Müqəddəs Vətən savaşı, misilsiz Zəfər yürüşü

post-img

Əvvəli https://xalqqazeti.az/az/siyaset/201425-muqeddes-veten-savasi-misilsiz-zefer

Mövcud olan bütün çətinliklərə sinə gərərək, xüsusi təyinatlılar 4 saat ərzində bu yüksəkliyin zirvəsinə doğru süründülər və xeyli itki ilə qarşılaşmasına baxmayaraq yüksəkliyi ermənilərdən azad etdilər. Amma erməni hərbi qüvvələri bu itki ilə razılaşmadılar və 1553 nömrəli yüksəkliyin geri qaytarılması üçün çox ciddi əks-hücuma başladılar. Bu əks-hücumun qarşısını saxlamaq tapşırığı almış xüsusi təyinatlı kəşfiyyat bölüyünün şəxsi heyətinin, təxminən, 60 faizi şəhid oldular. Lakin öz mövqelərindən geri çəkilmədilər.

Sonra isə xüsusi təyinatlıların kəşfiyyat taboru irəli göndərildi. Bu tabor da itkilərlə qarşılaşdı. Lakin yüksəkliyi qoruyub saxlamaq mümkün oldu. Bu isə Daşaltı kəndinin erməni işğalından azad edilməsində həlledici rol oynadı. Daşaltının azad edilməsi ilə Şuşanın cənubu və Laçın yolu Azərbaycan qüvvələrinin nəzarəti altına alındı.

Daşaltının azad edilməsi də Azərbaycan bölmələrinin misilsiz şücaəti və igidliyi nəticəsində baş verdi. Ermənilər bu kənd üzərində də güclü bir əks-hücum təşkil etdilər. Belə ki, noyabr ayının 5-də ermənilər 4 taborluq qüvvələrlə Şuşa–Daşaltı, Qaybalı–Daşaltı, Laçın–Daşaltı istiqamətlərindən kənd üzərinə güclü hücuma başladılar.

Ermənilər qüvvə üstünlüyü yaratmaqla Daşaltını geri qaytarmağa cəhd göstərdilər. Baş verən döyüş 6 saat davam etdi. Buna baxmayaraq, kəndi ələ keçirmiş xüsusi təyinatlı qüvvələr bir addım da olsa geri çəkilmədilər. Daşaltının azad edilməsi əslində Şuşa şəhərinin Azərbaycan qüvvələri tərəfindən əhatələnməsini də tamamlamış oldu. Həm bu kəndin, həm də Laçından və Qırmızı Bazar istiqamətindən gələn yolun Şuşaya girişinin nəzarət altına alınması bu şəhər üzərinə əsas hücumun başlanmasına da əlverişli zəmin yaratdı.

Bu hücuma başlanması üçün qüvvələrin konkretləşdirilməsi, onların şəhərə qəfil hücum marşrutlarının müəyyənləşdirilməsi üçün lazım olan qərarlar noyabr ayının 4-də qəbul edildi, Şuşa ətrafında olan qüvvələrin qarşısında dayanan vəzifələrə bir də baxıldı. Şəhər ətrafında olan Azərbaycan qüvvələri Şuşa üzərinə əsas hücumun məhz onlar tərəfindən həyata keçiriləcəyi görüntüsü yaradıb erməni hərbi qüvvələrinin diqqətini öz üzərinə cəlb etməklə xüsusi təyinatlı qüvvələrin ermənilərin ehtimal etmədiyi ərazilərdən Şuşaya girməsinə şərait yaratmalı idlər. Bu mənada noyabr ayının 4-də həm də Şuşa şəhəri üzərinə qətiyyətli hücum üçün zəruri şəraitin yaradılamsı istiqamətində əhəmiyyətli işlər görüldü.

