Azərbaycana qarşı qərəz və zombiləşmiş durum

post-img

“Vaşington Post”dakı “yoldaşlar”, sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda”nı xatırladır”. Bu paylaşımı oktyabrın 30-da Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında etmişdi.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş dövlət başçısı Donald Tramp birinci prezidentliyi zamanında “Nyu-York Tayms” qezeti ilə yanaşı, “Vaşington Post”u da “saxta xəbər yayıcısı” adlandırmışdı. Əlbəttə, biz birbaşa “Vaşinqton post” üzərinə köklənmək istəmirik. Çünki nəşr, necə deyərlər, aysberqin görünən tərəfidir. Başlıca məqam, ümumən, Qərbdə media amilinin siyasət üçün alətə çevrilməsidir və Azərbaycan bu tendensiyanın təsirlərinə məruz qalan ölkələrdəndir. Hazırda təsir səbəbi COP29-la bağlıdır. Daha doğrusu, nüfuzlu toplantının ölkəmizdə keçirilməsi ilə.

Bir haşiyə çıxaq. 2023-cü ildə Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bölgə erməniləri ərazini kütləvi şəkildə tərk etməyə başladılar. Proses cəmi 3 gün çəkdi. O vaxt Azərbaycanın media vasitələri gedən ermənilərdən müsahibə alır və nə səbəbdən yaşayış yerlərini tərk etdiklərini soruşurdular. Ermənilərin heç biri bildirmirdi ki, bölgədən zorla çıxarılıblar. Bəzi nacinsləri çıxmaq şərtilə, onların bir çoxu Ermənistanda olarkən də başqa fikir səsləndirmədi. Yəni, iddia oluna bilməz ki, Qarabağ erməniləri sərhəddə nədənsə çəkindiklərindən qovulduqlarını dilə gətirmirdilər. Amma bunun qarşılığında nə gördük?

Gördük ki, Qərb mediası Qarabağda, guya, etnik təmizləmənin həyata keçirildiyini bildirir və buna görə Azərbaycanı qınayır. İndi də durum eynidir. “Etnik təmizləmə” gündəmi tragikomik vəziyyət yaradır. Axı ortada fakt yoxdur. Digər yandan, Azərbaycanın öz konstitusiya quruluşunu bərpa etməsi Qərb mediasında işğalçılıq əməli kimi dəyərləndirilir.

Görəsən, orada çalışanlar hər şey bir yana, xəritəyə də baxa bilmirlər? Beləmi çətindir? Bu da mütərəqqi dəyərləri ilə öyünən, dəqiq, qərəzsiz, vicdanlı adlandırılan Qərb mediası! Həqiqətən, dəhşətli mənzərədir.

Bəli, müəyyən istisnaları çıxmaq şərtilə, Qərb mediası, böyük ölçüdə, sanki zombiləşmiş durumdadır. Elə bil, vəhşi heyvanların saxlanıldığı böyük bir məkan var və onlar hər gün orada bəslənirlər. Qabaqlarına yem atılır və heyvanlar hamısı birdən onu parçalamağa girişirlər. Yəqin, mənzərəni təsəvvürə gətirdiniz. Heyvanlar şüursuz olduqlarından hər şeyə sorğu-sualsız yanaşırlar. Qərb mediasının zombiləşmiş strukturu da təxminən belədir. İndi COP29 və Azərbaycan mövzusu bu “heyvanların” qarşısına, bir növ, yem kimi atılıb. Əvvəl tədbiri boykot etməyə çağırırdılar. Gördülər ki, bu, mümkün olmadı, keçiblər başqa “metodlara”.

