İrəvanda hakimiyyətdaxili gərginlik

post-img

Hayastanda müstəqil təşkilatların keçirdikləri son rəy sorğuları Nikol Paşinyanın reytinqinin xeyli aşağı düşdüyünü göstərir. Hazırda baş nazirin reytinqi “məxməri inqilab” yolu ilə hakimiyyətə gəldiyi 2018-ci ilin mayından indiyədək ən aşağı həddədir. Bunun da səbəbləri aydındır. Çünki iqtidar seçkilərdən ötən müddət ərzində verdiyi vədlərin əksəriyyətini yerinə yetirə bilməyib. Həm daxili, həm də xarici siyasətdə ardıcıl uğursuzluğa düçar olub.

Hazırda ölkənin ikinci böyük şəhəri olan Gümrüdə, sözün əsl mənasında, hakimiyyət böhranı yaşanır. Bu gün Gümrüdə baş verənlər Paşinyanın gələcəkdə bütün ölkə üzrə hakimiyyəti əldə saxlamaq üçün həyata keçirəcəyi planların məşqi də hesab oluna bilər. Baş verənlərlə bağlı politoloq Stepan Danielyanın şərhi bu mənada diqqəti cəlb edir: “Gümrü ağsaqqallar şurası (Ermənistanda şəhərləri kollegial qaydada idarə edən orqan belə adlanır–S.H.) ətrafında cərəyan edən hadisələr dönüş anıdır. Ermənistanda hakimiyyətin mənimsənilməsi, qəsb olunması prosesi gedir. Onlar bu təcrübəni digər icmalarda da tətbiq etməyə çalışacaqlar”.

S.Danielyan bildirib ki, Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası Gümrü ağsaqqallar şurasında azlıq təşkil edir. Çoxluq mandatlarından imtina etdikdən sonra hazırkı baş nazir yeni seçkilərə qədər müvəqqəti mer vəzifəsinə bitərəf namizəd irəli sürmür, “Mülki müqavilə” üzvləri ilə “tərəfdarları” arasında daxili seçkilər – praymeriz keçirir: “Hakim partiyanın bu qərarı konstitusiyanın mətninə və ruhuna, sağlam düşüncəyə ziddir. Bu, açıq-aşkar hakimiyyətin qəsb edilməsidir və uğurlu olarsa, bu təcrübə digər icmalara da yayılacaq. Gələcəkdə isə yerli hakimiyyət orqanlarına təyin olunanlarının köməyi ilə parlament seçkilərində səs toplamağa çalışacaqlar”.

Politoloq Danielyanın fikirlərində həqiqət payı az deyil. 2026-cı ilin iyununda Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsi gözlənilir. Paşinyan hazırda var gücü ilə seçkilərə hazırlaşır. Başa düşür ki, seçkilərdə qalib gələ bilməsə, müxalifət cildində hazırda parlamentdə də təmsil olunan Qarabağ klanı ona cinayət işinin açılmasına və uzunmüddətli həbsinə çalışacaq. Çünki klanın “xaç atası” Robert Koçaryan Paşinyanın hakimiyyəti dövründə həbs edilib. Düzdür, o sonradan azadlığa buraxılıb. Amma bu yaxınlarda onunla bağlı cinayət işi yenidən təzələnib. Klanın daha bir nümayəndəsi – ölkənin ikinci prezidenti Serj Sarkisyan da Paşinyanın dövründə cinayət təqibinə məruz qalıb. Onunla bağlı məhkəmə prosesi hazırda da davam etdirilir. Paşinyanı devirəcək qüvvə bütün bunların qisasını ondan almağa çalışacaq. Buna görə də Nikol hazırda əsas diqqətini seçkilərdə qalib gəlməyə yönəldib.

Baş nazirin son vaxtlar hakimiyyət strukturlarında apardığı kadr islahatları da təsadüfi hesab olunmamalıdır. Paşinyan bir müddət öncə bildirmişdi ki, o, hüquq-mühafizə sistemində islahatlara başlasa da, bunun nəticəsi yoxdur. Bundan bir neçə gün sonra hüquq-mühafizə sistemində yüksək vəzifə tutan bəzi şəxslər – daxili işlər naziri Vahe Qazaryan, istintaq komitəsinin sədri Argişti Karamyan, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Sasun Xaçatryan, ali məhkəmə şurasının sədri Karen Andreasyan vəzifələrindən azad olundular. Həmçinin, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və dövlət gəlirləri komitəsinin sədri Rüstəm Badasyan da işdən çıxarıldılar.