Noyabr ayının 5-də Şuşa üzərinə sürətli bir hücum başladı. Erməni hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusunun şəhər üzərinə əsas hücumunun Şuaya giriş yollarından həyata keçiriləcəyini gösləyirdilər və əsas diqqəti də bu istiqamətlərə yönəltmişdilər. Şuşanı dövrələmiş olan qayalıqlardan bu şəhərdəki erməni qarnizonuna ciddi təhlükə törədə biləcək qədər Azərbaycan qüvvələrinin şəhərə daxil ola bilməsi isə erməni hərbi-siyasi rəhbərliyinə mümkünsüz görünürdü.

Azərbaycanın xüsusi təyinatlı qüvvələri isə ənənəvi taktiki təfəkkür çərçivələrini aşaraq şəhərin ətrafında olan qayalıqlardan, dar cığırlardan, sıx meşəlikdən aşmaqla irəliləməyə, kiçik qruplarla şəhərə daxil olmağa başladılar. Sonra da bu qruplar gözlənilməz və qəfil şəkildə erməni mövqelərinə nüfuz etməklə onları məhv etdilər. Malik olduqları əlverişli mövqelər, çoxsaylı zirehli texnika da erməni qüvvələrini məhv olmaqdan xilas edə bilmədi.Nəticədə, elə noyabr ayının 5-də şəhərin xeyli hissəsi Azərbaycan qüvvələrinin nəzarəti altına keçdi.

Erməni mənbələri də etiraf edirlər ki, noyabrın 5-də Azərbaycanın xüsusi təyinatlı qüvvələri artıq Şuşaya daxil olmuşdular. Xankəndində yaradılmış qondarma qurumun rəhbəri bildirirdi ki, noyabr ayının 5-də Şuşa şəhərinə nəzarət artıq qismən əldən çıxmışdı. Şuşanın işğal altında saxlanmasına kömək göstərilməsi üçün bu şəhərə gəlmiş Ermənistanın keçmiş müdafiə naziri də bildirirdi ki, noyabrın 5-də o və onun ətrafındakılar Şuşada Azərbaycan hərbi qüvvələrinin mühasirəsinə düşmüşdülər. Erməni mənbələrinin bəziləri isə noyabrın 5-də Şuşa şəhərinin bütünlüklə Azərbaycan Ordusunun nəzarəti altında olduğunu bildirirdi.

Qeyd etmək lazımdır ki, Şuşanın azad edilməsi uğrunda aparılan döyüşlər bütün cəbhə miqyasında planlaşdırılmış əməliyyatın tərkib hissəsi idi. Ona görə noyabr ayının 5-də Şuşa ilə bərabər, bütün cəbhə xətti boyunca Azərbaycan Ordusunun hücumları davam etdirildi. Müxtəlif istiqamətlər üzrə gərginliyi səngiməyən döyüşlər yeni-yeni ərazilərin işğaldan azad ediməsinə yol açmaqla, bütünlükdə erməni hərbi qüvvələrinin zəiflədilməsinə və cəbhə boyu yerləşən erməni qüvvələrinin Şuşa ətrafına atılmasına mane olmağa xidmət edirdi. Bütün bu istiqamətlərdə də Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi davam etməkdə idi.

Gün ərzində Tərtər, Ağdərə və Ağdam istiqamətində döyüşlər kifayət qədər intensiv xarakter aldı. Azərbaycan Ordusunun bölmələri Ağdərə və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə düşmənin hücumlarının, Ermənistan–Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu hissəsində isə diversiya cəhdlərinin qarşısını qətiyyətlə aldılar. Tərtər istiqamətində endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 10-cu dağ atıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu darmadağın edildi.

Şuşaya toplanmış olan erməni generalları, onların rəhbərliyi altında olan erməni qarnizonu Azərbaycan Ordusunun, Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin sarsıdıcı zərbələri altında parça-parça oldular. Azərbaycanın gücü qarşısında aciz duruma düşən erməni generalları, böyük ümidlərlə bu şəhəri qoruyacağını bəyan etmiş Ermənistanın keçmiş müdafiə naziri isə elə noyabr ayının 6-da Şuşadan qaçmaqla öz canlarını xilas edə bildilər.

