Bakı Türk dünyasının tərəqqisinə xüsusi töhfələr verir
Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bişkek şəhəri, 6 noyabr 2024-cü il
Tarixi, mədəniyyəti, adət-ənənəsi və kökləri eyni olan türk dövlətlərinin başçıları bu dəfə Bişkekdə görüşdülər və qarşıda duran vəzifələri müzakirə etdilər. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatda bildirilir ki, Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidentinin “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib” – fikirləri tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.
Dövlət başçımız əlavə edib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
... Mən bu sətirləri qələmə alanda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü yenicə başlanmışdı. Ancaq elmi-texniki tərəqqinin yaratdığı imkanlar nəticəsində biz Qırğızıstan paytaxtından operativ xəbərlər ala bildik.
Oradan əlüstü xəbərlər ala bilməsəydik də, Bişkek Sammitinə qədərki dövrdə şahidi olduğumuz faktlar, arqumentlər və müşahidələr istənilən qədər idi. Söhbət ölkəmizin qan qardaşlarımızla birlikdə, möhtəşəm gələcək naminə çıxdığımız yoldakı uğurlarından gedirsə, onda bizim deyiləcək sözümüz çoxdur. .
... Xatırladım ki, Azərbaycan – Türk dünyası əməkdaşlığı, tərəfdaşlığı, dostluq və qardaşlığı barədə danışarkən yada düşən ilk məqam TDT-nin bir əvvəl – ötən il noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən onuncu – yubiley Zirvə görüşü olur. Çünki həmin sammitə qədərki bütün tədbirlər – fəxrlə yada salırıq ki, bu addım Böyük Turanın qədim diyarlarından olan Naxçıvanda atılmışdır – birgə fəaliyyətin ümumi istiqamətlərini stimullaşdırmağa xidmət edirdisə, o görüş artıq konkret bir məsələnin müzakirəsi məqsədini daşıyırdı. Yəni Astana Sammitinin konkret tezisi var idi: “Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı adlı Zirvə görüşü.
Bəli, beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər nəinki bizi daha mütəşəkkil olmağa çağırır, hətta, belə deyə bilərik ki, tələsdirir. Ölkələrarası münaqişə, müharibə və qarşıdurmalar az imiş kimi, dünyanın bütün güc mərkəzlərində daxili çalxalanma, parçalanma, bir-birinə inamsızlıq kimi hallar sürətlə çoxalır. Bundan başqa, bizə ən yaxın olan İslam dünyası ölkələri də bir-birini dəstəkləməyə tələsmirlər. Türk dünyası isə gündən-günə daha sıx birləşir, daha qüdrətli olmaq üçün zamanın çağırışlarına uyğun addımlar atır. Biz məmnunuq ki, bu prosesdə Azərbaycanın lokomotivlərdən biri kimi fəaliyyət göstərməsi də təqdir olunur, Prezident İlham Əliyevin qətiyyət və prinsipiallığı da.
Bir daha xatırladım ki, adı çəkilən Astana Sammiti bir il əvvəl olmuşdu. Ancaq “mən hələ də o tədbirdə söylənilən fikirlərin məmnunluğunu yaşayıram” – desəm, qətiyyən ifrata varmış olmaram. Çünki Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həmin gün Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək demişdi: “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açmışdı: “Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir”.
Qardaş ölkənin dövlət başçısı əlavə etmişdi ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur: “Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”.
TDT üzvü olan ölkələrin ali liderlərinin çıxışlarındakı Azərbaycan reallıqlarını əks etdirən məqamları eşidəndə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 günlük İkinci Qarabağ müharibəsi dövründə söylədiyi “Azərbaycan tək deyil!” qətiyyətini yada salmamaq olmur.
Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyev təkcə hansısa türkdilli ölkədə və ya TDT tədbirində deyil, ümumiyyətlə, hər yerdə, bütün çıxış və nitqlərində Azərbaycanın Türk dünyası ilə əməkdaşlığa böyük önəm verdiyini dilə gətirir. Üstəlik, əlavə edir ki, biz bu əməkdaşlığa önəm verməklə kifayətlənmir, çoxsaylı töhfələr də veririk. Biz məmnunuq ki, Azərbaycan rəhbərliyinin bu xidməti haqqında olan təqdiredici fikirləri Ankara, Astana, Daşkənd, Bişkək və Aşqabad liderləri ilə yanaşı Macarıstan Prezidenti Viktor Orbanın da dilindən eşitmişik.
Heç kəsin yadından çıxmayıb, cənab İlham Əliyev növbəti müddətə prezident seçiləndən sonra – bu il fevralın 14-də andiçmə mərasimində çıxış edərkən demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Ekspertlər yazırlar ki, rəsmi Bakı türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. İlham Əliyevin TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri təkcə Türk dünyasında deyil, eləcə də, beynəlxalq aləmdə hamıya yaxşı məlumdur. Türk xalqlarının liderləri Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini daim bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Onlar etiraf edirlər ki, Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Qazaxıstan və Özbəkistandan olan ekspertlər dəfələrlə etiraf ediblər ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi təkcə bu ölkənin və azərbaycanlıların maraqlarına uyğun deyildi. Həmin Zəfər Orta dəhlizin reallaşmasında marağı olan bütün Türk dünyasının mənafeyinə xidmət edirdi. Çünki bu Qələbə Türk dünyası ölkələrinin birliyinə daha bir töhfə olacaq Orta dəhliz layihəsinin reallaşdırılmasına zəmin yaratmışdır. İqtisadçı mütəxəssislərin fikrincə, bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Bakının Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməsinə imkan verir.
Dövlət başçımız dəfələrlə xatırladıb ki, Orta dəhlizin səmərəsini 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik olan türk dövlətlərinin hamısı görəcək. Hamıya məlumdur ki, Azərbaycan Orta dəhliz layihəsinin əsas vəsilələrindən biridir. Ölkəmizdə dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri olan bütün infrastruktur vasitələri mövcuddur. Bu dəhliz TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Ancaq bir məsələ də var ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı əməkdaşlığın bizə qazandırdığı mövcud uğurlarla razılaşmır. Anadolu türkləri demiş, Azərbaycan Prezidenti daha böyük nəticələrin peşindədir. Belə ki, dövlət başçımız bu il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında demişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.
Xatırladaq ki, TDT-nin dünya miqyasında güc mərkəzlərindən birinə çevrilmək üçün mükəmməl potensialı var. Yəni biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Azərbaycan Prezidenti xatırladır ki, bizim zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir: “Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaqdır”.
İttifaq MİRZƏBƏYLİ