COP29 müstəvisində Azərbaycana qarşı çıxmaqda məqsəd, sanki tədbirin mahiyyətini ikinci plana keçirməkdədir. Dünya qlobal iqlim sınağı ilə üz-üzədir və gələcəkdə baş verə biləcək fəlakətlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinə ciddi ehtiyac var. Hazırda isə elə təsəvvür var ki, dünya mediasını iqlimlə bağlı məsələlər, qətiyyən maraqlandırmır. Ön planda Azərbaycandır. Daha doğrusu, COP29 xüsusunda ölkəmizə qarşı hədyanlar yağdırmaq, böhtanlar tirajlamaq. Zombilik həm də budur. Çünki iqlim, təmiz ekosistem hansısa mənada qəbul edilir, ancaq onun mahiyyətinə önəmsiz yanaşılır.

Bəli, Qərb mediasında COP29 məsələsində Azərbaycanla bağlı dezinformasiya xarakterli qərəzli və həqiqətə uyğun olmayan bilgilər yayılır, məqsədyönlü şəkildə ölkəmizə qarşı hibrid təhdidlər təşkil olunur, sosial şəbəkələrin Qərb seqmentində qarayaxma kampaniyaları aparılır, kiberhücumlar gerçəkləşdirilir. Özü də bu sayaq hallar Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra başlanıb və əlaqələndirilmiş şəkil alıb. Diqqət yetirək, ölkəmiz qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Ancaq nədənsə faktlara istinad olunmur, ölkəmiz dünyanı çirkləndirən məmləkət olaraq təqdim edilir. Ən təzadlısı ondadır ki, belə kampaniyaları təşkil edən ölkələr özləri Azərbaycandan 10 dəfə artıq neft hasil edir və müvafiq olaraq ekologiyaya daha çox ziyan vururlar.

Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan ilə bu qurum enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Qurum, həmçinin ölkəmizdən qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırmağı xahiş edib. Həm də ona görə ki, Azərbaycan qazına çıxışı olan 10 ölkədən 8-i Avropada yerləşir.

Gələk H.Hacıyevin əvvəldə diqqətə çatdırdığımız fikrinə. Daha doğrusu, müqayisəsinə. Bir anlıq SSRİ-nin son illərini xatırlayaq. İqtisadi tənəzzül, cəmiyyətdə anarxiya, idarəçilikdə özbaşınalıq və sair bu kimi hallar fonunda “Komsomolskaya pravda” öz ampluasında idi. Qəzet SSRİ-ni ucalarda bəlğ vurdurur, elə təsəvvür formaladırırdı ki, guya, nəhəng, hər şeyə qadir dövlət yaşayır. Əlbəttə, bir yanda da buna inanan müəyyən əhali kütləsi var idi. Hadisələrin sonrakı axarı göstərdi ki, həmin kütlə həyat təminatı baxımından uduzdu. Yəni, Sovetlər Birliyinin dağılacağını düşünənlər və işlərini buna uyğun quranlar dövlətin süqutu perspektivini görməyənlərə məğlub oldular. Söhbət birincilərin ikincilər üzərində həyat şəraiti baxımından önə keçmələrindən gedir.

Əlqərəz, yalan gündəm tirajlayan, ümumən media dəyərlərini heçə sayan “Komsomolskaya pravda” kənardan olduqca miskin görünürdü. İndi “Vaşington post”, ümumən onun timsalında Qərb mediası da eyni durumdadır. Nəzərə alaq ki, informasiya amilini alətə çevirmək bumeranq effekti yaradır. Qərb mediasının Azərbaycan müstəvisindəki ədalətsiz yanaşmasını da məhz bu aqibət gözləyir. Dünya dövlətlərinin media cameəsinin ölkəmizlə bağlı məkrli ssenaridə yer alması, reallıq və obyektivlik hissini itirməsi jurnalistikanın ictimai missiyasına inamı və etimadı sarsıdır. Bir anlıq mövcud tendensiyanın cəmiyyətlərin strukturuna və ahənginə təsirini düşünək. Media zombidirsə, cəmiyyət də zombiləşəcək. Bir sıra Qərb cəmiyyətlərinin zombi sturukturunu görmək isə heç də çətin deyil.

Ə.RÜSTƏMOV
XQ

Siyasət