İrəvan həm sülhdən dəm vurur, həm də bizi ittiham edir

post-img

Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparır, digər tərəfdən isə qeyri-konstruktiv mövqe tutur, prosesi poza biləcək əməllərə imza atır. Sözsüz ki, bu əməllərin ən başlıcası ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların qalmasıdır. Aydın görünür ki, sülh sazişini yekunlaşdırmaq üçün yeganə maneəni aradan qaldırmaq isə məhz Ermənistanın istəyindən asılıdır. Bu maneə Ermənistanda konstitusion şəkildə təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır.

Ermənistanın danışıqlar prosesini pozmaq istəyinin daha bir nümunəsi müxtəlif ölkələrdən böyük həcmdə silah-sursat almasıdır. Bundan əlavə, rəsmi İrəvan Haaqada yerləşən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) də Azərbaycana qarşı hüquqi müstəvidə iddiasını davam etdirir. Dünən yayılan məlumatda bildirilir ki, məhkəmə Ermənistan və Azərbaycana 2025-ci il noyabrın 12-dək BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyasının pozulması ilə bağlı iş üzrə əks arqumentlər təqdim etmək üçün vaxt verib. Söhbət Azərbaycanın Ermənistana qarşı 2021-ci il sentyabrın 23-də verdiyi şikayəti əsasında başlanmış işdən gedir.

Bildirilir ki, BƏM 2022-ci il yanvarın 21-də verdiyi qərarı nəzərə alaraq, Azərbaycanın arqumentinin, Ermənistanın isə əks-arqumentinin verilməsi üçün müvafiq müddətlər kimi 2023-cü il 23 yanvar və 2024-cü il 23 yanvar tarixlərini müəyyən edib.

Məhkəmə 2024-cü il noyabrın 12-də çıxardığı qərarla müəyyən edib ki, 1996-cı il sentyabrın 15-dək baş verdiyi iddia edilən hərəkətlərlə bağlı Azərbaycanın iddiaları istisna olmaqla, rəsmi Bakı tərəfindən verilmiş ərizəyə baxılması onun yurisdiksiyasına malikdir. Buna görə də məhkəmə Ermənistanın əks arqumentinin təqdim edilməsi üçün son tarix kimi 2025-ci il 12 noyabr tarixini təyin edib və növbəti qərar üçün sonrakı proseduru özündə saxladığını açıqlayıb.

Xatırladaq ki, 2021-ci il sentyabrın 16-da Ermənistan BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyasının tələblərinin pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı mühakimə yürütməyə başlayıb.

Rəsmi İrəvanın bu yanaşması qeyd etdiyimiz kimi, onun sülh danışıqları aparması ilə bir araya sığmır. Onun bu hərəkətlərinin adı riyakarlıq və ikiüzlülükdür. İrəvanın bu addımları atdığı halda sülh danışıqları aparması gözə kül üfürmək, özünü, necə deyərlər, “sülh göyərçini” qismində qələmə vermək və “əzabkeş” obrazını yaratmağa xidmət edir. Azərbaycanın hansısa arqument və əks arqument təqdim etməsinə isə ehtiyac yoxdur. Bütün faktlar və sübutlar ortadadır. Həmin faktlar və sübutlar o qədər səhihdir ki, Ermənistan tərəfinin onları təkzib etməyə gücü çatmaz. Amma yenə də BƏM Ermənistanın iddiası əsasında Azərbaycandan hansısa məlumatları tələb edirsə, biz daşdan keçən həmin faktları da təqdim etməyə hazırıq.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, BƏM-də hüquqi müstəvidə iddialar qaldırılsa da, bu iddiaların siyasi tərəfləri də az deyil. Yəni, proses, əslində, siyasi mahiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq ərazi bütövlüyünü, 2023-cü ildə isə bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyini bərpa etdi. Bununla da keçmiş Ermənistan–Azərbaycan münaqişəsi həllini tapdı. Ancaq Qərbdəki bəzi dairələrdə münaqişənin həllini tapmadığı yanaşması üstünlük təşkil edir. ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT katibliyinə birgə müraciət edilməsi ilə bağlı Bakının təklifinin İrəvan tərəfindən qəbul edilməməsi də bunun bir göstəricisidir.

Qeyd edildiyi kimi, Qərbdəki müəyyən dairələr də Ermənistanın mövqeyini bölüşürlər. Onlar Ermənistan–Azərbaycan münaqişəsini bitmiş hesab etmirlər. Həmin dairələr öz mövqelərini bununla əsaslandırırlar ki, hələlik Bakı və İrəvan arasında sülh sazişi imzalanmayıb. Ermənistanın əsas qanununda Azərbaycana ərazi iddialarına əsas verən müddəalar qalmaqdadır: “Yəni, bizim torpaqlarımıza iddialar hüquqi müstəvidə qalmaqdadır. Eyni zamanda, ermənilərin Azərbaycana və azərbaycanlılara münasibətdə ideoloji yanaşmaları da dəyişməyib. Ötən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıları öz yurd-yuvalarından didərgin salan, Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlıları soyqırımlarına məruz qoyan, 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarını vəhşicəsinə talan edən də məhz Ermənistan tərəfi olub. Bütün bunlar hamısı etnik düşmənçilik, irqçilik zəminində törədilmiş cinayətlərdir. Yəni, azərbaycanlılar azərbaycanlı olduqları üçün bu müsibətlərə məruz qalıblar. Azərbaycanlılarla yanaşı, Türkiyə türkləri də onların irqi ayrı-seçkilik siyasəti yürütmələrindən böyük əzab-əziyyət çəkiblər. Erməni hərbi birləşmələri XX əsrin sonlarında Qarabağda törətdikləri vəhşilikləri əsrin əvvəllərində Şərqi Anadoluda türklərə qarşı törədiblər. Bütün bunlar Beynəlxalq Ədalət Məhkəməsində irqi ayrı-seçkilik kimi nəzərdən keçirilməlidir”.

