“Sputnik Georgia” seçkiöncəsi vəziyyətdən nikbindir
Artıq hamının bildiyi həqiqətdir ki, Qərbin siyasi dairələri Cənubi Qafqazı oyun meydanına çevirmək istəyirlər. Daha doğrusu, burada öz maraqlarını təmin etmək üçün minbir oyundan çıxırlar. Ancaq indi SSRİ-nin çökdüyü illər deyil ki, postsovet ölkələrini hərə bir yana çəkmək istəsin. İndi Azərbaycan da, Gürcüstan da öz xalqının maraqlarını, milli dövlətçilik mənafelərini qorumaq üçün lazım olan bütün addımları ata bilirlər. Ermənistanın isə ipinin üstünə odun yığmağın mümkün olmadığını hamı bilir.
ABŞ və Qərb dövlətləri indiyədək olduğu seçkilər kimi Gürcüstanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində də bu ölkədəki “öz adamlarının” fəaliyyətini açıq şəkildə stimullaşdırırlar. Hətta bəzi bəd proqnozlar da səsləndirilməkdədir. Ancaq gürcü xalqı öz maraqlarını kiminsə istəyinə qurban vermək niyyətində deyil.
Xatırladaq ki, qonşu ölkədə parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Əsas mübarizə iqtidardakı “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası ilə müxalifətdəki Milli Hərəkat qüvvələri arasında gedir. Ancaq ortada özünü “radikal müxalifət” adlandıran cəbhə də var. Ekspertlərin fikrincə, iqtidar partiyasının məqsədi hakimiyyətdə qalmaq, “milli hərəkat”ın məramı isə hakimiyyətə gəlməkdir. Özünü “radikal müxalifət” adlandıranların isə ökədə xaos-anarxiya yaratmaqdan başqa bir məqsədləri yoxdur. Gürcüstanda hamı bilir ki, onlar haradan maliyyələşdirilir və kimlər tərəfindən ruhlandırılırlar.
O da məlumdur ki, Gürcüstan hakimiyyəti ölkədə sabitliyin pozulmasına imkan verməyəcək. “Sputnik Georgia” xəbər agentliyi dövlətin bu mövqeyini Baş nazir İrakli Kobaxidzenin dilindən eşitdiyi kimi yayır. Bu agentliyin oktyabrın 24-də saat 14:30-da yaydığı xəbərdən məlum olur ki, ölkədə vəziyyət nəzarət altındadır.
Baş nazir deyib: “Hüquq-mühafizə orqanlarının yorulmaz fəaliyyəti nəticəsində Gürcüstanda vəziyyət sabitdir. İki gündən sonra Gürcüstanda olduqca mühüm, prinsipial əhəmiyyət kəsb edən parlament seçkiləri keçiriləcək. Mən məmnuniyyətlə demək istərdim ki, həmin seçkilərin heç bir insidentsiz, sakit şəkildə keçəcəyinə inanıram. Çünki, bu, çox mühüm məsələdir”.
Gürcüstan hökumətinin başçısı əlavə edib ki, biz lazım olan bütün addımları atmalıyıq ki, seçkilər məhz xalqın istədiyi şəkildə keçsin və sabit vəziyyətdə başa çatdırılsın.
İttifaq MİRZƏBƏYLİ