Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

post-img

Azərbaycan balanslaşdırılmış xarici siyasi kursunu son dərəcə effektli şəkildə həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı qeyd olunanların təsdiqidir. Eyni zamanda, rəsmi Bakı siyasi, iqtisadi dialoqa açıq münasibət göstərir. Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq ölkəmizi  beynəlxalq münasibətlərin önəmli tərəfdaşına çevirib. Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın BRİCS-lə təmasları təsadüfi deyil. Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və nitqi düşünürəm ki, ciddi məqamlarla yadda qaldı.

Bu fikirləri Milli Məclisin deputat Rəşad Mahmudov söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin Kazanda XVI BRICS Sammitində iştirakı məmnunluqla qarşılandı. Çünki Prezident İlham Əliyevin lideri olduğu Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır və bunu fəaliyyəti ilə sübut edib. Ölkəmiz BMT-dən sonra dünyanın ikinci nəhəng təşkilatı sayılan Qoşulmama Hərəkatına sədrlik dövründə də bu prinsipə sadiq qalıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində  möhkəmlənib. Coğrafi mövqeyindən səmərəli istifadə edən ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməyi bacarıb. Prezident haqlı olaraq qeyd etdi ki, dünyanın ən böyük beynəlxalq iqlim konfransının – COP29-un Azərbaycanda keçirilməsinə təqribən 200 ölkənin yekdil qərarı Azərbaycana hörmət və dəstəyin nəticəsi idi. 

Prezident İlham Əliyevin sammit çərçivəsində  Kazanda Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşü xüsusi əhəmiyyət kəsb edirdi və maraqla izlənilirdi. Görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması təlimatı bölgədə barışın əldə olunacağına nikbinlik yaratdı. 

Gördüyümüz kimi, Azərbaycan milli maraqlarını qorumaq, geosiyasi statusunu inkişaf etdirmək, özünü ən əlverişli təhlükəsizlik şəraiti ilə təmin etmək üçün bütün beynəlxalq platformalardan maksimum yararlanır. 

Qeyd edək ki, BRİCS-ə üzv ölkələrin liderləri assosiasiyanın fəaliyyətinin Qərbə qarşı yönəlmədiyini vurğulayırlar. Heç kimə qarşı yönəlməmək fikri Azərbaycan üçün daha aktualdır. Azərbaycanın BRİCS-in fəaliyyətinə cəlb olunması ölkəmizə, ilk növbədə, dünya siyasətində qlobal tendensiyalardan kənarda qalmamağa imkan verir. Müxtəlif güc və maraq mərkəzlərinin qovşağında olduğumuz üçün biz balanslaşdırılmış siyasət yürütməyə, beynəlxalq nizamın müxtəlif sistemlərindən yararlanmağa borcluyuq. 

Deputat yekunda vurğulayıb ki, məhz bu siyasət ümumilikdə Cənubi Qafqazda daha ədalətli və uzunmüddətli sülhün bərqərar olmasına töhfə verir. Buna görə də, əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin Kazana səfəri beynəlxalq aləmdə mövqelərimizi daha da gücləndirəcək.

Siyasət