Dörd il öncə, elə bugünlərdə Fransa və ABŞ başda olmaqla bəzi Qərb ölkələri torpaqlarını yağı düşməndən azad etmək üçün ölüm-dirim savaşı aparan ordumuzun müzəffər yürüşünü dayandırmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırdılar. Onların bu məqsədə nail olmaq üçün atmadıqları siyasi-diplomatik addım və böhtan qalmadı. Müharibənin gedişində Azərbaycan tərəfdən, guya, Suriyadan və Yaxın Şərqin digər yerlərindən olan muzdluların döyüşdüyünü də Fransa media orqanları uydurmuşdu. Rəsmi Paris həmin günlərdə ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə qoşularaq ölkəmizə qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul etdirməyə çalışırdı. Amma məlum olduğu kimi, onların cəhdləri heç bir nəticə vermədi və ordumuz başladığı işi uğurla sona çatdırdı.
İkinci Qarabağ müharibəsindən sonra Parisin təqsiri üzündən Fransa–Azərbaycan münasibətlərində kəskin ziddiyyətlər yarandı. Fransanın bölgədəki strateji maraqları, neoimperialist gündəliyi və ölkə daxilində köklü erməni diaspor şəbəkələrinin təsiri Parisi açıq şəkildə erməni mərkəzli mövqe tutmağa vadar etdi. Həmin vaxtdan dörd il ötməsinə baxmayaraq, Fransa anti-Azərbaycan siyasətini daha kəskin, ciddi və sistemli şəkildə davam etdirir. Bu ziddiyyətlər özünü həm də ötən illər ərzində Parisin sözünün keçdiyi, təsir göstərə bildiyi bütün təşkilatlarda Azərbaycana qarşı müxtəlif sənədlərin qəbul olunmasına çalışmasında göstərir. Fransa BMT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT, NATO, UNESCO kimi təşkilatlar çərçivəsində Azərbaycan əleyhinə konkret addımlar atır və təşəbbüslər göstərir. Belə təşkilatlardan biri də Beynəlxalq Frankofoniya Təşkilatıdır (BFT).
Bugünlərdə Parisdə təşkilatın növbəti – XIX sammiti keçirilir. Onun işində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edir. Qeyd edək ki, BFT əsası 1970-ci ildə qoyulan fransızdilli ölkələrin beynəlxalq təşkilatıdır. Onun sıralarında 54 ölkə, dövlətləri və hökumətləri təmsil edən 7 assosiativ üzv, həmçinin 27 müşahidəçi üzv təmsil olunur. Təşkilatın mənzil-qərargahı Parisdə yerləşir. BFT-də təmsil olunmaq üçün əsas meyar bu və ya digər dövlətin əhalisinin fransız dilini bilmə dərəcəsidir. Məlumdur ki, bədnam qonşumuz fransızdilli ölkə deyil. Belə olan təqdirdə Ermənistan ən yaxşı halda BFT-də müşahidəçi ölkə ola bilərdi. Ermənistanın fransızdilli ölkə olmamasına rəğmən təşkilata tamhüquqlu üzv qəbul edilməsi “Fransa ilə onilliklər və hətta, əsrlər boyu inkişaf etmiş mədəni əlaqələrin mövcudluğu” ilə əsaslandırılıb. Digər fransızdilli ölkələr qala-qala BFT-nin XVII sammiti 2018-ci ilin oktyabrında İrəvanda keçirilmişdi.
BFT dörd əsas məqsədə uyğun olaraq, ümumilikdə, 88 dövlət və hökumətə öz siyasətlərini həyata keçirmək və ya möhkəmləndirmək, beynəlxalq və çoxtərəfli əməkdaşlıq etməkdə dəstək verir. Bunlar fransız dilinin təbliğ edilməsi, çoxdilliliyin və mədəni müxtəlifliyin dəstəklənməsi, sülhün, demokratiyanın və insan haqlarının təşviqi, orta təhsil, təlim, ali təhsil və tədqiqatların dəstəklənməsi, davamlı inkişafın xeyrinə iqtisadi əməkdaşlığın inkişafıdır. Ancaq Fransa özfəaliyyəti ilə təşkilatı ilkin məqsədindən uzaqlaşdırmağa, onu daha bir anti-Azərbaycan platformasına və özünün məkrli siyasətinin alətinə çevirməyə çalışır. Aydın görünür ki, Fransa BFT-dən sui-istifadə edir. Təşkilatın son zirvə görüşlərinin yekun sənədinə Azərbaycanla bağlı bəndin daxil edilməsi artıq ənənə halını alıb. Hərçənd ki, heç də həmişə istədiklərinə nail ola bilmirlər. Məsələn, bundan öncə – 2022-ci ilin noyabr ayında qurumun Tunisdə keçirilən sammitində, ölkəmizin üzv olmadığı bir təşkilatda Fransa və Ermənistanın bütün səylərinə baxmayaraq, irəli sürülmüş qətnamədə Azərbaycan əleyhinə bəndlərin əksəriyyəti rədd edilmiş və qətnamə üzrə səylər istənilən nəticəni verməmişdi. Həmin dövrdə bunun qarşısını alan dost Albaniya dövləti olmuşdu.