Şuşanın azad edilməsi döyüşünün iştirakçılarından birinin açıqladığı məlumata görə, xüsusi təyinatlı qüvvələrdən təşkil edilmiş hücum dəstələrindən biri meşələrdən, keçilməz qayalardan, dağ cığırlarından adlayaraq Şuşanın ətrafındakı erməni qüvvələri ilə qəfil şəkildə rastlaşdılar. Xüsusi təyinatlı qüvvələr rastlaşdıqları erməni postunu səssiz-səmirsiz alandan sonra üç gün orada qalıb əsas qüvvələrin yetişməsini gözlədilər. Şuşa döyüşünün bir iştirakçısı döyüşü belə təsvir edirdi:

“Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, “limonka” ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni əsgərinin biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Biz qayaları dırmaşıb əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəyəm, təxmini desəm, 40-a yaxın erməniyə bıçaq salıb-çıxarmışam həmin hücum anı. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı. Panika yaranan kimi, tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. ...Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı 1 il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər”.

Prezident İlham Əliyev isə xüsusi təyinatlı qüvvələrin Şuşa şəhərinin erməni işğalından azad edilməsi sahəsindəki xidmətlərini belə dəyərləndirirdi: “Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı – yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər”.

Şuşanın azad edilməsində iştirak etmiş digər döyüşçülərin də xatirələrindən göründüyü kimi, bu şəhərin azad edilməsi üçün əlbəyaxa döyüşlərdən geniş istifadə olunmuşdu. Çünki qeyd edildiyi kimi, xüsusi təyinatlı qüvvələrin ilk bölmələri və dəstələri şəhərə soyuq və şəxsi silahlarla daxil ola bilmişdilər.

Dağlıq Qarabağ ətrafında XX əsrin 80-ci illərində başlanan millətçi-separatçı hərəkatın ideya rəhbərlərindən olan Z.Balayan kimi bir qaniçənin oğlu isə Azərbaycan döyüşçülərinin şücaətini belə təsvir etmək məcburiyyətində qalmışdı: “Bu, əfsanəvi əməliyyat idi. Sizə səmimi deyirəm. Mən Hadrut yüksəkliklərində idim və hər şeyi öz gözlərimlə görürdüm. Heç cür başa düşə bilmirəm ki, azərbaycanlılar bu yüksəklikləri necə ala bildilər. Ancaq mən hərbi mütəxəssis deyiləm. Yəqin ki, bu azərbaycanlılar bu cür dağ əməliyyatlarına sadəcə yaxşı hazırlaşmışdılar. Çünki Şuşanı götürəndə topçularımız onların üzərində çox yaxşı işləyirdi. Ancaq yenə də irəliləyirdilər. Ölənlərin yerini yüzlərlə, minlərlə yenisi tutur və onlar heç cür bitib-tükənmirdilər”.

Noyabrın 6-sı Şuşanın taleyinin müəyyənləşdirilməsi baxımından həlledici gün oldu. Şəhərin girişlərində də güclü müdafiə sistemi yaradılmışdı. Azərbaycan bölmələrinin hücum edəcəyi istiqamətlərdə böyük erməni qüvvələri yerləşdirilmişdi. Həmin istiqamətlərdən erməni müqavimətinin çox ciddi olacağı məlum idi. Ona görə də şəhərə giriş istiqamətlərindən biri kimi, Şuşa ətrafındakı sıldırım qayalıqlar seçildi. Həmin istiqamət ermənilər tərəfindən xüsusi təhlükəli bir istiqamət kimi götürülmürdü. Xüsusi təyinatlı qüvvələr bir daha nəyə qadir olduqlarını nümayiş etdirdilər və ermənilərin gözləmədiyi qayalıqlardan dırmanmaqla şəhərə daxil oldular.

