Dünən Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib.
Məclisdə Seneqaldan, Burkina-Fasodan, Kamerundan, Qvineya-Bisaudan, Konqo Demokratik Respublikasından, Mavritaniyadan, Zimbabvedən, Nigerdən, Fransadan və onun əsarəti altında olan Mayot adasından nümayəndələr, hüquqşünaslar, QHT rəhbərləri, siyasətçilər və ekspertlər iştirak ediblər.
Müzakirələr "Delimitasiyası olunmuş, lakin azad olmayan: neokolonializmin Afrikada yeni təzahürləri", "Afrikanın inkişafı üçün iqtisadiyyatın dekolonizasiyası", "Afrikalıların kimliyin müəyyənləşdirilməsi üçün sosial və mədəni dirçəliş" mövzularında sessiyalarla davam edib.
Mavritaniyalı jurnalist Abdarahman Von bildirib ki, Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrdəndir: “Bu müstəmləkə vəziyyəti qadınlarımızın, uşaqlarımızın ləyaqətlə yaşamalarına imkan vermir. Bizə qarşı diskriminasiya siyasəti həyata keçirilir, qul kimi yanaşılır. İnanırıq ki, müstəmləkəçiliyə qarşı bu mübarizəmizi qazanacağıq”.
Milli Məclisin deputatı Nizami Səfərov deyib ki, insanlıq əleyhinə cinayətlərin konsepsiyası məhz Afrikada hələ də izləri görünən Trans-Atlantik qul ticarəti ilə bağlıdır. İnsanlıq əleyhinə cinayətlərin mənbəyi məhz quldarlıq, Afrikada baş verən qul ticarətidir. Şübhəsiz ki, Fransa bu cinayətin törədilməsində çox fəal rol oynayıb. 1998-ci ildə Qayanadan olan deputat Kristian Tobira Fransa parlamentində səsləndirdiyi qanun layihəsində iki məsələ öz əksini tapmalı idi: Fransanın daxili cinayət qanunvericiliyinə uyğun olaraq quldarlığın, qul ticarətinin insanlıq əleyhinə cinayət kimi tanınması və reparasiya məsələsi, ümumiyyətlə, beynəlxalq müstəvidə reparasiya və kompensasiya. Ancaq çox təəssüf ki, bu məsələ Afrika xalqlarına, Afrika dövlətlərinə münasibətdə qanun layihəsindən kənarda qaldı”.
Malidən olan QHT rəhbəri Kabin Dumbia qeyd edib ki, iqtisadi müstəqilliyi əldə etmək üçün təbii resurslara tam sahib olmaq, istehsal zəncirini qurmaq, yerli istehsalı təşviq etmək zəruridir. Bəzən xarici qüvvələr sülhü təmin etmək və ya terrorla mübarizə adı altında Afrika ölkələrinə müdaxilə edirlər. Konqo Kinşasa Dünyəvilik Evinin rəhbəri Dani Bos Sinqoma Kabaqambe deyib: "Konqo Demokratik Respublikası kolonializm uğrunda mübarizədə həlak olmuş Patris Lubumbanın vətəndir. Neokolonializmlə mübarizə bütün bəşəriyyətin vəzifəsi olmalıdır”.
Mübarizə fəalı Kemi Seba “neoliberalizm” adı altında Qərb dəyərlərinin bir çox ölkələrə yeridildiyini bildirib. Onun sözlərinə görə, Berlin divarının dağıdılmasından sonra Avropa dövlətləri Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri bunu bilir və buna imkan vermirlər: “Azərbaycan hazırda Fransa ilə gərginlik yaşayır. Siz nəzərə alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət çəkirik. Rəsmi Parisin Qarabağla bağlı mövqeyi Afrika ölkələri, Qviana, Martinika və Qvadelupaya münasibətilə daban-dabana ziddir”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov qeyd edib ki, ikili standartların ən çox müzakirə olunan və ən ağrılı tərəfi böyük dövlətlərin kiçik dövlətlərə, ümumiyyətlə, bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli münasibətidir: “İkili standartlara misal kimi ABŞ, Fransa və digər ölkələrin Ermənistan və Azərbaycana qarşı siyasətini göstərmək olar. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımı qadağan edən 907-ci düzəlişi də ikili standartın bariz nümunəsi hesab olunur”.
Sessiyalardan sonra Təşəbbüs Qrupunun illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
XQ