İndi isə Nikol hakim partiya daxilində “təmizləmə əməliyyatı”na başlayıb. Paşinyan “Mülki müqavilə”nin deputatları Narek Zeynalyana və Ovik Aqazaryana mandatlarını təhvil vermələrini tapşırıb. Zeynalyan tapşırığı yerinə yetirib, lakin Aqazaryan hələ də müqavimət göstərir. Onun fraksiyadan çıxarılması məsələsi noyabrın 29-da axşam “Mülki müqavilə”nin parlament fraksiyasının Paşinyanın iştirakı ilə keçirilən iclasında müzakirə olunub. “Hraparak” qəzeti yazır ki, iclasa O.Aqazaryan da qatılıb.

Paşinyanın sədrliyi ilə keçirilən iclas kadr dəyişikliklərinə həsr olunub. Qəzetin yazdığına görə, iclas zalında Aqazaryanı görən Paşinyan təəccüblənib, lakin birbaşa heç nə deməyib və çıxışı zamanı ona eyhamlar ünvanlamaqla kifayətlənib. Aqazaryan çıxış etməsə də, görüşün sonuna qədər iclasda iştirak edib.

Bildirilir ki, Paşinyan oktyabrın 15-də istintaq komitəsinin sabiq rəhbəri Argişti Karamyanla mübahisə etdikdən sonra Aqazaryanı mandatdan məhrum etmək qərarına gəlib. Ancaq Aqazaryan mandatını verməkdən imtina edir. Maraqlıdır ki, hakim partiyanın bəzi deputatları baş nazirin tələbinə müqavimət göstərən partiya yoldaşlarını gizli şəkildə dəstəkləyirlər. Bu isə hakimiyyət düşərgəsində ciddi fikir ayrılıqlarının olduğunun daha bir göstəricisidir.

Ölkənin daxili siyasi həyatı, hakimiyyət daxilindəki çəkişmələrlə bağlı “Ermənistanın səsi” qəzetində dərc edilmiş məqalə də maraq doğurur. Qeyd edilir ki, Paşinyanın növbəti seçkilərə hazırlığa başlaması artıq heç bir şübhə doğurmur. Şübhə doğuran yalnız bunun 2026-cı ildə keçiriləcək növbəti seçkilər, yoxsa gələn il baş tuta biləcək növbədənkənar seçkilər olacağıdır: “Söhbət təkcə bədnam təraşdan (Paşinyanın saqqalını təraş etməsi nəzərdə tutulur – S.H.) deyil, komandanın təmizlənməsi üçün açıq müraciətdən və hər kəsi, hətta ən etibarlı silahdaşı belə qurban verməyə hazır olmağından gedir. Komanda isə dərhal və çox xarakterik şəkildə – Ermənistanı işğal etmiş cinayətkar dəstənin “əxlaq formasına” tam uyğun olaraq cavab verdi. Silahdaşlarının Paşinyana sədaqət və onun hər göstəriş və şıltaqlığını yerinə yetirməyə hazır olduqları barədə açıq andiçmə “paradına” az adam diqqət yetirdi. Ən yüksək rütbəli məmurlar bu gün, seçkilərdən xeyli əvvəl öz əsas vəzifələrini həll etməyə çalışırlar: Nikolun cinahından düşməmək. Bunun üçün nə lazımdır? Düzdür, şəxsən öz sadiqliyinizi və Nikola sədaqətinizi sübut etmək! Nə ölkənin, nə dövlətin maraqları, nə də xidməti öhdəliklər əsas deyil. Yalnız və yalnız Paşinyana sadiqlik lazımdır. Çünki onlar çox gözəl bilirlər ki, gələcək seçki siyahısında olmağın yeganə təminatı budur. Çünki onlar çox gözəl başa düşürlər ki, bu siyahıdan kənarda qalmaq təkcə karyera nərdivanından yıxılmaq deyil, həm də gələcək firavan və qayğısız həyatdan məhrum olmaqdır”.