Azərbaycanın xüsusi təyinatlı qüvvələri gün ərzində yaxın döyüşləri davam etdirməklə erməni hərbi qüvvələrinin şəhərdə yenidən mökəmlənmək üçün göstərdikləri bütün cəhdlərin qarşısını aldılar. Azərbaycan qüvvələri şəhərə daxil olduqdan sonra erməni hərbi-siyasi rəhbərliyi iki dəfə öz qüvvələrini səfərbər etməklə Şuşaya nəzarəti yenidən bərpa etməyə cəhd göstərdilər Ermənistanın baş naziri çox böyük təəssüflə öz xalqına çatdırırdı ki, bu cəhdlərin hər ikisi uğursuzluğa düçar oldu.

Şuşanın işğal altında qorunub saxlanması üçün noyabr ayının 6-da kənardan bu şəhərə erməni zirehli texnikasının gətirildiyi də müşahidə edildi. Güman edilirdi ki, bu zirehli texnikanı erməni hərbi komandanlığı cəbhənin Ağdam istiqamətindən çıxararaq Şuşaya gətirmişdi. Lakin bu zirehli texnika da ermənilərin köməyinə çatmadı və şəhərdəki Azərbaycan hərbi qüvvələrini sıxışdırmaq mümkün olmadı. Kənar müşahidəçilərin qənaətincə, Azərbaycan hərbi qüvvələri noyabrın 6-da artıq şəhəri tamamilə erməni qüvvələrindən təmizləyə bilərdi. Lakin bu qüvvələr Azərbaycanın əsas qüvvələrinin Şuşaya gəlib yaxınlaşmasını, həmin qüvvələr tərəfindən şəhərin əhatələnməsini və giriş-çıxış yollarının tam şəkildə nəzarət altına alınmasını gözləməli oldular.

Erməni təbliğat mənsubları noyabrın 6-da da erməni ordusunun məğlubedilməzliyi, Şuşa ətrafında az qala bütün Azərbaycan Orudusnun məhv edilməsi haqqında uyğurmalar tirajlasa da, xarici mətbuat orqanları elə həmin gün Şuşada Azərbaycan bayrağının artıq dalğalanmağa baş-laması, ermənilərin məğlubiyyətlə barışaraq Xankəndinə tərəf geri çəkilməsi haqqında məlumatları dərc etməyə başlamışdılar. Belə məlumatlar Rusiyanın və Fransanın kütləvi informasiya vasitələrində işıq üzü görmüşdü.

Gün ərzində Şuşanın ətrafında və cəbhə xəttinin digər sahələrində də gərgin döyüşlər davam etdi. Bu döyüşlərdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr erməni silahlı qüvvələrinin süqutunu daha da yaxınlaşdırdı. Belə sarsıdıcı zərbələrdən sonra Ermənistandan gətirilmiş 522-ci və 566-cı motoatıcı alaylar döyüş xəttinə çıxmaqdan imtina etdilər, Xankəndi yaxınlığında başqa bir böyük silah-sursat anbarı sıradan çıxarıldı, Xocavənd istiqamətində bir erməni generalı və iki polkovniki məhv edildi. Başlıcası isə Azərbaycanın hərbi qüvvələri Şuşa daxilində və xaricində möhkəmləndilər və cəbhə boyu erməni ordusuna vurulmuş sarsıdıcı zərbələr bu ordunu məhv olmaq dərəcəsinə çatdırmaqla Şuşa ətrafındakı erməni qüvvələrinə əməli kömək göstərilməsi imkanlarını minimuma endirdilər.

Bununla belə Ermənistanın hərbi-siyasi rəhbərliyi Şuşa şəhərinin işğal altında saxlanması üçün bütün güclərini səfərbərliyə aldılar, şəhəri raketlərlə atəşə tutmaqdan belə çəkinmədilər. Amma erməni hərbi qüvvələri Azərbaycan Ordusunun zərbələri qarşısında duruş gətirə bilmədilər və çoxlu sayda itki verərək şəhəri tərk etmək məcburiyyətində qaldılar.

