8 vətəndaşımız repatriasiya edilib

post-img

Azərbaycan Respublikası Hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 2024-cü il sentyabrın 18-də Suriya Ərəb Respublikasından 6 nəfər, oktyabrın 7-də isə İraq Respublikasından 2 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycan Respublikasının həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Nazirlikdən o da bildirilib ki, Azərbaycan Respublikası Hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Siyasət