R.Məmmədova qeyd etdi ki, rəsmi İrəvan Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlara kölgə salmaq, ölkəmizi dünya ictimaiyyətinin gözündə barbar dövlət kimi qələmə vermək istəyir. Bu isə mümkün olan məsələ deyil. Onlar yol verdikləri bütün mənfur əməlləri bizim üzərimizə atmaq istəyirlər. İnsanları uzun illər yaşadıqları torpaqlardan didərgin salmaq, onları etnik təmizləməyə, soyqırımına məruz qoymaq Azərbaycan tərəfinin deyil, Ermənistanın gördüyü işlərdir: “Ancaq İrəvan böhtan atmaq vərdişindən əl çəkməyərək, öz əməllərini bizim adımıza çıxır. Beynəlxalq Ədalət Məhkəməsi də, əslində, Qərbin bir təsisatıdır. Avropa təsisatı olduğu üçün ölkəmizə münasibətdə digər Qərb qurumlarının yanaşmasını davam etdirir. Onların yanaşması digərlərinin yanaşmasından fərqlənməyəcək. Bu da sirr deyil ki, BƏM hakimləri bəzən qeyri-düzgün, ədalətsiz qərarlar qəbul edirlər. Hakimlərin bəziləri erməni lobbisinə bağlıdırlar”.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanla bağlı qəbul etdiyi 4 məlum qətnaməni xatırladan siyasi ekspert həmin sənədlərin 27 ildən çox kağız üzərində qaldığını bildirdi. Ermənistan, təbii ki, qətnamələri könüllü icra etmədi. Ancaq digər ölkələr də İrəvanı buna məcbur etmədilər. Aydın oldu ki, BMT TŞ-nin qərarları heç bir gücə malik deyilmiş, icra olunmamış da qala bilərmiş: “İndi isə biz deyə bilərik ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla bağlı qaldırdığı iddia əsassızdır. Bir daha qeyd etmək istərdim ki, çünki ermənilər özləri irqçilik zəminində soyqırımları törədiblər”.

Azərbaycanın Vətən müharibəsini və lokal xarakterli antiterror tədbirlərini özünün beynəlxalq birlik tərəfindən tanınmış ərazisində apardığını qeyd edən politoloq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan əhalinin vaxtilə Azərbaycan vətəndaşı olduqlarını bildirdi. Qeyd etdi ki, onlar Azərbaycan pasportu daşıyıblar. Sonra onlar heç bir ölkə, o cümlədən, Ermənistanın özü tərəfindən tanınmamış separatçı rejimin əldəqayırma “pasportuna” yiyələniblər. Eyni zamanda, xaricə səfər edə bilmələri üçün Ermənistan pasportuna da malik olublar. 2020-ci ildən sonra rəsmi Bakı onlara təklif edirdi ki, yenidən ölkə vətəndaşlığını qəbul etsinlər, Azərbaycanın normal, loyal vətəndaşları olsunlar... Bir sözlə reinteqrasiya planı baş tutsun. Amma onlar bunu istəmədilər və könüllü olaraq Ermənistana çıxıb getdilər. Burada hər hansı irqi ayrı-seçkilikdən söhbət gedə bilməz. Hər bir kəsin yaşayış yerini və hansı ölkənin vətəndaşı olmağı sərbəst seçmək hüququ var. Onlar ya Azərbaycanda, ya da Ermənistanda yaşamalı, bu ölkələrdən birinin vətəndaşı olmağı seçməli idilər. Bəllidir ki, onların seçimi Ermənistan oldu.

R.Məmmədova Ermənistan tərəfinin məhkəməyə təqdim etdiyi “sübut”ların heç bir əsasının olmadığını vurğuladı: “İrəvan iddia edir ki, Qarabağ Ermənistanın olub, Azərbaycan isə bölgəyə, guya, zor gücünə daxil olub. Burada əhalini “etnik təmizləmə”yə, məcburi deportasiyaya məruz qoyub. Halbuki, onlar real mənzərini gizlədirlər. Bu gün Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmək üçün Azərbaycanda yetərincə fakt və sübut var. Ermənilərdə azərbaycanlılara və türklərə qarşı barışmaz münasibət, etnik zəmində nifrət mövcuddur. Gerçək soyqırımı törədənlər ermənilərdir. Onların 30 ilə yaxın dövr ərzində işğal olunmuş ərzilərdə törətdikləri əməllərlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarında cild-cild cinayət işləri açılıb. Məqsəd keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və işğal olunmuş digər ərzilərdən Azərbaycan izlərinin silinməsi idi. Onlar bu məqsədə nail olmaq üçün əllərindən gələn hər şeyi ediblər. Mən əminəm ki, Azərbaycan tərəfi bütün bu faktları ümumiləşdirib məhkəməyə təqdim edib. Əgər Beynəlxalq Ədalət Məhkəməsi həqiqətən ədalətlidirsə, Azərbaycanın təqdim etdiyi arqumentlərə daha çox üstünlük verməli və Ermənistanla bağlı tədbir görməlidir”.

Səxavət HƏMİD
XQ



Siyasət