Noyabr ayının 7-də Şuşa şəhərinin taleyi həll edildi və bu şəhər Azərbaycan Ordusunun qalib hücumu ilə erməni işğalından tamamilə azad edildi. Yəni məğlubdilməzliyi haqqında saxta miflər və uydurmalar yaradılmış erməni ordusu qərar tutduğu son dərəcə əlverişli mövqelərin təbii üstünlüklərinə baxmayaraq, Azərbaycan Ordusu qarşısında məğlub duruma düşdü. Bununla Azərbaycan xalqının qürur simvolu olan və 28 il erməni işğalı altında böyük dağıntılara məruz qalan Şuşa şəhəri yenidən öz azadlığına qovuşdu.

Həmin gün şəhər erməni qüvvələrindən təmizləndi. Elə həmin gün Gündüz Səfərli tərəfindən rəhbərlik edilən xüsusi təyinatlı bölmənin şəxsi heyəti üzərində şəhid yoldaşlarının adı yazılmış Azərbaycan bayrağını bina üstünə qaldırdılar. Bu bayraq xüsusi təyinatlıların kapitanı Rəşad Məmmədov tərəfindən bina üzərinə sancıldı. Üçrəngli Azərbaycan bayrağı bu bina üstündə dalğalanmağa başlayanda bölmənin şəxsi heyəti Azərbaycan himnini oxudu. Ardınca isə döyüşçü Yaşar Hüseynov tərəfindən oxunan azanın səsi havaya yüksəldi.

Bu şərəfli və qürurlu tarixi hadisə ilə bağlı noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanını ziyarət etdi. Burada cənab İlham Əliyev radio və televiziya ilə Azərbaycan xalqına müraciət etdi və tarixi qələbənin sevincini xalqa belə çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. 28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq”.

Bu böyük Zəfərin xəbərinin Şəhidlər xiyabanlndan elan edilməsi heç də təsadüfi deyildi. Bunu respublika Prezidenti özü də bəyan edirdi. Belə bir sevincli xəbərin Şəhidlər xiyabanından elan edilməsi Vətən torpaqları uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə ehtiram və onların axıtdıqları qanın qisasının alınmasına bir işarə idi. Ulu öndərin məzarının ziyarət edilməsi isə onun siyasi uzaqgörənliyinin və arzularının həyata keçməsinin təsdiqi idi.

Qalib Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində yalnız Şuşa zəfərinin sevincini bölüşmədi. Həm də bu zəfərə yol açan amillər kompleksinin şərhini verdi. Bu amillərin mahiyyəti ondan ibarət idi ki, Şuşa zəfərinin qazanılması Azərbaycanın dövlət rəhbərliyinin uzunmüddətli, çoxsahəli və məqsədyönlü siyasətinin və fəaliyyətinin məntiqi nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz müraciətini belə tamamlayırdı: “17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrini komandanı general-leytenant Hikmət Mirzəyevə zəng etdi və Şuşa şəhərinin azad edilməsində bu qüvvələrin göstərdiyi tarixi xidmətlərə görə öz təşəkkürünü bildirdi.

Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hadisəyə çevrildi. Məhz bu şəhərin azad edilməsi ilə müharibənin gedişində çox böyük strateji üstünlük əldə edildi, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan xalqının, dövlətinin və ordusunun qarşısında diz çökməyə məcbur olaraq noyabr ayının 10-da kapitulyasiya sənədini imzalamalı oldu. Şuşa şəhərinin erməni işğalından təmizlənməsi Azərbaycan xalqının Vətən müharibəsindəki böyük Zəfərinə və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yol açdı.

2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi, təxminən, 30 il erməni işğalı altında qalan Qarabağı və onun ətrafını yenidən Azərbaycana qaytardı, haqq öz yerini tutdu. Azərbaycan xalqı özünün çoxəsrlik tarixinə yeni və şərəfli bir səhifə yazdı. Bununla Azərbaycan dünyanın qalib xalqlarından birinə çevrildi. Tarixi zəfərin 3-cü ildönümünə isə xalqımız Qarabağda suverenlyinin tam bərpası ilə gəldi.

Bu böyük Zəfər Azərbaycan Ordusunun, Azərbaycan xalqının və onun Ali Baş Komandanı İlham Əliyevin əzmkar və yaradıcı qətiyyətinin qələbəsi idi.

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru





Siyasət