XİN: Paşinyanın Azərbaycan-Ermənistan normallaşma prosesi ilə ziddiyyət təşkil edən açıqlamaları təəssüf doğurur

post-img

Ermənistanın baş nazirinin avqustun 31-də keçirdiyi mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verməsi təəssüf doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş nazirinin mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Mətbuat katibi qeyd edib: “Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu, heç bir halda hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir.

Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasındakı ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

Məhz buna görə də Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Bununla yanaşı, baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. Əvvəla qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, Alma-Ata Bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, bu ölkənin silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid törətdiyini anlamaq çətin deyil.

Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15 faizini təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu, dəfələrlə şişirdilmiş rəqəmdir. Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46 faiz artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir. Bununla yanaşı, Azərbaycanın guya İtaliyadan silah aldığı barədə baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir.

Minsk qrupu ilə bağlı baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan qurumun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcudluğunu nümayiş etdirir.

Ermənistanın baş nazirinin bu problemləri gözardı edilə biləcəyi ilə bağlı məntiqi bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir.

Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübuta yetirmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri, eyni zamanda, real addımlar ilə hörmət etdiyini göstərməlidir”.

Siyasət