Zəfərin mübarək, Vətən

post-img

Azərbaycan sülh ölkəsidir. Tarixin bütün dövrlərində birgəyaşayış, digər xalqlara ehtiram, multikultural kimi üstün dəyərlər biz azərbaycanlıların həyat tərzi olub. Məhz  yüksək insanpərvərliyimizin nəticəsi olaraq bu coğrafiyada heç vaxt yaşamayan ermənilər Vətənimizə ayaq açmağa başladı. Tarixi torpaqlarımızda qonaq kimi məskunlaşıb bərkişəndən sonra bölgənin başağrısına çevrildilər.
Öz xalqına olan sevgisini digər xalqlara, xüsusilə azərbaycanlılara nifrət üzərində quran ermənilər tarixi torpaqlarımızda soydaşlarımızın qətliamı, qanı üzərində havadarlarının köməyi ilə özlərinə hələ bir dövlət də qurmağı bacardılar. İmperiya  dönəmində yurd yerlərimizin ardıcıl Ermənistana verilməsi prosesi başlandı. Məkrli düşmən və havadarları iş başında, hədəf Azərbaycan ərazisində “Böyük Ermənistan” dövlətinin qurulması planı idi.

Sonrakı illərdə xalqımızın böyük oğlu Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunması düşmənin bütün planlarının üstündən xətt çəkmişdi. Böyük və dahi azərbaycanlının ittifaq rəhbərliyindən istefası düşmənin işinə yarıdı.

Çox keçmədən Qarabağda erməni separatizminin alovunda on minlərlə günahsız soydaşımız həyatını itirdi, 20 faiz torpağımız dünyanın gözü qarşısında işğal olundu, bir milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşdü. Erməni faşizmi qətliam, terrorla bölgəni qan gölünə çevirdi.

Amma Qarabağ probleminin ədaləti həllini üzərinə götürmüş ATƏT, varlığıyla yoxluğu bilinməyən, ikili standartı açıq-aydın fəaliyyətinin prioriteti seçən keçmiş Minsk qrupu və digər beynəlxalq güclər Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi münaqişəni dondurmağa çalışmaqla işğalçıya meydan verirdilər. 

Dağlıq Qarabağ probleminin hərblə deyil, sülh yolu ilə  həll olunması ilk növbədə Azərbaycan dövlətinin humanizm prinsiplərinə, ümumbəşəri dəyərlərə sədaqətinin göstəricisi idi. Prezident İlham Əliyev diplomatik masalarda ilk gündən  bəyan edirdi ki, Dağlıq Qarabağ ölkəmizin ayrılmaz hissəsi, qırmızı cizgisidir və bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, əks halda, ölkəmiz heç vaxt bu işğalla barışmayacaq. Əslində, uzun müddət davam edən diplomatik təmaslarda dövlətimizin başçısı qarşı tərəfə anlatmağa çalışırdı ki, regionda sülhə ehtiyac var, müharibə olacaqsa, bu, Ermənistanın sonu deməkdir.  Torpaqlarının 20 faizi işğal olunan Azərbaycanın uzatdığı  barış əlinə Ermənistan təmas xəttində yeni təxribatlar, Tovuz istiqamətində mövqelərimizi atəşə tutmaqla, yeni ərazi iddiaları ilə cavab verdi. Beləliklə, beynəlxalq güclərin marionet idarəçiliyində olan Ermənistanın qəbulolunmaz davranışları Cənubi Qafqazda müharibə ilə nəticələndi. 27 sentyabr 2020-ci ildə baş verən silahlı qarşıdurma, təkcə qəhrəman ordumuzun deyil, bütövlükdə xalqımızın xarakterinin və mübarizə əzminin dünyaya nümayişi kimi tarixə həkk olundu. Ordu-Xalq-Lider birliyinin rəmzinə çevrilmiş “Dəmir Yumruğ” un zərbəsi məğlubedilməz kimi təqdim olunan mifləşdirilmiş düşmən ordusunu 44 gün ərzində məhv etdi. Təkcə Şuşa şəhərinin işğalçılardan azad olunmasında süngü və yüngül silahlarla düşmənlə əlbəyaxa döyüşlərə atılmış şərəfli Azərbaycan ordusunun qəhrəmanlığı dünyanın hərb mərkəzlərində hələ də təhlil olunur, bizə oxşamaq, Vətəni biz azərbaycanlılar kimi sevmək aşılanır.

İkinci Qarabağ müharibəsində yaddaqalan və unudulmayan hadisələrdən biri də, hər iki ölkənin cəbhəyə giriş-çıxış yollarında postlar qurması idi. Bizim postlarda duranlar Vətənin müdafiəsi üçün kütləvi şəkildə döyüşə getmək istəyən könüllüləri geri qaytarır, Ermənistan tərəfi isə döyüşdən qaçan fərariləri saxlayırdı. Bu mənzərə  xalqımızın qəhrəmanlığının təsdiqi ilə yanaşı, həm də haqlı olduğumuzun sübutu idi. Qarabağ bizim idi və bizim oldu. Biz təkcə Qarabağı işğaldan azad etmədik, həm də düşmənə yerini göstərdik. Rüsvayçı təslimçilik aktına imza atan düşməni “ Dəmir Yumruq” la başa saldıq ki, bizim qürurumuzla oynamaq heç kəsin həddi üçün deyil! Zatən, bir qərinə düşmən bunu anlamamışdı. Amma diplomatik dildə başa düşməyən rəsmi İrəvan bu həqiqəti gec də olsa hərblə anladı. 
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri  müstəqil Azərbaycanın bütövləşməsi ilə nəticələndi. 

Prezident İlhan Əliyevin siyasətçi kimi qətiyyəti, Ali Baş Komandan kimi  çevik və yerində verdiyi cəsarətli qərarları, Silahlı Qüvvələrimizin peşəkarlığı heç vaxt unudulmayacaq tarixi qələbəmizi rəsmiləşdirdi. 

Ali Baş Komandan İlham Əliyev bölgədə iki əsrə yaxın davam edən  erməni terroruna, zülmünə, separatizminə son verərək təkcə azərbaycanlıların deyil, regionun xilaskarı kimi qəhrəmanlıq tarixi yazdı.

Xankəndidə Azərbaycanla bağlı düz oturub əyri danışan separatçılar tərksilah olunaraq Bakıya gətirildi. Halbuki bizi Bakının işğalı ilə hədələyir, təhdid edirdilər. Azərbaycan bayrağının dalğalandığı binada onların ittiham olunmasına isə sayılı günlər qalıb. Harda yaşamasından asılı olmayaraq müstəqilliyimizin əleyhinə olanların hamısını eyni aqibət gözləyir. Düşmənə göz dağı olan mübarək bayrağımız ölkəmizin hər yerində qürurla dalğalanır, bütövlük də elə budur! 

Eşq olsun, Ali Baş Komandana, eşq olsun, Azərbaycan Ordusuna. Zəfərin mübarək, sevimli Vətən!  Bu gün Liderinlə çox xoşbəxtsən!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
tibb elmləri doktoru



Siyasət