Prezident İlham Əliyev 2023-cü il iyulun 7-də Bakıda Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuat konfransında bu məsələyə toxunaraq dedi: “Ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bənd əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Məhz Albaniya həmin bəndin qarşısını alan ölkə oldu”. Həmin addımın dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi: “Hətta, Azərbaycanın özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə, biz çox minnətdarıq”.
Fransa və Ermənistan eyni əməllərə BTF-nin 2023-cü il noyabr ayında Kamerunda keçirilən nazirlər görüşündə də yol verməyə çalışdılar. Ölkəmizin həmin ilin sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən sonra bütün beynəlxalq platformalarda ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Paris və İrəvan təşkilatın iclasında bəzi ilkin cəhdlər etsələr də, onların bu səyləri də heç bir nəticə vermədi. Kamerunda Azərbaycanın o dövrdə sədri olduğu Qoşulmama Hərəkatının BFT daxilində qrupunun təsis edilməsi, bu ölkələrin Azərbaycana göstərdiyi dost münasibət Ermənistanın səylərini boşa çıxardı. Nəticədə Paris–İrəvan cütlüyü Fransanın özünün qurub-yaratdığı təşkilatda da növbəti dəfə fiaskoya uğradı.
Ancaq bu da onlara dərs olmadı və nəyahət, BFT-nin Parlament Assambleyası bu ilin iyulunda Azərbaycanı “etnik təmizləmə”də ittiham edən qətnamə qəbul etdi. Dar çərçivədə qəbul edilmiş qərəzli və böhtan xarakterli qətnamə Ermənistan və Fransanın beynəlxalq hüquqa zidd siyasətləri üçün BFT-dən sui-istifadəyə davam etdiklərini göstərdi. Burada gündəmə gələn məsələlərdən biri də Ermənistanın bir tərəfdən sülhdən danışaraq, digər tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olmasıdır. Elə dünən sammit çərçivəsində Belçikanın Baş naziri Aleksandr de Krua ilə görüşən Paşinyan “Azərbaycanın son günlərdəki aqressiv ritorikasından” həmkarına şikayət edib.
Ümumiyyətlə, BFT-nin sammiti ilə bağlı qeyd etmək lazımdır ki, müxtəlif müstəvilərdə Azərbaycana qarşı hibrid müharibə xarakteri alan addımlar atan Parisin “patronajlığı” ilə keçirilən bu tədbir regionda sülh və sabitliyə xidmət edə bilməz. Əksinə, bu sammitdən sonra Ermənistanın mövqeyindəki qeyri-konstruktivliyin güclənəcəyini ehtimal etmək olar.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, sammit çərçivəsində dövlət və hökumət başçılarının keçirdikləri ikitərəfli görüşlərin nəticələri barədə hələlik rəsmi açıqlama yoxdur. Yəni, Fransanın başçılığı altında, necə deyərlər, bir çətir altına yığışanların ölkəmizə qarşı hansısa addım atıb-atmayacaqları məlum deyil. Ola bilsin ki, Azərbaycan əleyhinə hansısa addımlarınn atılması müzakirə olunub, amma bu, ictimailəşdirilməyib: “Amma bir məsələ aydındır. Beynəlxalq Frankofoniya Təşkilatının son illərdə keçirilən sammitləri zamanı Fransa anti-Azərbaycan məzmunlu sənəd qəbul olunmasına çalışır. Düşünürəm ki, budəfəki sammit də bu mənada istisnalıq təşkil etməyəcək. Yəni, tədbirin yekunlarına dair qəbul ediləcək ümumi bəyanat daxilində anti-Azərbaycan xarakterli bəndin olacağı gözlənilir”.
