarını işğaldan azad etdi. Bu gün həmin ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanlılar artıq öz torpaqlarına qayıdırlar.
O, Cənubi Qafqazın rifaha qovuşacağına inamını ifadə edib, Türkiyənin sülh danışıqları prosesinə dəstəyini göstərməyə davam edəcəyini diqqətə çatdırıb.
Digər çıxış edənlər - Böyük Britaniyada “Economyfirst Limited London” şirkətinin direktoru, jurnalist Klaus-Peter Ralf Jurgens, Brüssel Enerji Klubunun nümayəndəsi Marat Terterov, İspaniyanın Deusto Universitetinin professoru Susana Manqana və Xorvatiyada İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı eksperti Krsevan Antun Duymoviç beynəlxalq hüquq normalarının qorunması və onların effektiv tətbiqinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, beynəlxalq vəkillik və diplomatiya münaqişə sonrası cəmiyyətlərin yenidən qurulması, yurdlarından zorla didərgin düşmüş insanların hüquqlarının bərpası və regionda davamlı sülhün təmin olunmasında mühüm rol oynayır. Azərbaycan 30 il sonra sonra öz torpaqlarını işğaldan azad edib, qələbə qazanıb. Beynəlxalq ictimaiyyət də Cənubi Qafqazda baş verənləri diqqətlə izləməlidir. Ona görə ki, zaman ötdükcə əhalinin geri dönüş prosesi ləngiyir. Bu səbəbdən proses sürətləndirilməlidir.
Çıxış edənlər beynəlxalq hüquq çərçivəsində ədalətin bərpasının regionda uzunmüddətli sabitlik və barışıq üçün əsas şərt olduğunu vurğulayıblar.
İştirakçılar, həmçinin Bakının COP29-a uğurla ev sahibliyi etməsindən danışıb və bu mühüm tədbirin nəticələrinə toxunublar.