Vətən müharibəsinin xronikası: 6 noyabr

post-img

Zəfər marafonunun 41-ci günü


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

• Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

• Cəbhənin Qubadlı–Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda, şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

• Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki,  Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasının heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. 

• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

• Ötən sutka ərzində düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini, Tərtər, Goranboy daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Tovuz, Gədəbəy və Daşkəsəndə yerləşən mövqelərimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu  barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 6-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə bildirib.

Anar Eyvazov deyib ki, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində gedən döyüş əməliyyatlarında düşmən bölmələri şəxsi heyət və texnika sarıdan itkilər verərək geriyə çəkilməyə məcbur edilib. Ordumuz Ağdam və Ağdərə istiqamətlərində pusquya salmaqla və atəş zərbələri ilə düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını darmadağın edib. Düşmənin komandir heyəti daxil olmaqla xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAz” maşını və qoşqusunda top olan üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.

Mətbuat katibi qeyd edib ki, düşmənin Tərtərin işğal olunmuş Göyarx kəndinin ərazisindəki minaatan heyəti ordumuzun dəqiq atəşi ilə məhv edilib. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldura bilmir, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatı və yanacaq çatışmır. Bölmələrinin idarə olunmasında problemlər var.

Qubadlı–Laçın istiqamətində gedən döyüşlərdə ordumuzun zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Anar Eyvazov vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin işğal edilmiş ərazilərdə 30 il müddətində tikdiyi istehkam maneələrini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır. Əks-hücum əməliyyatında ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləmək və işğal altında olan torpaqlarımızı cinayətkar ordu qruplaşmasından xilas etməkdir.

Mətbuat katibi qeyd edib ki, hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistan silahlı qüvvələrinin bölmələri deyil, həm də xaricdən cəlb edilmiş xeyli sayda muzdlu və əcnəbi terrorçu döyüşçülər var. Əldə edilən kəşfiyyat məlumatlarına görə, bu döyüşçülər erməni əsilli müxtəlif ölkə vətəndaşlarıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi hiyləgərcəsinə onları qabağa, faktiki olaraq ölümə verməklə bu əcnəbilərin Azərbaycan tərəfindən döyüşlərə cəlb edildiyinə dair iftiralar atır, onların cəsədlərinə də sahib çıxmır. Əcnəbilərin belə ərazilərdə kifayət qədər döyüş təcrübəsi olmadığına və dil probleminə görə onların qarşılıqlı fəaliyyətinin təşkilində ciddi problemlər yaranır. Pərakəndə şəkildə fəaliyyət göstərən bu qruplaşmaların Azərbaycan Ordusu ilə döyüşə girməkdən imtina etmələrinə dair məlumatlar var. Əcnəbi döyüşçülər də Ermənistanın hərbi-siyasi rəhbərliyinin tələsinə düşdüklərini dərk etməli, dərhal silahı yerə qoymalıdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə uzun müddətdir bu günə hazırlaşan Azərbaycan əsgəri hazırda döyüşdə zəfər qazanır. Qələbə bizimlədir.

• Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 3064 ev, 100 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

XQ

 



Siyasət