F.Şəfiyevin sözlərinə görə, burada Fransa–Ermənistan sövdələşməsindən söhbət gedir və Beynəlxalq Frankofoniya Təşkilatı artıq Azərbaycana qarşı bir alətə çevrilir: “Qeyd etmək lazımdır ki, bəzi Afrika ölkələri buna qarşı çıxış edirlər. Amma kim çıxış edirsə, onu təşkilatdan çıxarırlar. Ümumiyyətlə, Parisin siyasəti ilə razı olmayan frankofon ölkələr – vaxtilə Fransa imperiyasının müstəmləkələri olmuş hazırkı müstəqil dövlətlər, məsələn, Niger, Burkina-Faso təşkilatdan çıxarılıb. Belə ölkələrin qurumdan çıxarılmasından sonra hansısa sənədin qəbul olunması məsələsində Fransanın imkanları genişlənib. Yəni, daha Parisə mane olan yoxdur. Bu da onu göstərir ki, Ermənistan sözdə sülhdən danışır, amma anti-Azərbaycan fəaliyyətini davam etdirir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə dedi ki, Beynəlxalq Frankofoniya Təşkilatı BMT, ATƏT kimi güclü qurum deyil. Onun sözlərinə görə, BFT-nin qəbul etdiklərini sənəd adlandırmaq da doğru olmazdı: “BMT və ATƏT qətnamə, yaxud məcburiyyət xarakteri daşıyan hüquqi sənəd qəbul etmək gücündədir. Amma BFT-nin qəbul etdiyi bəyanatlar da ölkəmizə problemlər yarada, bu dövlətlərin anti-Azərbaycan siyasətini gücləndirə bilər. BFT sıralarında Azərbaycana dost olan ölkələr var. Onlar bir neçə dəfə Fransa–Ermənistan cütlüyünün ölkəmizə qarşı bəyanat qəbul etməsinə haqlı olaraq əngəl olublar. İndi isə onlar Parisdə toplaşaraq müzakirələr aparırlar. Ermənistan özünü bu quruma dürtüb. Guya, Ermənistan da fransızdilli ölkədir”.
E.Şahinoğlu bildirdi ki, Fransa bu təşkilat vasitəsilə öz maraqlarını həyata keçirməyə çalışır. Amma BFT çərçivəsində Parisin çox böyük nəticələr əldə etməsi mümkün olmayacaq. Çünki beynəlxalq arenada bir çox məsələlər ikitərəfli əsasda qurulmuş müttəfiqlik çərçivəsində həll olunur. Hətta, Rusiya və Çinin formalaşdırdığı Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-də belə bir çox dövlətlərin xarici və təhlükəsizlik siyasətində fərqli maraqları mövcuddur. Hindistan və Çin hər iki təşkilatın üzvüdür, amma fərqli maraqları var: “Eyni sözləri Beynəlxalq Frankofoniya Təşkilatı barədə də demək olar. Məsələ onlarca dövləti bir yerə yığmaqda deyil ki... Onların bir çoxu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən, Parisin siyasətinin əleyhinə olan Afrika ölkələridir. Bu, son illərdə “qara qitə”də baş verən hakimiyyət çevrilişləri və Fransa ilə əlaqələrdən imtinada da özünü göstərir. Yəni, fransız dilində danışmaq hələ bir çox dövlətin ortaq mövqedən çıxış etməsi anlamına gəlmir”.
Fransanın müstəmləkəçilik siyasəti barədə də danışan politoloq bildirdi ki, əsrlər boyu böyük hərbi gücə malik dövlətlər imperiyalarını möhkəmləndiriblər və bu gücün tərkib hissəsi müstəmləkələr olub. Həmin siyasət İkinci dünya müharibəsinə qədər davam edib. Müharibədən sonra müstəmləkələrin öz müstəqlliklərini elan etmələri mərhələsi başlayıb. Nəticədə keçmiş imperiyalardan bir neçəsinin əlində bir neçə kiçik ada dövləti qalıb. Ancaq onlar da tədricən əldən çıxmağa başlayıb.
E.Şahinoğlu qeyd etdi ki, məsələn, Böyük Britaniya illərdir müstəmləkələrindən imtina siyasətinə üstünlük verərkən, Fransa, əksinə, müstəmləklərində hərbi və polis rejimini gücləndirir. Londondan fərqli olaraq, Parisin müstəmləkələrindən imtina etmək fikri yoxdur. Ancaq həmin müstəmləkələri nəzarətdə saxlamaq və oradakı insanların etirazı ilə mübarizə aparmaq Fransaya ildən-ilə baha başa gəlir...
Səxavət HƏMİD
XQ