Yazıda bildirilir ki, bu çərçivədə deputat O.Aqazaryan Paşinyanın göstərişlərini qeyd-şərtsiz qəbul etmirdi. Bunun nəticəsi olaraq Aqazaryan uzun müddət idi ki, sıxışdırılırdı. Nəhayət, Paşinyan deputatın parlamentdə istintaq komitəsinin sabiq rəhbəri ilə mübahisəsindən istifadə edərək onu mandatdan məhrum etmək prosesini başladıb. Ancaq qeyd etdiyimiz kimi, Aqazaryan da buna qarşı çıxır və asanlıqla təslim olmaq istəmir.

Siyasətçi və ictimai xadim Narek Malyan bu barədə bildirib ki, əgər O.Aqazaryan “Mülki müqavilə” fraksiyasını tərk edib deputat mandatını qoruyub saxlaya bilsə, hörmətə və təkrar olunmağa layiq fenomenə çevriləcək: “Ona münasibətdən asılı olmayaraq, “Mülki müqavilə” fraksiyasını tərk edən hər bir deputat, xüsusən indiki mərhələdə müxalifətin verdiyi minlərlə müsahibədən daha vacibdir. Bu fikir pafosdan uzaq və istənilən real müxalifətçi üçün rasionaldır”.

“Joxovurd” qəzeti isə yazır ki, hakim partiyanın deputatları parlament seçkilərinə iki il qalmış artıq təşviqat kampaniyasına başlayıblar: “Hakim partiyadan olan deputatlar baş nazirdən geri qalmır və fəal şəkildə bölgələrə səfərlər edir, sakinlərlə görüşür, məktəblərə baş çəkir və orada görülən işlərlə tanış olurlar”. Adının açıqlanmasını istəməyən deputatlardan biri bu qiymətləndirmələri təsdiqləyib. “Əlbəttə, deputatlar öz növbəsində, hökumət də öz növbəsində işlər görür. Hər bir addım xalqa hesabat təqdim etməyə və bu hesabatın qəbul olunmasına yönəlib. Bölgələrə səfərlər təşviqat kampaniyasının tərkib hissəsidir. Biz rayonlara səfər etməliyik ki, partiya dostlarımız, xalqımız bizi tanısın və hərəkətlərimizə qiymət versin” – deyə deputat bildirib.

O.Aqazaryan və A.Karamyanın iştirakı ilə parlamentdə baş vermiş qarşıdurmaya münasibət bildirən müxalifətçi deputat, “Respublika” partiyasının üzvü Tiqran Abramyan özünün “Facebook” səhifəsində yazıb: “Qanunverici orqandakı biabırçı “razborka” təkcə mövcud hakimiyyətin mahiyyətini və keyfiyyətcə iflasını deyil, həm də hakim qüvvə daxilindəki “gəmiriciliyi”, himayədarlığın və siyasi korrupsiyanın qeyri-sağlam təzahürlərini göstərdi. Müzakirələrin belə aşağı səviyyədə keçirilməsinin əsas sponsoru və təminatçısı yalnız özünü və şəxsi maraqlarını güdən Nikol Paşinyan olub”.

T.Abramyan qeyd edib ki, qarşıdurmanın baş veriyi gün parlamentdə daha iki etiraf bəyanatı səslənib: “İstintaq komitəsinin sədri hazırkı hakimiyyət daxilində “ədalətli seçim institutu”nun mövcudluğuna eyham vurdu. Mövcud hakimiyyəti qoruyub saxlamağın əsas təminatlarından biri də kompromat siyasətinin davam etdirilməsidir. İstintaq komitəsinin sədri bütün təfərrüatlardan, sxemlərdən xəbərdardır və onları ictimailəşdirməklə hədələyir”.

Onun sözlərinə görə, ikinci etirafı hakim partiyadan olan deputat O.Aqazaryan edib və bu, bütün müxalifətçilərin və hüquq müdafiəçilərinin uzun illərdir danışdıqları ilə bağlıdır: “Hakimiyyət həbslərdən təzyiq vasitəsi kimi istifadə edir. Haqqında qondarma cinayət işi açılmış Ermənistan “Respublika” partiyasının sədr müavini Armen Aşotyandan tutmuş, müxalif əhval-ruhiyyəli vətəndaşlara qədər bir çox insan Aqazaryanın etirafının ağır nəticələrini öz üzərində hiss edir”.

Səxavət HƏMİD
XQ

Siyasət